Hesabat turu cümə günü Antepdə start götürdü.
"Football-plus.az" xəbər verir ki, əvvəlki 5 turdan xalsız ayrılan “Qaziantep” “İstanbulspor”u yenməklə ilk xallarını qazandı. Yeri gəlmişkən, bu, Fatih Təkkənin “İstanbulspor”un başında son oyunu oldu. Ötən mövsüm çox çətin vəziyyətdə qəbul etdiyi komandanı elitada saxlamağı bacaran mütəxəssis dünən öz istəyi ilə istefa verdi. Bu mövsüm hesabında qələbə olmayan iki kollektivdən biri olan “İstanbulspor”u bu gün 3-cü turdan təxirə salınmış matçda “Qalatasaray”la oyun gözləyir. Bu, mövsümdəki 4-cü istefa oldu.
Şənbə günü keçirilən oyunlar heç-heçələrlə start götürdü. Kiçik İstanbul derbisində “Fatih Karagümrük” son saniyələrdə “Pendikspor”dan xal qoparmağı bacardı. Mövsümə uğurlu başlayan debütant “Çaykur Rizəspor” isə “Sivasspor”la “sülh”ə razı oldu. Yeni transfer Yehezkelin qolları ilə “Samsunspor”u evə əliboş yola salan “Antalyaspor”, nəhayət, mövsümdə ilk qələbəsini qazandı. Günün və turun əsas oyunu “Fatih Terim”də keçirildi. Çağdaş Atan bu mövsüm 2-ci dəfə “Qalatasaray”ı büdrədə bilərdi. İlk turda onun çalışdırdığı “Kayserispor” çempiondan xal almağı bacarmışdı. Amma 43 yaşlı mütəxəssis “İstanbul BŞ”nin başında eyni uğuru yaşaya bilmədi. Fasilə ərəfəsində Ziyeş superliqada ilk qolunu vurdusa, 2-ci hissənin əvvəllərində İkardi penaltidən fərqi artırdı. Çox keçmədən müqavilə ilə məhz “Qalatasaray”a məxsus olan və “İstanbul BŞ”də icarə əsasında forma geyən fransalı müdafiəçi Dyubua fərqi minimuma endirsə də, meydan sahiblərini bundan artığına gücü çatmadı. 5 tura 13 xal toplayan “Qalatasaray” sonuncu dəfə bundan daha yaxşı startı 2009/10-da (15 xal) reallaşdırıb.
Bazar günü meydana çıxan İstanbulun digər nəhəngləri də çətinliklə də olsa, hesabına 3 xal yazdı. “Kayserispor”u qəbul edən “Beşiktaş” gözlənilmədən 2-ci hissənin əvvəllərində hesabda geri düşdü. Amma Şenol Günəşin komandası çox tez toparlanaraq Abubakar və Oksleyd-Çemberleynin qolları ilə əzmkar qələbə qazandı. Maraqlıdı ki, bu mövsüm avrokuboklarda artıq 5 qol vuran Abubakar superliqada yalnız indi qol hesabını açdı. Yeni transfer Oksleyd-Çemberleyn isə 6-cı rəsmi oyunda ilk qolunu vurdu. Bu rəqibi ardıcıl 7-ci çempionat oyununda məğlub edən “Qartal”ın superliqada evdəki məğlubiyyətsiz seriyası 17 oyuna çatdı (12 qələbə, 5 heç-heçə). “Fənərbaxça”nın mükəmməl qələbə seriyası Alanyada da davam etdi. Son illər bu rəqibə qarşı səfər oyunlarında problem yaşamayan “Fənər”ə bu dəfə 1 qol kifayət etdi. Fasilə ərəfəsində Cekonun ötürməsindən sonra fərqlənən İrfan Can Kahveci komandasını zirvədə saxladı. Xatırladaq ki, “sarı-lacivərdlilər” mövsümün ilk rəsmi oyununu hələ iyulun 26-da “Zimbru”ya qarşı keçirmişdilər. Artıq sentyabr bitmək üzrədi. Komanda hələ də heç bir oyunda büdrəməyib və qələbə seriyası artıq 12 oyuna çatdı. Hazırda Avropada “Fənərbaxça”dan başqa bütün oyunlarda qələbə qazanmış başqa komanda yoxdu! “Fənər” tarixində cəmi 3-cü dəfə superliqada mövsümə 5 qələbə ilə başlamış oldu. Daha öncə buna 1964/65 və 2009/10 mövsümlərində rast gəlinmişdi. Ən heyrət doğuran fakt isə odu ki, İstanbul nəhəngi bu mövsüm səfərdə keçirdiyi 6 oyunun hamısında qapısını toxunulmaz saxlayıb (top fərqi – 12:0)! Komandanın çempionatda ilk 3 səfər oyununda qol buraxmamasına sonuncu dəfə 1997/98-də Otto Bariçin dönəmində rast gəlinmişdi.
Sonda bir qədər də yığmamızın üzvü Şahruddin Məhəmmədəliyevin debütündən danışaq. “Kasımpaşa” ilə “Adana Dəmirspor”un dueli turun ən qalmaqallı qarşılaşması oldu. Adanalılar üçün səhvlər zənciri 18-ci dəqiqədə başladı. Ərtaç Özbir qapını tərk edərək çıxışda oynamaq istəyərkən ötürmədə səhvə yol verdi və səhvini düzəltməyə çalışarkən cərimə meydançasından kənarda əllə oynadığına görə qırmızı vərəqə aldı. Bu da Şahruddinin debütünə səbəb oldu. Amma qapıçımız “bisimillah” deməmiş qol buraxdı. Həmin standart zərbə Aytac Karanın qolu ilə nəticələndi. Fasilə ərəfəsində bu dəfə adanalıların kapitanı Stambuli sarı vərəqəsi ola-ola, hakimə etiraz əlaməti kimi topu göyə vurduğuna görə qarşısında 2-ci sarı vərəqəni gördü. 2-ci hissənin əvvəllərində digər təcrübəli futbolçu Belhanda penaltiyə səbəbkar oldu. Şahruddin bu dəfə də Aytac Kara ilə dueldən məğlub ayrıldı. Bütün 2-ci hissəni 9 nəfərlə oynamalı olan qonaqların gücü yalnız penaltidən fərqi minimuma endirməyə yetdi. Ümumilikdə Şahruddin pis təsir bağışlamayaraq bir neçə epizodda komandasını xilas etdi. Oyunun son anlarında daha bir maraqlı hadisə baş verdi. Qonaqların sol müdafiəçisi Rodrigesin kobudluğundan sonra final fiti səsləndi. Amma hakim VAR-a baxandan sonra ispaniyalıya da qırmızı vərəqə göstərdi! “Adana Dəmirspor” superliqada son 4 ildə 3 qırmızı vərəqə görən ilk komanda oldu. Sonuncu dəfə 2019-un avqustunda “Qalatasaray”la ev oyununda “Kayserispor”un 3 futbolçusu qovulmuşdu.
6-cı tur
İstanbul BŞ – Qalatasaray 1:2
Dyubua, 64 – Ziyeş, 43. İkardi, 50-p.
Qalatasaray: Muslera, Boe, Sançes, Əbdülkərim Bardakcı, Kazımcan Karataş (Kaan Ayhan, 29), Torreyra, Oliveyra (Kərəm Dəmirbay, 46), Tete (Ndombele, 80), Ziyeş (Zaha, 66), Barış Alpər Yılmaz (Kərəm Aktürkoğlu, 46), İkardi.
Alanyaspor – Fənərbaxça 0:1
İrfan Can Kahveci, 43.
Fənərbaxça: Livakoviç, Osayi-Samuel (Batşuayi, 78), Bekao, Ciku, Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Fred, İrfan Can Kahveci (Mərt Hakan Yandaş, 90+4), Şimanski (Samet Akaydın, 88), Tadiç (Kent, 78), Ceko (Oostervolde, 78).
Beşiktaş – Kayserispor 2:1
Abubakar, 56. Oksleyd-Çemberleyn, 62 – Mane, 47.
Beşiktaş: Mərt Günok, Onur Bulut (Rozye, 73), Bayi, Kolli, Masuaku, Haciahmetoviç, Salih Uçan (Nəcip Uysal, 89), Oksleyd-Çemberleyn (Raşitsa, 73), Gezzal (Dəmir Ege Tıknaz, 73), Cenk Tosun (Zaynutdinov, 79), Abubakar.
Kasımpaşa – Adana Dəmirspor 2:1
Aytac Kara, 25; 51-p. – Yusuf Ərdoğan, 80-p.
Adana Dəmirspor: Ərtaç Özbir, Svensson, Semih Gülər, Qravilyon (Tayfun Aydoğan, 66), Rodriges, Əmrə Akbaba (Dorukhan Toköz, 66), Stambuli, Yusuf Sarı (Şahruddin Məhəmmədəliyev, 23), Belhanda (Nani, 57), Yusuf Ərdoğan, Nianq (Zeneli, 57).
Hatayspor – Trabzonspor 3:2
Rivas, 72. Ze, 88. Dele-Başiru, 90+7 – Vişça, 44. Onuaçu, 62.
Çaykur Rizəspor – Sivasspor 1:1
Vereşanoviç, 35 – Sais, 7.
Pendikspor – Fatih Karagümrük 1:1
Romero, 45+2-öz qapısına – Aysserik, 90+1.
Qaziantep – İstanbulspor 2:0
Draquş, 74. Ayeti, 90+5.
Antalyaspor – Samsunspor 2:0
Yehezkel, 10; 18.
Ankaragücü – Konyaspor 1:1
Bayiç, 3 – Ahmet Oğuz, 28.
1. Fənərbaxça 5 5 0 0 9-3 15
2. Qalatasaray 5 4 1 0 11-3 13
3. Çaykur Rizəspor 6 3 2 1 8-6 11
4. Hatayspor 6 2 4 0 11-6 10
5. Beşiktaş 5 3 1 1 6-5 10
6. Trabzonspor 6 3 0 3 13-9 9
7. Kayserispor 6 2 3 1 7-5 9
8. Konyaspor 6 2 3 1 7-5 9
9. Kasımpaşa 6 2 3 1 10-12 9
10. Adana Dəmirspor 5 2 2 1 10-7 8
11. Alanyaspor 6 1 4 1 6-5 7
12. Ankaragücü 6 1 3 2 8-8 6
13. Antalyaspor 6 1 3 2 7-7 6
14. Fatih Karagümrük 6 1 3 2 4-4 6
15. Sivasspor 6 1 3 2 7-9 6
16. Pendikspor 6 0 4 2 5-12 4
17. İstanbul BŞ 5 1 0 4 3-7 3
18. Qaziantep 6 1 0 5 4-12 3
19. İstanbulspor 4 0 2 2 2-6 2
20. Samsunspor 5 0 1 4 4-11 1
Bombardirlər: İkardi (Qalatasaray) – 6, Tiam (Kayserispor) – 5.
Növbəti turun oyunları sentyabrın 29-u - oktyabrın 2-si aralığında keçiriləcək: Kayserispor - İstanbul BŞ, İstanbulspor – Antalyaspor, Qalatasaray – Ankaragücü, Konyaspor – Beşiktaş, Sivasspor – Hatayspor, Fənərbaxça – Çaykur Rizəspor, Trabzonspor – Pendikspor, Fatih Karagümrük – Kasımpaşa, Adana Dəmirspor – Alanyaspor, Samsunspor – Qaziantep.
Turun rəqəmi
12 – “Qalatasaray” karyerasında 36-cı rəsmi oyununda 32-ci qolunu vuran İkardi adını Türkiyə çempionatı tarixinə yazdırdı. O, start heyətində meydana çıxdığı ardıcıl 12-ci qarşılaşmada fərqlənərək Burak Yılmazın 2011-ci ildə “Trabzonspor”un heyətində müəyyənləşdirdiyi rekordu yenilədi! İkardi ötən mövsümün 29-cu turundan başlayaraq start heyətində ardıcıl “Kayserispor”, “Alanyaspor”, “Beşiktaş”, “İstanbul BŞ”, “İstanbulspor”, “Sivasspor”, “Ankaragücü”, “Fənərbaxça”, “Trabzonspor”, “Qaziantep”, “Samsunspor” və “İstanbul BŞ” ilə oyunlarda fərqlənməklə ümumilikdə 19 qol vurub. Argentinalı bu müddətdə yalnız ötən mövsümün 31-ci turunda “Fatih Karahümrük” (3:3) və bu mövsümün 1-ci turunda “Kayserispor”la (0:0) oyunlarda fərqlənə bilməyib. Amma o, bu qarşılaşmaların hər ikisində sonradan meydana çıxıb.
Turun ulduzu
Aytac Kara (Kasımpaşa) – ilk üç oyun günündə 2 futbolçu dubl etdi ki, onlardan biri də Aytac Kara oldu. Təcrübəli futbolçunun biri cərimə zərbəsindən, digəri penaltidən olmaqla vurduğu qollar iddialı “Adana Dəmirspor”a mövsümün ilk məğlubiyyətini yaşatdı. Yaxın keçmişdə “Qalatasaray”da da forma geymiş 30 yaşlı futbolçu ötən tur Alanya səfərində də fərqlənməyi bacarmışdı.
Turun sitatı
Ərtuğrul Doğan, “Trabzonspor”un prezidenti: “Uğurcan Çakır Türkiyədə “Trabzonspor”dan başqa heç bir klubda oynamayacaq! Onu Türkiyənin başqa klubuna nə biz verərik, nə də özü getmək istəyər. Uğurcan düzgün xarakterli önəmli qapıçıdı, kapitanımızdı. Yalnız Avropadan təklif gəlsə və həmin təklif bizi, eləcə də ailəsini qane etsə, onun getməsinə razılıq verəcəyik. Aramızda bu cür bir anlaşma var”.
Oyundan sonra
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Bu çətin səfər oyunundan 3 xalla ayrıldığımız üçün sevincliyik. Matçın böyük hissəsində üstün futbol sərgilədik. Çox şanssız bir qol buraxdıq. Çünki əvəzetməni vaxtında reallaşdıra bilmədik. Ziyeşi Zaha ilə əvəzləmək istəyirdik. Zahanın barmağında üzük olduğu üçün əvəzetmə gecikdi. Təəssüf ki, Kazımcan Karataş zədələndi. Durumu heç də yaxşı görsənmir. İlk yarıdakı məcburi əvəzetmədən sonra Əbdüllkərim sol cinaha keçdi. 3 xal qazanmağımızdan əlavə oyun planında bəzi məqamlar məni sevindirdi. Həm Əbdülkərim solda yaxşı oynadı, həm Ziyeş oyun qurucusu mövqeyində ümidlərimizi doğrultdu, həm də Kaan Ayhan müdafiənin mərkəzində Sançeslə yaxşı anlaşdı. Komandadan mən də razıyam, fanatlar da. Hər ev oyununda stadionumuzun dolması da bunu göstərir. Bir il ərzində “Qalatasaray”ı fərqli səviyyəyə daşımağı bacardıq. İkardi də artıq fanatlar üçün rəmzə çevrilib. Bütün bunların başında dayanan bir şəxs kimi çox sevincliyəm”.
Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Kayserispor”un ilk 5 turda uduzmaması təsadüfi deyildi. Komanda şəklində yaxşı oynayırlar və rəqib səhvə yol verən kimi sürətli əks-hücuma çıxmağı bacarırlar. Bizə qarşı da belə oynayacaqlarını bilirdik. İlk yarıda tempimiz aşağı idi. Yersiz top itkilərimiz də var idi. Standart zərbədən qol vuracağımızı düşündüyüm anlarda rəqib fərqləndi. Bunu gözləmirdim. Çünki “Kayserispor”un o qədər də ucaboy futbolçuları yoxdu. Amma vəziyyəti xeyrimizə dəyişməyi bacardıq. Oyunçular əlindən gələni etdi. Layiqli qələbə qazandığımızı düşünürəm. Bu mövsüm asan rəqib yoxdu. Hətta “Pendikspor”a da xal verdik. Ona görə də hər oyuna ciddi hazırlaşmaq lazımdı. Çox çətin təqvimdən keçirik. Ən çox səyahət edən komanda bizik. İndi də ayın 27-nə “Adana Dəmirspor”la oyun salıblar. TFF özünə necə uyğundusa, elə də qərarlar verir. Təbii ki, bu qərara əməl etmək məcburiyyətindəyik. Amma düzgün qərar olduğunu düşünmürəm. TFF hər kəsə eyni gözlə baxmalı və ədalətli davranmalıdı. Ümid edirəm ki, bu sözlərimə görə cəzalanmayacam”.
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Asan olmayacağını bilirdik. Rəqibi yaxşı təhlil etmişdik. Daha çox qol vura bilərdik. Fürsətlərimiz var idi. Qapımız önündə, demək olar, ciddi təhlükə yaşanmadı. Yaxşı mübarizə apararaq layiqli şəkildə 3 xal qazandıq. Ardıcıl 12 və ya 15 qələbə qazanmağımızın elə də önəmi yoxdu. Bunlara fikir verməməyə çalışırıq. Pillə-pillə irəliləyirik və qarşıda “İstanbul BŞ”yə qarşı təxirə salınmış oyun var. Hazırlaşmaq üçün vaxtımız elə də çox olmayacaq. Hakimləri diqqətli olmağa çağırıram. Gözünün önündə olan epizodda yanlış qərar vermək düzgün deyil. Hamımız vicdanlı, inanclı insanlarıq. Ümumiyyətlə, hakimlik haqda danışmağı xoşlamıram. Əvvəlki klublarımda da bu mövzuya mümkün qədər toxunmamağa çalışırdım. Sadəcə, hakimlər obyektiv olmalıdı. Ədalətli olsunlar və nəyi görürlərsə, onu da versinlər. Hər halda, rəhbərlik bu mövzuda daha geniş açıqlama verəcək”.