Ötən mövsüm Region Liqasının finalında oynayan "Çinar-Zəngilan" yenə iştirakçılar sırasındadı.
Komandanın baş məşqçisi Anar Dünyamalıyevlə qarşıya qoyulan hədəflərlə bağlı söhbət etdik.
- Ötən mövsüm turnirin finalında oynasaz da, nə 1-ci, nə də 2-ci liqaya buraxıldız. O zaman belə açıqlama vermişdiniz ki, əziyyətimizi yerə vururlarsa, 2-ci liqada belə iştirakımıza icazə verilmirsə, Region Liqasında çıxış etməyəcəyik. Qərarınızı dəyişməyə nə vadar etdi?
- Bəli, ötən mövsüm finala yüksəldik. 1-ci və ya 2-ci liqada çıxış edəcəyimizi gözləyirdik. Bunu da haqq etdirdik. Amma imkan verilmədi. Sonra AFFA-ın baş katibi Sərxan Hacıyev bizi qəbul etdi, xeyli söhbət etdik, bizə ürək-dirək verdi. Məhz ondan sonra qərarımızı dəyişərək yenidən, daha böyük iddia ilə turnirdə iştirak etməyi qərarlaşdırdıq.
- Bu mövsüm qarşınıza hansı hədəflər qoyulub?
- Əsas hədəfimiz çempionluqdu. Birinci yeri tutmaqla 2-ci liqaya vəsiqəni təmin etmək, "Çinar-Zəngilan"ı daha da inkişaf etdirmək, böyük uğurlara sahib olmaq istəyirik.
- Dediklərinizə nail olmaq nə dərəcədə realdı?
- Düşünürəm ki, bunu bacaracağıq. Ötən mövsüm də çoxları boyumuzdam daha yüksək tullanacağımızı gözləmirdi. Amma biz özünəinam sayəsində və meydanda əzmlə döyüşərək finala qədər gəlib çıxdıq. Odu ki, ötən il yaxşı təcrübə topladıq, heyətimizi də, demək olar ki, qoruyub saxlamışıq. Bu mövsüm də güclüyük. Hələ ki doğma rayonumuzda yenidənqurma işləri aparıldığından Bakıda məskunlaşmışıq. Odu ki, Paytaxt və Şimal zonasında yer almışıq. Qrupumuz yaxşıdı. Əsas odu ki, uzaq səfərlərə yollanmayacağıq. Bununla həm büdcəmizə, həm fiziki gücümüzə, həm də vaxtımıza qənaət edəcəyik.
- Maliyyə məsələləri ilə bağlı vəziyyət necədi?
- Ötən il necə idisə, bu gün də elədi. Əsasən bizə dəstək olan zəngilanlı iş adamı Xaliq müəllim və Astaradan olan dostumuz Kamran Qəhrəmanov köməyini əsirgəmir.
- Bəs Zəngilanın icra başçısından dəstək gözlənilirmi?
- Xeyr.
ABDULLA İSMAYILOĞLU