Amerikalı basketbolçu Mayk Uilyams avtomobilə atəş açdığına görə 28 illiyə azadlıqdan məhrum olunmaq təhlükəsi ilə üzləşib.
"Football-plus.az" xəbər verir ki, ESPN-in yaydığı məlumata görə, martın 28-də idmançı onun evindəki mübahisədən sonra ayrılıb getmək istəyən 5 dostunun olduğu avtomobilə tapançadan atəş açıb. Polis Maykın evində axtarış zamanı iki tapança tapsa da, atəşin açıldığı silah yoxa çıxıb. Oktyabrın 10-da keçirilən məhkəmə iclasında Uilyamsa silah tətbiq etməklə hücumla bağlı 5 ittiham irəli sürülüb.
Uilyams günahını boynuna almayıb. Dairə prokurorunun müavini Corc Modlin hakimə bildirib ki, iclas vaxtı bəzi tamaşaçılar jestlərlə şahidlərə hədə-qorxu gəlib.
19 yaşlı basketbolçu 2024 draftının 1-ci mərhələsində seçilməyə namizəd idi. O, ötən mövsüm “San-İsidro”nun heyətində keçirdiyi 27 oyunda orta hesabla 23,8 xal toplayıb və 9,2 ötürmə verib.