"Zirə"nin Rumıniyanın Oradea şəhərində keçirilən minifutbol üzrə Çempionlar Liqasında uğurlu çıxışla yadda qaldığını bilirsiz.
Bu komanda turnirdə 3-cü yeri tutaraq tarixində ilkə imza atdı. Bakılılar yarımfinalda AEK-i (Ruminiya) də məğlub etsəydi, finala yüksələcəkdi. Amma 1:3 hesablı məğlubiyyət buna mane oldu. Turnirlə bağlı diqqətimizi çəkən başqa məqam da var. Deməli, "Zirə" yer aldığı F qrupunda keçirdiyi hər iki matçda məğlub oldu ("Andezit" - 0:1, "Terra Trak" - 0:2). Hətta bəzi yerli mətbuat orqanları komandanın Çempionlar Liqasında mübarizəni dayandırdığı haqda xəbərlər tirajladı. Ardınca bakılıların 1/8 finala vəsiqə qazandığını öyrəndik. Bu necə baş verdi? Ümumiyyətlə, turnirin qaydaları necədi? Qrup matçlarında məğlubiyyətə baxmayaraq, növbəti mərhələyə vəsiqə qazanmaq üçün hansı reqlamentdən istifadə olunur?
Suallarımızı "Zirə"nin baş məşqçisi Elşad Quliyevə ünvanladıq. Gənc mütəxəssis hər şeyin qaydalar çərçivəsində baş verdiyini bildirdi:
"Turnirdə 26 komanda iştirak edirdi ki, onlar beşində 4, ikisində 3 təmsilçi olmaqla 7 qrupa bölünmüşdü. Düzdü, biz ilk iki oyunda məğlub olduq. Lakin bu, hər şeyin başa çatması deyildi. Çünki 3 komandanın mübarizə apardığı qrupların sonuncusu digərlərindən birinin lideriylə pley-off matçına çıxmalıydı. Bunun səbəbi 4 komandanın mübarizə apardığı qrupların 1 matç artıq oynamasıydı. Daha dəqiq desəm, məqsəd oyun sayını bərabərləşdirmək idi. Belə ki, pley-off sınağında qalib gəlsək, rəqibi mübarizədən kənarlaşdırmaqla yanaşı, növbəti tura yüksələcəkdik. Belə də oldu. "Today Hidrokres"i (Slovakiya) məğlub etdik (3:2). Nəticədə 1/8 finala vəsiqə qazandıq. Şükür Allaha, 3-cü yeri tutduq. Amma ilk iki matçda məğlub olduğumuz üçün növbəti matçlar çox çətin oldu. İstəmədən işimizi ağırlaşdırmış olduq. Xeyli enerji sərf etdik. Əslində daha irəli gedə bilərdik. Çünki qrupdan rahatlıqla çıxsaq, zəif rəqiblərlə qarşılaşacaqdıq. İnanıram ki, növbəti yarışlarda daha yaxşı nəticələrlə azarkeşlərimizi sevindirəcik".
Xatırladaq ki, digər təmsilçimiz "Birbaşa Bakı" 100 faizlik nəticələylə C qrupundakı çıxışlarını lider kimi başa vursa da, 1/4 finalda AEK-ə məğlub olaraq (0:1) mübarizəni dayandırmışdı.
KƏNAN BAHADIR