"Araz-Naxçıvan"ın futzal üzrə Çempionlar Liqasında yaşadığı fiaskodan sonra klubdaxili iclas keçirildiyini və nəticələrlə bağlı tədbir görüldüyünü xəbər vermişdik.
Bunlardan biri də futzalçılardan Xətai Bağırovla İsa Atayevin şiddətli töhmət almasıdı. Klubun vitse-prezidenti Mahmud Sadıqov saytımıza açıqlamasında adı çəkilənlərin zəif çıxış etdiklərini və kobud səhvlərə yol verdiklərini dedi.
"Football-plus.az" olaraq, Xətai və İsa ilə əlaqə saxlayıb qərar haqda fikirlərini öyrəndik.
Xətai Bağırov:
"Xəbəri ilk dəfə sizdən eşitdim. İclas keçirildiyini və bəzi qərarlar alındığını bilsəm də, cəzalandırıldığımdan məlumatım yox idi. Düzü, nə deyəcəyimi bilmirəm. Düz və ya yanlış addım olduğunu söyləmək çətindi. Əslində belə ciddi cəza verilirsə, komandanın bütün üzvləri bu siyahıda olmalıydı. Millimizin oyunlarıyla bağlı özümü ruhdan salmaq istəmirəm. Qarşıda bizi vacib oyunlar gözləyir. Bəlkə başqa vaxt olsa, məsələn, mövsümün sonu və ya müqavilə müddətimin axırı olsaydı, başqa fikirdə olardım. İndi isə klubdan ayrılmaq, yığmamızın önəmli sınağı ərəfəsində başqa məsələləri gündəmə gətirmək istəmirəm. Mənə rəhbərliyin qərarına hörmətlə yanaşmaq qalır. Xeyirlisi nədisə, o da olsun. Mən növbəti matçlarsa meydana çıxıb yenidən əlimdən gələni edəcəm ki, qələbələr qazanaq".
İsa Atayev:
“Əvvəla mənə bu haqda məlumat verilməyib. Həqiqətən belədisə, rəhbərliyin qərarına sayğıyla yanaşıram. Belə cəzalar qarşısında boynum qıldan incədi. Səhvlərimi düzəltməyə çalışacam".
KƏNAN BAHADIR