Türkiyədə 14 ildən sonra “bayraq faciəsi” yaşandı! - “Cümhuriyyətin 100 illik yubileyi, sadəcə, bəhanədi”

9.09.2023 14:12 330
Dünya futbolu / Manşet
Dünən AÇ-2024-ün seçmə mərhələsi çəçivəsində Əskişəhərdə Türkiyə Ermənistanla qarşılaşdı.

Düşünmək olardı ki, Azərbaycanla Türkiyə arasındakı münasibətləri xarakterizə edən “bir millət, iki dövlət” konsepsiyasını bütün dünyaya göstərmək baxımından bundan gözəl fürsət ola bilməzdi. Amma Türkiyə Futbol Federasiyasının bir qərarından sonra, təəssüf ki, bu konsepsiyaya kölgə düşdü. TFF stadiona yalnız Türkiyə bayraqlarını və yığmanın atributlarını keçirməyə icazə verdi. Bu qərarı “absurd” və ya “qalmaqal” adlandırmaq düzgün olmaz. Hər halda, bu, ilk belə hal deyil.

Daha öncə də, məsələn, 2017-də yenə də Əskişəhərdə keçirilən Xorvatiya ilə matçda da tribunada bayraq şousu təşkil olunmuşdu. Amma bu dəfə məsələ bir qədər həssasdı. Çünki rəqib Ermənistandı. Hər halda, TFF anlamalıydı ki, belə rəqiblə oyunda tribunalarda Azərbaycan bayrağı yetərincə çox olacaq. Federasiyanın rəsmi açıqlamasında qeyd olunub ki, “bayraq şousu” Türkiyə Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təşkil olunur. Türkiyə Cümhuriyyətinin rəsmi yaranma tarixi 1923-cü il oktyabrın 29-du. Belədə TFF nədən yubileyə həsr olunan şounu sentyabrdakı ev oyununda etmək qərarına gəldi? Axı oktyabrda da oyun var! Oktyabrın 15-də Adanada Türkiyə - Latviya matçı keçiriləcək. Bu qərarı həmin oyuna saxlamaq, Ermənistanla qarşılaşmada tribunaları Türkiyə və Azərbaycan bayraqları ilə doldurmaq məntiqli olmazdımı?

Son 2-3 gündə sosial şəbəkələrdə bu oyuna bayrağımızın buraxılmaması geniş müzakirə doğurdu. Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası (TADEF) və Əskişəhər Azərbaycanlılar Dərnəyi ümumi bir bəyanat yaydı. Həmin bəyanatda TFF-nin stadiona Türkiyə bayrağından başqa hər hansı bir ölkənin bayrağının, formasının, posterinin gətirilməsi ilə bağlı qoyduğu qadağa qınanıldı. Bəyanatda “ikinci Bursa hadisəsinin yaşanmaması və qardaşlıq bağlarınını zərər görməməsi adına TADEF, Əskişəhər Azərbaycanlılar Dərnəyi və azərbaycanlı soydaşlarımız olaraq bu qərara etiraz edir, stadiona getməyəcəyimizi bəyan edirik” sözlərinə də yer verildi.

Həqiqətən də bu hadisə istər-istəməz 2009-cu ildəki “Bursa faciəsini” xatırladır. O vaxt Bursada keçirilən Türkiyə - Ermənistan matçına Azrəbaycan bayrağının buraxılmaması üçün özünə sözün əsl mənasında əl qatan Bursa valisi Şahabəttin Harputun FETÖ-çü olduğu üzə çıxmışdı. Bəs indi nə məsələdi? İndi kim FETÖ-çüdü? Bu məqamda bəlkə də məsələyə aidiyyatı olmasa da, xatırladaq ki, TFF-nin indiki başqanı Mehmet Büyükekşinin qardaşı, FETÖ-nün “kassiri” olmaqda suçlanan Aydın Büyükekşinin məhkəmə prosesi yalnız bu ilin aprelində yekunlaşdı. Onun günahı sübuta yetirilmədi.

Dünən “Futbol+” olaraq, Əskişəhər Azərbaycanlılar Dərnəyinin əlaqələndiricisi Cavid Əmirovla əlaqə saxlayıb, məsələ ilə bağlı məlumat aldıq. Onun sözlərini olduğu kimi diqqətinizə çatdırırıq:

“TFF bizə diaspor kimi əvvəlcə 100 bilet ayırsa da, boykot məsələsi ortaya çıxdığına görə həmin biletlərin hamısını qaytardıq. Bizim dərnəyin millət vəkili olan üzvü özü şəxsən federasiya rəsmisi ilə görüşdü. TFF bu qərarı Əskişəhər Təhlükəsizlik Komitəsi və İdman Şöbəsi ilə birlikdə qəbul edib. Sadəcə, ortaya əlavə problem çıxmasını istəmədilər. Çünki burda insanlar bu oyunla bağlı pankartlar, şüarlar hazırlamışdılar. Türkiyə hazırda Ermənistanla Azərbaycan arasında barışcıl mövqe tutmaq istəyir. Buna görə də belə addım atıldı. Yəni siyasəti idmandan uzaq tutmağa çalışaraq özlərini yaşana biləcək təxribatdan “sığortaladılar”. Türklər bu baxımdan bir qədər qorxaqdı. Cümhuriyyətin 100 illik yubileyi, sadəcə, bir bəhanədi. TFF bizim nümayəndə ilə görüş barədə heç bir açıqlama vermədi. Bizə ciddi bir səbəb göstərilmədi. Sadəcə, deyildi ki, qərar budu və bu da icra olunacaq! Hətta sizə belə bir hadisə danışım. Burda Ermənistan yığmasının qaldığı oteldə Ermənistan bayrağı da açılmışdı. Otelin önünə gedib bayrağın ordan götürülməsinə çalışdıq. Çoxlu polis də var idi. Otelin nümayəndəsi bizə bildirdi ki, bayrağın açılması ilə bağlı UEFA-nın qanunu var. Soruşduqda ki, sizə bunu kim deyib, cavab verdi ki, ermənilər! Halbuki erməni bəlkə də onların ən son inanacağı insandı. Amma onlara inanıb bayrağın açılmasına icazə veriblər. Bir neçə saatdan sonra, nəhayət nazirlikdən, ordan-burdan soruşdular və gördülər ki, həqiqətən də belə qərar və ya əmr yoxdu”.

Oyundan 2-3 saat öncəyə qədər bayraq məsələsi hələ də həllini tapmamışdı. Sadəcə, Azərbaycan bayrağı ilə stadionun önündə şəkil və video çəkməyə icazə verildi. Cavid Əmirovun dediyinə görə, Əskişəhər İcra Hakimiyyətindən onlara zəng edildi və diaspor üzvləri stadiona dəvət olundu. Amma UEFA-nın tələbinə (!) uyğun olaraq hansısa təxribata yol verilməməsi məqsədilə Azərbaycan bayrağı sona qədər də stadiona buraxılmadı. Hər halda, ən son aldığımız məlumat məhz belədi.

ƏLİ