Daha bir futbol həftəsini geridə qoyduq.
“Football-plus.az” olaraq arxada qalan həftənin sitatlarını diqqətinizə çatdırırıq:
Canni İnfantino, FİFA-nın prezidenti: “Futbolda yaşıl meydanda və ondan kənarda təcavüzə yer yoxdu. Fransanın Marsel şəhərində yerli komanda ilə “Lion” arasında keçirilməli olan matçdan əvvəl başverənlərə bizim idmanda və cəmiyyətdə yer ola bilməz. Səlahiyyətli orqanları matlardan əvvəl və sonra asayişi tam təmin etməyə çağırıram. Futbolda istisnasız hər kəs bu oyundan zövq almaq üçün təhlükəsiz vəziyyətdə olmalıdı”.
Yürgen Klopp, “Liverpul”un baş məşqçisi: “O, bu məsələyə görə heç vaxt yanıma gəlməyib. Getmək istədiyini desəydi, onu yolundan saxlamazdım (bir müddət əvvəl “Əl-İttihad”ın Salah üçün 100 milyon avrodan çox pul təklif etməsi haqda xəbər yayılmışdı – R.Y.). Təklif haqda heç nə bilmirəm, amma fərqi yoxdu, Məhəmməd Salah bizimlədi”.
Rafael van der Vaart, Niderland yığmasının sabiq yarımmüdafiəçisi: “Ten Haq “Mançester Yunayted”i çalışdıra bilmir. Xüsusilə də, onun nə qədər pul xərcləməsinə icazə verildiyini nəzərə alsaq”.
Lionel Messi, “İnter Mayami”nin hücumçusu: “Mən həmişə demişəm ki, ən vacib qollar Çempionlar Liqasının, dünya çempionatının finalında vurulan qollardı. Amma Çempionlar Liqasının yarımfinalında “Santyaqo Bernabeu”da “Real”a 2:0 hesabı ilə qalib gəldiyimiz oyunda vurduğum qolu həmişə xatırlayıram (Messinin formasını geydiyi “Barselona” turnirin 2010/11 mövsümündə “Real”ı 2:0 və 1:1 hesablarıyla üstələyərək finala çıxmışdı – R.Y.). DÇ-2026-da iştirak edəcəyəm? O vaxt mənim neçə yaşım olacağını nəzərə alsaq, bu, çətin görünür. Amma yaşayıb görəcəyik...”
Kristof Fröynd, “Bavariya”nın idman direktoru (komandanın Almaniya kubokunda “Saarbrükken”ə uduzaraq mübarizəni dayandırmasına reaksiyası): “Bu, sadəcə, qəbuledilməzdi! Komandanın ilk hissədə necə zəif oynadığını başa düşə bilmirəm. Cəsarət, sürət, aqressivlik yox idi. “Bavariya” belə oyunla heç bir ciddi rəqiblə rəqabət apara bilməyəcək. Böyük bir məyusluq...”
Fransisk, Roma Papası: “Futbol tarixinin ən yaxşı oyunçusu kimdi – Messi, yoxsa Maradona? Mən onlardan heç birini seçməzdim, Peleni seçərdim. Maradona əla oyunçu idi, lakin bir insan kimi uğursuz oldu. Messi çox güclüdü. O, centlmendi. Amma mənim üçün ən böyük futbolçu Peledi. Mən onunla söhbət etmişəm. Pele ilə Buenos Ayresdə olarkən təyyarədə tanış olmuşdum. O, böyük adam idi. Bu futbolçuların üçü də futbolda sözünü deyib. Onların hər birinin özünəməxsus xüsusiyyətləri var”.
Devid Bekhem, “İnter Mayami”nin həmsahibi: “Onun “İnter Mayami”nin oyunçusu olduğunu və şəhərimizdə yaşadığını əlavə etmək xüsusilə xoşdu. Messi “Qızıl top”u komanda yoldaşları və ailəsi ilə özünəməxsus şəkildə qeyd edəcək. Mayamidə bu uğurunu qeyd etmək üçün əlimizdən gələni edəcəyik. Əminəm ki, yaxşı bir məclis keçirə bilərik”.
Laşa Salukvadze, Gürcüstan yığmasının sabiq müdafiəçisi: “Mən çox sevinirəm ki, bizim belə futbolçumuz var. Onun üçün hələ hər şey irəlidədi. Xviçanın Avropa karyerası yenicə başlayıb. Kvaratsxeliyanın Kaxa Kaladzeni arxada qoyaraq Gürcüstan tarixinin ən yaxşı futbolçusu olmaq imkanı var”.
Erik ten Haq, “Mançester Yunayted”in baş məşqçisi (İngiltərə Liqa kubokunun 1/8 final mərhələsinin “Nyukasl” ilə oyunu ərəfəsindəki fikirləri): “Mançester Yunayted” üçün hər növbəti oyun böyük ümidlər və müvafiq risklərlə gəlir. Hər gün bu klubla əlaqəli hər kəsə təzyiq edilir. Ancaq bunlar yerli tələblər və standartlardı. İnanıram ki, özümüzü real olaraq göstərə bilməyimiz an məsələsidi. O an gələcək, əminəm. “Yunayted”in uğuru hələ qarşıdadı. Oyunumuzu yaxşılaşdıracağıq”.
Kevin de Bruyne, “Mançester Siti”nin yarımmüdafiəçisi: “Artıq üç aydı zədəliyəm. Buna baxmayaraq, əhvalım yaxşıdı. Ona görə ki, müalicəm plana əsasən gedir. Ancaq mənə sıraya nə vaxt dönəcəyim, yenidən futbol oynayacağım tarix deyilməyib. Tam sağalandan sonra hər şeyin qaydasında olacağına ümid edirəm. Mən həddən artıq oyun keçirdiyim üçün zədələndim. Bəzi oyunlara yüngül zədə ilə çıxdığımı da deməliyəm”.
Françesko Totti, “Roma”nın sabiq hücumçusu: “Müəyyən rol üçün “Roma”ya qayıtmaq istərdim. Və Mourinyo ilə birgə işləmək istərdim. Ona “1 nömrə”kimi böyük hörmətim var. Jozenin rəhbərliyi altında oynamaq imkanımın olmamasına görə təəssüflənirəm. “Roma”da hər kəs lazım gələrsə, yardım əlimi uzatmağa hazır olduğumu bilir. Bu klubda hər şey üçün darıxıram. Təlim-məşq toplanışı, paltardəyişmə otağı, futbolka və masaj otağı üçün darıxıram. Yoldaşlarımla birgə barda və kafedə dincəlmək, məşq bazasından avtobusla stadiona yollanmaq. Mən uzun illər bunlarla yaşamışam...”
Rodriqo Qoes, “Real”ın hücumçusu: “Tanrıya, ailəmə, dostlarıma, azarkeşlərə və kluba bağlı olan hər kəsə minnətdaram. Artıq müqaviləni yeniləmişəm və “Real”da 2028-ci ilə qədər oynayacağam. Bizi qarşıda böyük tarix gözləyir. “Real”, mən səni sevirəm!”
Maurisio Pinilya, Çili yığmasının sabiq hücumçusu: “MLS-də çıxış etməklə “Qızıl top”u qazanırsızsa, bu, hamımızın ağlımızı itirdiyi və ya ABŞ çempionatının dünya idmanında aparıcı gücə çevrildiyi deməkdi. Messinin növbəti uğurunu dünya çempionu olması təmin etdi”.
Luis Enrike, PSJ-nin baş məşqçisi: “Əlbəttə, “Qızıl top”a sahib çıxmaq üçün fərdi planda yüksək göstəricilərdən başqa klub və milli komanda ilə uğur qazanmaq da lazımdı. Biz PSJ-lilər mümkün qədər çox titul qazanmağa çalışırıq. Amma Mbappedən Fransa yığması ilə də uğura nail olmaq tələb olunur. Onun bir neçə dəfə “Qızıl top”u qazanacağına əminəm. Buna şübhəm yoxdu”.
Fransisk, Roma Papası: “Mən onlardan heç birini seçməzdim, Peleni seçərdim”.
LİBERTADORES KUBOKU
Final: Boka Xuniors (Argentina) – Fluminense (Braziliya) 1:2, əlavə vaxtda (Advinkula, 72 – Kano, 36. Kennedi, 99).
RAMİL YUSİFOV