“Napoli” ilə Osimhen arasında qalmaqal böyüyür

29.09.2023 21:15 211
Dünya futbolu
Ötən mövsümdəki tarixi çempionluqdan sonra “Napoli”də çətin dönəmlər başlayıb.

"Football-plus.az" xəbər verir ki, komandanın liderləri yeni baş məşqçi Rudi Qarsiya ilə yola getmir. Bu azmış kimi, indi də Viktor Osimhen neapolluları məhkəmə ilə hədələyir. Bilindiyi kimi, son turda - “Bolonya” ilə səfər oyununda (0:0) nigeriyalı forvard 73-cü dəqiqədə penaltidən yararlana bilmədi. Srağagün “Napoli”nin rəsmi “tiktok” səhifəsində bu epizodla bağlı kiçik bir yumoristik video yerləşdirildi. Videoda əvvəlcə Osimhenin hakimdən penalti tələb etməsi, sonra da zərbəni yandan vurması göstərilir. Subtitrlərdə isə “xahiş edirəm, penalti verin” sözü qeyd olunur. Cəmi bir neçə saniyə davam edən bu video daha sonra silinsə də, belə görünür, Osimhenin çox xətrinə dəyib. Çünki 24 yaşlı hücumçusu 3 milyonluq “instaqram” səhifəsindən “Napoli”yə aid olan bütün şəkilləri silib! İndi orda yalnız Nigeriya yığması və onun əvvəlki klublarına aid şəkillər yer alır. Osimhenin meneceri Roberto Kalenda isə “Napoli”nin addımı barədə sərt açıqlamalar verərək bunları deyib: “Klubun “tiktok” səhifəsində baş verən hadisə qəbuledilməzdi. Video Osimhenlə məzələnmək məqsədi daşıyırdı. Gec də olsa, onu sildilər. Bu, çox ciddi hadisədi və Viktorun da nüfuzuna ciddi zərbə vurur. Eyni zamanda son dönəmlərdə klubda ona qarşı olan münasibəti əks etdirir. Biz Osimhenin müdafiəsi üçün hüquqi tədbirlər və istənilən uyğun addımlar atmaq hüququnu özümüzdə saxlayırıq”. Bu arada fanatlar “Napoli”nin “tiktok” səhifəsində daha bir qəribə video tapıblar. Həmin videoda bu futbolçu kokosa (!) bənzədilir.

Klubla futbolçu arasında münasibətlərin qaydasında olmaması “Bolonya” ilə oyunun gedişində bir daha üzə çıxdı. Baş məşqçi Rudi Qarsiya Osimheni 86-cı dəqiqədə Covanni Simeone ilə əvəzləyərkən futbolçu buna sərt şəkildə etiraz etdi. O, nümayişəranə şəkildə əli ilə “2” işarəsini göstərərək Qarsiyadan komandaya qələbə lazım olduğu anda nə üçün 2 hücumçulu taktikaya keçmədiyini soruşdu.

Bundan başqa, İtaliya mətbuatının yazdığına görə, oyundan sonra paltardəyişmə otağında Osimhenlə kapitan Covanni Di Lorentso arasında münaqişə yaşanıb. Hətta “Napoli”nin Osimhenə pul cəzası verəcəyi ilə bağlı söz-söbət də yaranmışdı. Ötən həftə “Cenoa” ilə səfər oyununda komandanın digər lideri Xviça Kvaratsxeliya da əvəzlənərkən Qarsiyaya etirazını bildirmişdi. Osimhenin bu yay Neapolu tərk etmək ehtimalı böyük idi. Amma “Əl-Hilal”ın 130 milyon avroluq təklifi rəhbərliyi qane etməmişdi. Son hadisələrin ardından istedadlı futbolçunun klubdakı gələcəyi sual altına düşüb. Ötən mövsümdəki çempionluqda mühüm rol oynayan Osimhen indiyə qədər “Napoli”də 107 rəsmi oyunda 62 qol, 15 məhsuldar ötürməlik diqqətçəkən performans sərgiləyib.