Xatırlayırsızsa, oyundan öncə klub rəsmi məlumat yayaraq azərbaycanlı azarkeşlər üçün 1800 yerin ayrıldığını bildirmişdi. Hətta biletin qiymətinin 22 avro olduğu qeyd olunmuşdu. Düzdü, oyun zamanı ümumilikdə “Ullevi” stadionunda 1000-ə yaxın “Qarabağ” azarkeşi olub. Lakin azərbaycanlılar üçün ayrılmış sektorda bu say 400-ü keçməyib. Höteborqda yaşayan Kənan Rüstəmov qəzetimizə açıqlamasında bunun səbəbini biletin bahalığı ilə əlaqələndirib. O, isveçlilərin özləri üçün ucuz, azərbaycanlılar üçün baha bilet satdığını açıqladı. Sən demə, “Həkken” – “Qarabağ” matçında yerli azarkeşlər üçün biletin qiyməti 5 avro imiş. Bu fərqin nədən qaynaqlandığını klubun mətbuat katibi Anar Hacıyevdən soruşduq. “Köhlən atlar”ın rəsmisi məsələ ilə bağlı “Football-plus.az”a açıqlamasında bunları söylədi:
“Bununla bağlı UEFA standartı var. Rəqib azarkeşlər üçün bilet qiyməti maksimum 25 avro ola bilər. Onlar da azərbaycanlılar üçün biletin dəyərini 22 avro etmişdi. “Ullevi” stadionunun tutumu böyükdü. Ola bilər ki, özləri üçün qiymət endirimi ediblər. Mənim bu barədə dəqiq informasiyam yoxdu. Lakin bizim azarkeşlərimiz üçün satılan biletlərin qiyməti standartlara uyğun idi”.
İLKİN SULTANLI





