Oktyabrın 31-də ölkə futbolunda daha bir qalmaqala şahidlik etdik.
Belə ki, 2-ci liqanın 9-cu turunun “Göygöl” – “Sheki City” matçında vəziyyət o qədər gərginləşdi ki, baş hakim Rövşən Rəcəbov 83-cü dəqiqədə oyunu dayandırmalı oldu. Buna səbəb isə referinin meydan sahibi komandanın futbolçularına ikinci hissədə 3 qırmızı vərəqə göstərməsindən sonra yaranan münaqişə olub.
Yeri gəlmişkən, AFFA İntizam Komitəsi yarımçıq qalan oyuna görə “Göygöl”ə texniki məğlubiyyət verməklə yanaşı, 500 manat cərimə də kəsdi. Qalmaqalla bağlı göygöllülərin rəhbəri Surxay Məmmədzadə ilə əlaqə saxladıq:
“Əslində bütün bu gərginliyin yaşanmasının səbəbkarı hakimin özüdü. Çünki onun bizim komandanın oyunçularına münasibətdə qərəzli davranışı futbolçuları və azarkeşləri özündən çıxarırdı. Daha sonra arenadakı fanatlar da referini söyməyə başladlar. Biz bunun qarşısını almağa çalışsaq da, alınmadı. Rövşən Rəcəbov da oyun zamanı təhqiramiz ifadələr işlətdi. Bunu oyunçular, hətta polislər də gördü. Yəni bu məsələyə aid sübutlarımız var. Hakim özü də söydüyünü təsdiqlədi. Lakin matçı izləyən AFFA nümayəndəsi Yavər Rəhimov söyüşü eşitmədiyi üçün bunu qeydə almadı. Bizim də istəyimiz ölkə futbolunda belə halların yenidən yaşanmamasıdı. Çünki bu da futbolumuzun inkişafına xələl gətirən amillərdən biridi. O hakimin adı daha əvvəl də müəyyən qalmaqallarda hallanıb. Biz klub olaraq, İntizam Komitəsinin verdiyi cəza ilə də razıyıq. Ancaq hakimin də cəzalanmasını istəyirik”.