İngiltərə çempionatının 8-ci turunun mərkəzi oyununda “Arsenal”a 0:1 uduzan “Mançester Siti” beynəlxalq fasilə ərəfəsində liderliyi itirdi.
Xosep Qvardiola çempionatda ardıcıl iki oyunda məğlub olub, bunun üzərinə Liqa kubokunda “Nyukasl”dan alınan yenilgini də gəlsək, belə görünür ki, komanda böhran yaşayır. “Şəhərlilər”in büdrəmədən irəlilədiyi yeganə turnir Çempionlar Liqasıdı. Onlar “Srvena Zvezda” ilə “Leyptsiq”i eyni hesabla (3:1) məğlub edib. Pepin komandası İngiltərədaxili turnirlərdə niyə büdrəyir? Sistem böhranıdı, yoxsa hadisələrin təsadüfi axarı?
MS-nin 2023/24 mövsümündə statistikası
turnir qələbə heç-heçə məğlubiyyət
İngiltərə çempionatı 6 0 2
Liqa kuboku 0 0 1
İngiltərə Superkuboku 0 1* 0
Çempionlar Liqası 2 0 0
UEFA Superkuboku 0 1** 0
* əsas vaxtda heç-heçə, penalti seriyasında məğlubiyyət.
** əsas vaxtda heç-heçə, penalti seriyasında qələbə.
Əvəzolunmaz fiqur
Çox maraqlıdı: komanda Rodrinin oynadığı bütün matçlarda qalib gəlir, oynamadığı bütün matçlarda uduzur. Və bu statistika təsadüf deyil. Rodri Qvardiolanın karuselinin məhək daşıdı, komandanın qalan oyunçuları onun ətrafında fırlanır. “Siti”nin uğursuz seriyası məhz dayaq yarımmüdafiəçisi cəzalanandan sonra başladı: komanda əvvəlcə “Nyukasl”a uduzmaqla (0:1) Liqa kubokundan çəkildi, ardından “Vulverhempton” (1:2) və “Arsenal” məğlubiyyətləri (0:1) gəldi. Son iki oyunun arasına Çempionlar Liqasında “Leyptsiq”lə qarşılaşma düşdü, Qvardiolanın komandası 3:1 qalib gəldi, Rodri 90 dəqiqə oynadı.
Baş məşqçinin problemi ondan ibarətdi ki, Rodrisiz oynamağın yolunu hələ də tapa bilməyib və bu qətiyyən şişirtmə deyil. İspaniyalı 2019-cu ildə Dumanlı Albiona köçəndən sonra dərhal əsas heyət oyunçusu olmadı. O, yalnız son iki mövsümdə ən yaxşı formasına qovuşub – Qvardiolanın tələblərinə uyğunlaşmaq üçün vaxt lazım idi. 2021/22 mövsümündən Rodri meydanda keçirdiyi dəqiqə sayına görə sabit şəkildə “Mançester Siti” futbolçularının “top-3”ünə daxildi. Ötən mövsüm ispaniyalı “şəhərlilər”in heyətində hamıdan çox – 36 oyun keçirdi. “Opta”nın statistikasına görə, Podri “Siti”yə keçəndən bəri Pepin komandası onsuz meydana çıxdığı 16 oyunun 6-da uduzub.
Qvardiola ispaniyalı yarımmüdafiəçisiz oynamağa öyrəşməyib. İş ondadı ki, Rodri Mançesterdə keçirdiyi illər ərzində yalnız bir dəfə - debüt mövsümündə zədələnib. O, cəzalanana qədər hətta oyun sayına görə yorğunluqdan da gileylənmişdi:
“Ötən mövsüm neçə oyun keçirdiyimi dəqiq xatırlamıram. Ancaq yayda bu mövzuda həkim və məşqçi ilə söhbətim oldu. Bu qədər oynamaq sağlamlıq baxımından normal deyil. Bu şəkildə bir mövsümə dözmək olar, ancaq iki-üç il davam edirsə, komanda problemlə üzləşə bilər: belədə formanı yüksək səviyyədə saxlamaq mümkünsüzdü. Ötən mövsüm bədənimi son həddə qədər istismar etdim. Bir tərəfdən, üç titul uğrunda mübarizə apardığımızı anlayırdım. Digər tərəfdən, hər mövsüm belə davam edə bilməz”.
Belə düşünmək olar ki, “Siti”nin heyəti premyer-liqada ən yaxşılardandı və bir futbolçunu cəza müddətində əvəz etmək çətin deyil: Fillips, Kovaçiç, Mateuş Nuneş var. Qvardiola bu futbolçuları ən müxtəlif şəkildə sınadı, ancaq hər biri Rodriyə uduzur.
Onu da unutmayaq ki, De Bruyne ilə Stounz – Pepin sisteminin digər vacib fiqurları da zədə üzündən komandaya yardım edə bilmir. İngiltərəli “Arsenal”la oyunda sonradan meydana çıxdısa və tezliklə forma yığacaqsa, belçikalı bu il heç oynamaya bilər. Düzdü, Qvardiola bu labirintdən çıxış yolunu tapıb – De Bruynenin yerini artıq Alvares tutub. Argentinalı premyer-liqada keçirdiyi 6 oyunda 3 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Faciə deyil2016-da “Siti”nin “sükanı arxasına” keçən Qvardiola bu müddətdə yalnız üç dəfə ardıcıl iki premyer-liqa oyununda uduzub. İlk uğursuz təcrübə 2016/17 mövsümünə aiddi. Onda “şəhərlilər” dekabra pis başlamış, əvvəlcə “Çelsi”yə (1:3), ardından “Lester”ə (2:4) uduzmuşdu. Bu seriyanın ardından çempionatda yalnız üç dəfə büdrəyən komanda Qvardiolanın debüt mövsümündə 3-cü yeri tutdu. Düzdü, çempion “Çelsi” ilə xal fərqi yetərincə böyük (15) idi. 2018/19 mövsümündə də Qvardiolanın komandası dekabrda uğursuzluğa düçar oldu. Amma bu dəfə ayın əvvəlində yox, axırında. “Kristal Pelas” və “Lester” “Siti”ni uyğun olaraq, 3:2 və 2:1 hesabıyla məğlub etdi. Məlum olduğu kimi, bu məğlubiyyətlər komandanın titulu qorumasına mane olmadı.
“Arsenal”la ötən bazar keçirilən oyundan sonra da Pep belə hallar üçün planının olduğunu dedi:
“Ötən tur da “Vulverhempton”a uduzmuşduq, indi ardıcıl iki məğlubiyyətimiz var. İrəlidə yığma oyunları üçün fasilə yaranacaq, ümid edirəm ki, bütün oyunçular düşərgəyə sağlam qayıdacaq. Ondan sonra işi davam etdirəcəyik. Nə etməli olduğumuzu dəqiq bilirik və edəcəyik”.
MS-nin Qvardiola dönəmində 8-ci turdan sonrakı nəticələrimövsüm xal son nəticə
2016/17 19 3
2017/18 22 1
2018/19 20 1
2019/20 16 2
2020/21 12 1
2021/22 17 1
2022/23 20 1
2023/24 18 ?
Bəs sonra?Premyer-liqadakı uğursuz seriya, çətin ki, Pepin komandasını sındıra. Bəli, heç “Arsenal”a məğlubiyyət də oyunun məntiqi axarına uyğun deyildi. Hər iki komandanın ifasında yetərincə məzmunsuz oyun qolsuz heç-heçə ilə bitməliydi. Sadəcə, Qabriel Martinellinin 86-cı dəqiqədəki zərbəsindən sonra Akenin başından səkən top Edersonun qoruduğu qapıdan keçdi. Komandalar ümumilikdə üç dəfə “çərçivə”yə zərbə vurdu. Bu nəticə Qvardiolanın özünəvurğunluq hissini zədələyəcəkmi? Sözsüz. Pep “Arsenal”a premyer-liqada ilk dəfə uduzdu. “Topçular” buna qədər “Siti”ni uzaq 2015-ci ildə məğlub etmişdi. Onda London komandasına Arsen Venger rəhbərlik edirdi, qolları isə Uolkott ilə Jiru vurmuşdu.
Mançester nəhəngini irəlidə çətin qrafik gözləyir – “Brayton”la ev oyunu, İsveçrədə “Yanq Boyz”la qarşılaşma və “Mançester Yunayted”lə derbi. Odu ki, milli komandaların oyunları ilə bağlı fasilə Pep üçün göydəndüşmə oldu. Rodri cəzasını bitirib, Stounz formaya düşür. Artıq “Brayton”la oyunda Qvardiola yeni seriyaya başlaya bilər. Ən azı bunun üçün bütün ilkin şərtlər mövcuddu. Yeri gəlmişkən, İngiltərənin bukmeker kontorları bu gün də “Siti”ni çempionatın favoriti sayır – Qvardiolanın komandasının çempionluğuna 2 əmsal verilir. Elə baş məşqçi də azarkeşləri sakitləşdirməkdədi:
“Məğlubiyyət olan işdi, indi hələ oktyabrdı. Bəzən hətta kimisə özündən irəli buraxmaq yaxşıdı. Heç də ilk dəfə başqa titula iddialılardan geri qalmırıq. Ötən mövsüm bundan da çox geri düşmüşdük. Belə şeylər olur”.