Yaxınlarda həmkarım Elvin Əhəd sosial şəbəkə hesabında status yazmışdı...
Qeyd edirdi ki, millinin baş məşqçisi Canni de Byazini “ASCO Arena”da, “Səbail” – “Qarabağ” oyunundan əvvəl görüb, ondan bir neçə suala cavab verməsini rica edib. Amma italiyalı mütəxəssis qətiyyətlə bundan boyun qaçırıb, azərbaycanlı idman jurnalistlərinin suallarını cavablamağa həvəs göstərməyib. Çox vacib məqamı elə Elvin bəy də öz statusunda qeyd etmişdi ki, azərbaycanlı jurnalistlərdən qaçan, onlarla danışmağa həvəsli olmayan De Byazi əvəzində ölkəsinin radiolarına, qəzet-jurnallarına, ona sual ünvanlayan saytlarına böyük həvəslə danışır, hər şeyi yerli-yataqlı izah etməkdən çəkinmir.
Bəli, De Byazi Azərbaycan yığmasına başçılıq etdiyi, burda sözün əsl mənasında krallar kimi yaşadığı (bunu özü də İtaliya mətbuatına müsahibəsində fəxrlə deyib) müddətdə belə hallarla dəfələrlə qarşılaşmışıq. Hətta olub ki, italiyalı çalışdırıcı futbolumuzu, milli komandamızın üzvlərini aşağılayacaq fikirlərə də müəlliflik edib.
Məsələn, müsahibələrinin birində Azərbaycan milli komandasının üzvlərini xaraktersizlikdə suçlamasını, futbolçularımızı konkret xaraktersiz adlandırmasını unutmamışıq. Düzdü, mən həmin vaxt futbolçularımızın buna etiraz edəcəklərini, De Byazinin aşkar təhqirinə qarşı səslərini çıxaracaqlarını gözləyirdim. Təəssüf ki, onlar bunu etmədilər. Bir növ də elə isbatladılar ki, De Byazi düz deyirmiş. Sözüm onda deyil.
Demək istəyirəm ki, millimizin baş məşqçisi zaman-zaman belə qalmaqallı fikirlərə müəlliflik etməkdən də çəkinməyib. Sonra da AFFA-nın rəsmi saytına, yaxud da AFFA ilə yaxın olan mətbu orqanlara bildirib ki, fikirləri düzgün anlaşılmayıb. Bununla da söhbət bağlanıb.
Məlum məsələdi ki, italiyalı mütəxəssis belə müsahibələri qəsdən verir. Bununla özünü Avropanın müxtəlif media orqanlarının, radio- və telekanallarının gündəmində saxlayır. İmkan vermir ki, “köhnə qitə”də onu unutsunlar, adını yaddan çıxarsınlar. Bu cür reklamın xətrinə lap elə azərbaycanlı futbolçuların və ya azarkeşlərin xətrinə dəymək də olar. Əlimizdən nə gəlir ki?! Uzaqbaşı bir qədər deyinə bilərik, vəssalam. De Byazinin arxasında dayanan qüvvələr onu yetərincə qoruyacaq, imkan verməyəcəklər ki, dediyi sözlərin məsuliyyətini daşısın. Başa düşsün ki, çalışdığı komandanın üzvlərinə, onun azarkeşlərinə hörmət etmək onun bilavasitə borcudu. Bəli, azərbaycanlı futbolçular italiyalılar kimi yüksək səviyyəli, yaxud da istedadlı deyillər. Amma heç De Byazinin özü də yüksək səviyyəli futbol mütəxəssisi deyil axı. Onun adı sonuncu dəfə nə vaxt ölkəsinin millisiylə, yaxud da A seriyasında mübarizə aparan klublarla çəkilib, De Byazinin xidmətinə ehtiyac duyulub? Kimsə xatırlamır, çünki belə hadisə olmayıb.
Ağzını boş qoymayan De Byazi bugünlərdə yenidən danışıb. Bu dəfə “voetbalgokken.nl” saytı ondan Azərbaycan millisinin Belçika ilə oyunu barədə soruşub. Azərbaycanlı jurnalistlərlə söhbət etməyə həvəsi olmayan millimizin baş məşqçisi Niderlandda fəaliyyət göstərən saytın əməkdaşının suallarına ürəklə cavab verib. Dedikləri də həmişə eşitdiyimiz “nağıllar”. Rəqibin heyətində ulduz futbolçuların olduğunu deyib, Azərbaycandakı seçim imkanının məhdudluğundan şikayətlənib. FİFA-nın reytinq cədvəlini xatırlatmağı da unutmayıb. Bəllidi ki, Belçika həmin siyahının xeyli yüksək pillələrində qərarlaşıb. Azərbaycan yığması isə ikinci “100-lük”dədi, adı dünyanın siyası xəritəsində olmayan ölkələrin araında itib-batıb. Adama deyən lazımdı ki, Qazaxıstan millisinin son aylarda məğlub etdiyi rəqiblər ondan yüksək pillələrdə deyildimi? Hiyləgər De Byazi işinə nə yarayırsa, ondan da danışır. Millətlər Liqasının turnir əhəmiyyəti olmayan oyunlarında və yoxlamağa görüşlərindəki qələbələri hər dəfə xatırladır. Amma evimizin içində estonlara bata bilməməyimiz, oyun səviyyəsinə görə onlardan açıq-aşkar geri qaldığımız işinə gəlmədiyi üçün heç yadına düşmür. Olmaya, Estoniya millisi də FİFA-nın reytinq cədvəlində ilk sıralarda imiş, xəbərimiz yoxdu?!
Bəhanələr arxasına sığınmağı xoşlayan italiyalı pafosundan da qalmayıb. Deyib ki, Belçikaya təslim olmaq fikrimiz yoxdu. Baho, belçikalılar qorxdu bizdən. Adam əməlli-başlı döyüşkən, təslim olmağı sevməyən ruha sahib imiş. Biz bunu hiss etməmişik. Təklif edirəm ki, Belçika millisiylə oyunun nəticəsindən asılı olmayarar, italiyalı çalışdırıcıyla AFFA arasında ömürlük müqavilə bağlansın. Canni de Byazi Bakıdaykən bunu edin. Avropada pandemiya çoxdan bitib, buna görə də adam evinə gedəndə Bakıya qayıtmaq istəmir. Təklifimi mütləq dəyərləndirin!
AMAL