Tanınmış şərhçi Ramiz Mirzəzadənin bir cümləsi onun bütün karyerasını tam əhatə edir: “Şahruddin, nə edirsən sən?”
Bəli, o, adamları həmişə təəccübləndirməyi bacardı; ya gözlənilməz qurtarışları, ya da uşaq səhvləri ilə. Yaxşı işlər tez unudular deyirlər. Pislər isə həmişə yadda qalır. Bəli, futbol ictimaiyyəti Şahruddinin “Qarabağ”ı xilas etdiyi anları yox, pis vəziyyətə saldığı, məğlubiyyətə səbəb olduğu oyunları qabartdı. O qədər çoxdu ki, belə məqamlar. Bəlkə də “Omoniya” ilə matçda uzaq məsafədən buraxdığı qola görə Konfrans Liqasında qrup liderliyi əldən getdi, “Viktoriya” ilə qarşılaşmada etdiyi səhvə görə Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanılmadı, “Rakuv”la səfər matçında qapıçıya yaraşmayan oyun sərgilədi. Avropa Liqasının 3-cü təsnifat mərhələsində HİK-lə cavab matçında bardağı daşırdı.
Amma həqiqət budu ki, Şahruddin bu gün Azərbaycan futbolunda bir nömrədi. Onun əvəz edə biləcək tək-tük yerli qolkiper var. “Qarabağ” üçün meydanda can qoyub. Bir dəfə başından zədə aldı, bir dəfə qolu, bir dəfə də ayağı qırıldı. Elə matçlar oldu ki, onun qurtarışları sayəsində qələbələr, xallar, çempionluqlar qazanıldı. Amma heç vaxt çıxıb onu pisləyənlər haqda nələrsə söyləmədi. Şahruddinin sosial şəbəkələrdə öz dünyası var. Bəlkə də susqunluğunu burda paylaşladığı statuslarla pozurdu...
Şahruddin yenə hamını təəccübləndirməyi bacardı – qəfil “Qarabağ” karyerasını bitirmək qərarına gəldi. Artıq Türkiyənin “Adana Dəmirspor” klubunun uğurları üçün tər tökəcək. Bəlkə də indiki zamanda bu ən doğru qərardı. Bəlkə də Şahruddin “Qarabağ”a olan sevgisi ölməsin deyə komandanı tərk edir. Bəlkə də Şah sonda mat olmamaq üçün başqa yola qədəm qoydu. Amma həqiqət budu ki, yaxşı və ya pis olsa da, Şahruddin “Qarabağ” tarixinə adını yazdırdı. Yolun açıq olsun, Şah!
İLKİN SULTANLI