Ortaq fikir: De Byazi getsə, yığma daha yaxşı oynaya bilər!

20.10.2023 18:30 233
Yığma / Manşet
Yığmamız bazar ertəsi doğma meydanda Avstriyaya minimal hesabla uduzdu.

Ölkənin əsas komandasının qələbə qazanması real olmasa da, bu rəqibdən ən azı 1 xal almaq mümkün idi. Bəs yığmanın məğlubiyyətinin əsas səbəbi nədi? Estoniyadakı uğurun davamını niyə gətirə bilmədik? Oyunla bağlı bu sualları iki mütəxəssisə və bir jurnalistə ünvanladıq.

Vaqif Cavadov:
"İki oyunu nəzərə alsaq, estonlarla görüşdə qələbəni çoxlarımız gözləyirdi və bunu gerçəkləşdirdik. Baxmayaraq ki, 2-ci hissədə müəyyən çətinliklər yaşadıq. 3 xal qazanmağımız çox vacib idi. Avstriya ilə matçda məğlub olsaq da, oyuna pis başlamamışdıq. Amma bəzi futbolçuların zəif çıxışı qarşılaşmaya təsirini göstərdi. Qol imkanlarımız olsa da, onlardan istifadə edə bilmədik. Qarşıda daha iki oyun var. Nəticələrin necə olacağını zaman göstərəcək. Əsas odu ki, bu seçmə mərhələdəki səhvlərimizdən nəticə çıxarmaqla qarşıdakı turnirə daha yaxşı hazırlaşaq".


Novruz Əzimov:
"Avstriya əsas oyunçularını ehtiyatda saxlamışdı. Fasilədən sonra onları meydana buraxmaqla ağırlığını ortaya qoydu. Qapımıza qolu da məhz meydana sonradan çıxan Zabitser vurdu. Rəqibin heyətində keyfiyyətli oyunçular çox idi. Amma düşünürəm ki, avstriyalılarla daha yaxşı oynamaq və heç-heçəyə nail olmaq olardı. Toral Bayramov özünü yaxşı tərəfdən göstərənlərdən idi. Sonda yüzfaizlik qol imkanı da yaxaladı. Amma fərqlənə bilmədi. Hesab edirəm ki, o, bu görüşdə komanda yoldaşlarından lazımi qədər dəstək almadı. Yığmamızda inkişaf istəyiriksə, dəyişikliklərə getməliyik. Qazaxıstan, Lüksemburq seçmələrindən nümunə götürməliyik. Odu ki, Canni de Byazini yola salmağın vaxtıdı. Mən demirəm ki, pis məqşçidi, savadı, uğurları yoxdu. Amma o insan Azərbaycan millisinə xeyir verə bilmədi. Hesab edirəm ki, gənc, yerli məşqçilərimizə şans verməliyik. Təbii ki, klublarımızın da üzərinə çox iş düşür. Hər bir komanda yerli futbolçuları yetişdirməli, inkişaf etdirməlidi".


Elçin Cəlilov:
"Millimizin qrupda vəziyyətinin yaxşılaşması özündən asılıdı. Nəzərə alaq ki, hələlik 3-cü yer uğrunda mübarizədə şanslarını qoruyur. Bunun üçün İsveçi məğlub etmək, digər oyunlarda da xal və xallar qazanmaq lazımdı. Amma ümumi anlamda götürsək, yığmamıza yenilik gətirilməli, hazırkı idarəçilik dəyişməlidi. Həmişə demişəm, yenə də təkrarlayıram: millidəki hazırkı nəsil futbolçularımız tariximizin güclü oyunçularıdı. Yəni komanda halında effektli, hazırlıqlıdılar. Deyərdim ki, smart futbol sərgiləyirlər. Sadəcə, hazırkı heyəti qorumaq və uğurlu seleksiya işləriylə bir qədər də gücləndirməliyik. Bu ifadəmlə əvvəlki illərin futbolçularının performansını, yığmadakı əziyyətini qətiyyən yerə vurmaq istəmirəm. Əlbəttə, ayrı-ayrı dövrlərdə yığmamızda yaxşı oyunçular var idi, hətta onlar fərdi keyfiyyətlər baxımından bir çox indiki milli üzvlərini üstələyiblər də. Amma komanda şəklində hazırkı oyunçularımız daha effektlidi və smart futbol sərgiləyirlər. Növbəti seçmə mərhələnin planları düzgün qurulmalıdı. Canni de Byazini yola salandan sonra daha uğurlu, iddialı baş məşqçini komandanın “sükanı arxasına” gətirmək lazımdı. Qazaxıstanın baş məşqçisini nümunə götürək. Maqomed Adiyev məşhur mütəxəssis deyil, amma nəticə qazanmaq, özünü doğrultmaq üçün istəkli, futbol elementlərini yaxşı bilən məşqçidi. Bizə belə baş məşqçilər lazımdı. Eləcə də aşağı yaş qrupları üzrə millilərimizin vəziyyəti yaxşı deyil. Bütün yaş qruplarını fərqli və özünü doğruldan iradəetməyə salmaq lazımdı. Oyunçu potensialımız var. Amma idarəçilik, seleksiya işlərindəki yanlışlıq inkişaf etməyə imkan vermir. Bu gün ölkə futbolunda futbolyönümlü proseslər getmir".


Jurnalist həmkarımız Toral Bayramovun yüzfaizlik qol imkanını qaçırmasından da danışdı:
"Bu gün Toral Bayramovu real qol imkanını qaçırdığına görə çoxları qınayır. Amma düşünmürəm ki, futbolçu məsuliyyətsizlikdən, təcrübəsizlikdən dolayı qeyri-dəqiq zərbə ilə yadda qaldı. İnanmıram ki, hər hansı belə fürsəti qaçırmaq istəsin. Zatən “hər epizod qolla nəticələnməlidi” deyə prinsip yoxdu. Sadəcə, oyun ərzində belə qol vəziyyətləri çox yaradılmalıdı. Burda baş məşqçinin oyunu hansı sxem üzərində qurması da böyük rol oynayır. Düşünürəm ki, nə qədər çox qol vəziyyəti yaratsaq, futbolçularımız son nöqtəni qoymaqda bir o qədər effektli olacaq".


ABDULLA İSMAYILOĞLU