Türkiyə futbolu üçün avrokubok həftəsi “Qalatasaray”ın ÇL-in pley-offunda Norveçdə mühüm qələbəsi ilə start götürdü. Hərçənd oyun İstanbul nəhəngi üçün heç də asan keçmədi.
"Football-plus.az" xəbər verir ki, erkən qolla hesabı açan “Molde” “Cim-Bom”a çətin anlar yaşatdı. Türkiyə çempionu ilk yarının ortalarında Oliveyra və İkardinin baxımlı qolları ilə vəziyyəti öz xeyrinə dəyişsə də, Norveç çempionu həvəsdən düşmədi.
Meydan sahibləri 2-ci hissənin əvvəllərində bərabərlik qolunu vurdular. Amma son sözü qonaqlar söylədi. Oyun heç-heçəyə doğru gedərkən İkardi yenə liderlik keyfiyyətlərini nümayiş etdirdi. Məhz onun gözəl oyunundan sonra Midtşö topu boş qapıya göndərərək həmyerlilərini məyus etdi. Bu qələbədən sonra “Qalatasaray”ın avqustun 30-da doğma meydanda keçirəcəyi cavab oyununda qrup mərhələsinə vəsiqəni əldən verəcəyi inandırıcı görünmür.
KL-in pley-offunda isə İstanbulun digər nəhəngləri “Fənərbaxça” ilə “Beşiktaş” da fanatlarını sevindirdi. İsmayıl Kartal gözlənilmədən rotasiyaya əl ataraq Cengiz Ündərlə Cekonu ehtiyatda saxladı. Matçdan öncə Altay Bayındır meydanın mərkəzinə gələrək fanatlarla vidalaşdı. Onun “Yunayted”ə transferinin qarşıdakı 48 saat ərzində açıqlanacağı gözlənilir. Oyun günü İstanbula gələn yeni transfer Dominik Livakoviç isə matçdan öncə fanatları salamladı. Onun transferi dünən rəsmən açıqlandı. Bu keçid kluba ümumilikdə 7,6 milyon avroya başa gəlib. “40” nömrəli forma ilə oynayacaq xorvatiyalı qapıçı ilə beşillik müqavilə imzalanıb.
Oyuna gəlincə, “Tvente” hesabı açmasına rəğmən, darmadağından qurtula bilmədi. Bu oyunda məcburiyyətdən müdafiənin mərkəzində oynayan Oostervolde bərabərlik qolunu vuraraq “Fənər”də ilk dəfə qol sevinci yaşadı. Fasilə ərəfəsində azlıqda qalan qonaqlar ikinci yarıda pərən-pərən düşdülər. Mükəmməl futbol ortaya qoyan “sarı-lacivərdlilər”i artıq indidən KL-in qrup mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik etmək olar. “Beşiktaş” isə tarixən özü üçün ən uğursuz rəqiblərdən olan Kiyev “Dinamo”su ilə səfərdə qarşılaşdı. Ukraynadakı məlum hadisələr üzündən oyun Buxarestdə keçirildi. Bərabər səviyyədə keçən oyunda “Qartal” iki dəfə hesabda önə keçsə də, təcrübəli Mirça Luçeskunun komandası hər iki halda özündə güc taparaq bərabərlik qolunu vura bildi. Amma Norveçdə olduğu kimi, Rumıniyada da son sözü Türkiyə nəhəngi söylədi. Son saniyələrdə əks-hücum zamanı topu tora göndərən yeni transfer Bəxtiyar Zaynutdinovun debütü nağıllardakı kimi alındı. Türkiyə futbolu üçün yeganə qanqaraldıcı xəbər Belçikadan gəldi. “Adana Dəmirspor” Belçikanın iddialı klublarından olan “Genk”lə səfər oyununda uzun müddət hesabda öndə olsa da, sonda heç bərabərliyi də qoruya bilmədi. Amma 1:2 hesablı məğlubiyyət faciə deyil və evdə bunun əvəzini çıxmaq mümkündü. Ümid edək ki, Türkiyə avrokubokların qrup mərhələsində 4 komanda ilə təmsil olunacaq. KL-in pley-offunda cavab oyunları avqustun 31-də keçiriləcək.
ÇEMPİONLAR LİQASI
pley-off, ilk oyun
Molde (Norveç) – Qalatasaray 2:3
Ellinqsen, 8. Hauqen, 56 – Oliveyra, 25. İkardi, 29. Midtşö, 90+3.
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Anxelinyo, Berkan Kutlu (Midtşö, 82), Oliveyra (Kaan Ayhan, 70), Yunus Akgün (Tete, 82), Mertens (Kərəm Dəmirbay, 59), Kərəm Aktürkoğlu (Barış Alpər Yılmaz, 70), İkardi.
KONFRANS LİQASI
pley-off, ilk oyunlar
Fənərbaxça - Tvente (Niderland) 5:1
Oostervolde, 32. Şimanski, 60. İrfan Can Kahveci, 62; 74. Tadiç, 90+3-p. – Uqalde, 20.
Fənərbaxça: İrfan Can Eğribayat, Mərt Müldür (Osayi-Samuel, 46), Ciku, Oostervolde, Fərdi Kadıoğlu, İsmayıl Yüksək (Bartuğ Elmaz, 82), Fred, Şimanski (Mərt Hakan Yandaş, 84), Tadiç, Kent (İrfan Can Kahveci, 46), Batşuayi (Ceko, 70).
Dinamo K – Beşiktaş 2:3
Şaparenko, 60. Voloşin, 65 – Abubakar, 40-p. Kolli, 64. Zaynutdinov, 90+4.
Dinamo (Kiyev, Ukrayna): Buşçan, Timcuk, Popov, Sirota, Dubinçak, Karavayev (Benito, 90+5), Sidorçuk, Şaparenko, Voloşin (Diallo, 76), Buyalski (Tsarenko, 90), Vanat.
Beşiktaş: Mərt Günok, Rozye, Amarti, Kolli, Masuaku (Zaynutdinov, 46), Haciahmetoviç, Salih Uçan (Oksleyd-Çemberleyn, 86), Fernandeş, Onur Bulut (Umut Meraş, 64), Muleka (Raşitsa, 64), Abubakar (Cenk Tosun, 88).
Genk (Belçika) – Adana Dəmirspor 2:1
Arokodare, 77. Munyos, 90+3 – Əmrə Akbaba, 47.
Adana Dəmirspor: Karaçiç, Svensson, Qravilyon, Semih Gülər, Rodriges (Əbdürrəhim Dursun, 40), Yusuf Sarı, Stambuli, Əmre Akbaba, Nani (Yusuf Ərdoğan, 78), Belhanda (B.N`Diaye, 78), Ş.Ndiaye (Nianq, 88).
Faktlar
* “Qalatasaray” avrokuboklarda 307-ci oyununda 110-cu qələbəsini qazandı (82 heç-heçə, 115 məğlubiyyət, top fərqi – 411:452).
* “Qalatasaray” avrokuboklarda keçirdiyi son 17 oyunun yalnız birində məğlub olub (9 qələbə, 7 heç-heçə). Yeganə məğlubiyyət 2021/22-də AL-in 1/8 finalında “Barselona” ilə ev oyununda qeydə alınıb (1:2).
* “Qalatasaray”ın avrokuboklarda səfərdəki məğlubiyyətsiz seriyası 9 oyuna yüksəldi (4 qələbə, 5 heç-heçə). Son səfər məğlubiyyəti 2021/22-də ÇL-in 2-ci təsnifat mərhələsində Eyndhovendə PSV ilə oyunda qeydə alınıb (1:5).
* “Qalatasaray” ÇL-in təsniufat mərhələsi çərçivəsində keçirdiyi 31-ci oyunda 21-ci qələbəsini qazandı (7 heç-heçə, 3 məğlubiyyət).
* “Qalatasaray” Norveçdə keçirdiyi 3-cü oyunda ilk qollarını vurdu və ilk qələbəsini qazandı. İstanbul nəhəngi buna qədər Norveçdə keçirdiyi hər iki oyunda qol vurmadan məğlub olmuşdu (1998-də “Rusenborq”a 0:3, 2005-də “Tromse”yə 0:1).
* Oliveyra son 16 ildə avrokuboklarda səfər oyununda cərimə zərbəsindən qol vuran ilk “Qalatasaray”lı futbolçu oldu. Sonuncu dəfə bunu 2007-nin avqustunda “Slaven Belupo” ilə oyunda Volkan Yaman bacarmışdı.
* Okan Buruk “Qalatasaray” tarixində avrokuboklarda ardıcıl 4 qələbə qazanan ilk yerli mütəxəssis oldu. Daha öncə “Cim-Bom”un Avropada iki dəfə belə seriyası olmuşdu. 2008-də Mihael Skibbenin, 2009-da isə Frank Raykaardın rəhbərliyi altında.
* “Fənərbaxça” avrokuboklarda 259-cu oyununda yubiley - 100-cü qələbəsini qazandı (55 heç-heçə, 104 məğlubiyyət, top fərqi – 346:369). “Fənər” “Qalatasaray”dan sonra Avropada 100 qələbə həddinə çatan ikinci Türkiyə təmsilçisi oldu.
* “Fənərbaxça” avrokuboklarda keçirdiyi son 17 oyunun yalnız birində məğlub olub (13 qələbə, 3 heç-heçə). Yeganə məğlubiyyət ötən mövsüm AL-in 1/8 finalında “Sevilya” ilə səfər oyununda qeydə alınıb (0:2).
* Şimanski “Fənər”in heyətində keçirdiyi 7 rəsmi oyunda 8 qolun vurulmasında yaxından iştirak edib (4 qol, 4 məhsuldar ötürmə).
* İrfan Can Kahveci 2019/20-dən bəri 7-si “Fənər”in, 5-i “İstanbul BŞ”nin heyətində olmaqla avrokuboklarda artıq 12 qol vurub. O, bu müddətdə Avropa səhnəsində ən məhsuldar türkiyəli futbolçudu!
* İsmayıl Kartal “Fənərbaxça”nın başında yeni mövsümün ilk 7 rəsmi oyununun hamısından qələbə ilə ayrılan ilk yerli mütəxəssis oldu! Komanda daha öncə ardıcıl 7 qələbə ilə 1995/96-ya Karlos Alberto Pareyranın başçılığı altında start vermişdi.
* İsmayıl Kartal “Fənərbaxça”nın tarixində avrokuboklarda 5 oyunluq qələbə seriyası yaxalayan ilk yerli mütəxəssis oldu! Daha öncə bu cür seriya 2009/10-da Kristof Daumun dönəmində əldə olunmuşdu.
* “Beşiktaş” avrokuboklarda 235-ci oyununda 89-cu qələbəsini qazandı (47 heç-heçə, 99 məğlubiyyət, top fərqi – 312:351).
* “Beşiktaş”ın rəsmi matçlarda məğlubiyyətsiz seriyası 22 oyuna yüksəldi (18 qələbə, 4 heç-heçə). Son məğlubiyyət fevralın əvvəllərində superliqanın 23-cü turu çərçivəsində “Sivasspor”la oyunda qeydə alınıb (0:1). Şenol Günəş klub tarixində belə seriya yaxalayan ilk yerli məşqçidi!
* Abubakar “Beşiktaş”ın heyətində avrokuboklarda yubiley – 10-cu qolunu vurdu. Klub tarixinin avrokuboklarda ən məhsuldar oyunçusu 14 qolla Oktay Dərəlioğludu. Kuaresma ilə Bobonun 12, Cenk Tosunun 11 qolu var.
* “Beşiktaş” Kiyev “Dinamo”suna qarşı səfər oyununda ilk dəfə qol sevinci yaşadı və ilk qələbəsini qazandı. İstanbul nəhəngi buna qədər bu rəqibə qarşı səfərdə keçirdiyi 5 oyundan 1 heç-heçə, 4 məğlubiyyət ilə ayrılmışdı (top fərqi – 0:13)!
* Şenol Günəş “Beşiktaş” tarixində avrokuboklarda 5 oyunluq qələbə seriyası yaxalayan ilk yerli mütəxəssis oldu! Belə seriya daha öncə 2010-cu ilin avqust-sentyabrında Bernd Şusterin dönəmində əldə olunmuşdu.
* Günəş “Beşiktaş”ın başında avrokuboklarda ardıcıl 3 səfər qələbəsi qazanaraq klub tarixində özünə məxsus olan rekordu təkrarladı. “Qartal” Avropada ardıcıl 3 səfər qələbəsini sonuncu dəfə məhz Günəşin dönəmində - 2017/18-də, özü də ÇL-in qrup mərhələsində əldə etmişdi.
* Türkiyə klubları üçün cari avrokubok mövsümü ideala yaxın şəkildə davam edir. Qardaş ölkə təmsilçiləri indiyə qədər 20 qarşılaşmadan 16 qələbə, 2 heç-heçə, 2 məğlubiyyətlə ayrılıblar. Türkiyə 4,250 əmsalla cari mövsüm Avropada ən çox əmsal toplayan ölkədi!
Oyundan sonra
Erlinq Moe, “Molde”nin baş məşqçisi: “Rəqibdən heç də zəif oynamadığımızı hər kəs gördü. 90 dəqiqəyə nəzər salsaq, üstün olan tərəf biz idik. Son dəqiqələrdə 3-cü qolu buraxmaq bizim üçün şanssızlıq oldu. Məğlubiyyətə layiq deyildik. 2 və 3-cü buraxdığımız qollarda İkardi səviyyəsini ortaya qoydu. Biz bu gün bir çox fürsətdən yararlana bilmədik. İstanbulda 55 min azarkeşin önündə bizi çox çılğın bir matç gözləyəcək. Mərhələni adlamaq üçün ilk növbədə müdafiədə ideal oynamalıyıq”.
Okan Buruk, “Qalatasaray”ın baş məşqçisi: “Molde”nin evdə daha yaxşı oynadığını bilirdik. Süni meydan bizə problemlər yaradırdı. Bəzi anlarda rəqibə temp baxımından cavab verməkdə çətinlik çəkirdik. Qapımız önündə çox asanlıqla qol vəziyyəti yaradırdılar. Xüsusilə də cinah asmaları ilə. İkardiyə təşəkkür edirəm. Həm vurduğu gözəl qol, həm də son anlardakı ötürməsi ilə oyuna damğa vurdu. Bu qələbədə onun böyük əməyi var. Nəzərə alaq ki, Torreyra, Zaha və Ziyeş kimi önəmli oyunçular bizimlə birlikdə deyildi. Bu heyətlə bu çətin səfərdən qələbə ilə qayıtmaqla böyük iş gördük. Tam heyətlə tam başqa futbol sərgiləməyə qadirik. İnşallah, bunu ÇL-in qrup mərhələsində göstərəcəyik”.
İsmayıl Kartal, “Fənərbaxça”nın baş məşqçisi: “Tvente”nin asan rəqib olmadığını bilirdik. Matçın əvvəllərində bizim onlara etmək istədiklərimizi onlar bizə etdi. Heyətdə, xüsusilə də müdafiə xəttində çətinliklərimiz var idi. Amma rəqib azlıqda qalandan və hesab 1:1 olanan sonra öz oyunumuzu tapdıq. Möhtəşəm fanatlarımızla birləşərək cavab oyunu ərəfəsində əla üstünlük qazandıq. Əvəzetmələr də özünü doğrultdu. Rəqib azlıqda qalınca daha hücumameyilli oyunçuları meydana buraxdım. Mənim sonuncu dönəmimdə heyətimiz geniş deyildi. Həmin vaxt mərhələ adlaya bilməmişdik və bu da məni üzmüşdü. İndi isə heyətimiz genişdi və bu da bizə əlavə üstünlük verir. Altay Bayındıra yeni macərasında uğurlar arzulayıram. Livakoviç isə ümid edirəm ki, burda böyük uğurlar qazanacaq”.
Jozef Oostinq, “Tvente”nin baş məçqçisi: “Əslində oyunun əvvəlləri istədiyimiz və planlaşdırdığımız şəkildə gedirdi. 1:0 önə də keçdik. Amma qırmızı vərəqə bütün oyunun axarını dəyişdi. 1:3 olandan sonra oyun intizamından tam qopduq. 1:5 çox acı bir məğlubiyyətdi və bu hesabı gözləmirdik. Təbii ki, cavab oyununda işimiz çox çətin olacaq. Amma ümidimizi itirmirik. Əlimizdən gələni edəcəyik”.
Mirça Luçesku, Kiyev “Dinamo”sunun baş məşqçisi: “Yenə deyəcəklər ki, Luçesku hakimlikdən şikayətləndi. Amma qeydə alınmayan qolumuz zamanı çəkilən ofsayd xəttini sonradan televizorda izlədim. Əminliklə deyə bilərəm ki, oyunçumuz ofsaydda deyildi. “Beşiktaş”ın xeyrinə verilən penalti də şübhəli idi. Normal hakim o cür penalti vermir! Ümumi götürsək, oyunumuzdan razı qalsam da, məğlubiyyətlə barışmalı olduq. Sanki “Beşiktaş”a qarşı yox, Afrika yığmasına qarşı oynadıq. Biz isə öz yetirmələrimizlə meydana çıxdıq. Təcrübəsizlik də öz sözünü dedi. “Beşiktaş” yaxşı komandadı və bu yay da yaxşı transferlər həyata keçirib”.
Şenol Günəş, “Beşiktaş”ın baş məşqçisi: “Çətin oyun oldu. Oyunçularım əlindən gələni etdi. Qollar vurduq və eyni zamanda öz qapımızdan da qollar buraxdıq. Futbolsevərlər üçün maraqlı bir qarşılaşma oldu. Amma qələbə bizim oldu. Bu cür çətin səfərdən zəfərlə dönmək, təbii ki, çox sevindirici haldı. Amma qətiyyən rahatlaşmamalıyıq. Qələbəyə baxmayaraq, qrup mərhələsinə düşəcəyimizə heç bir zəmanət yoxdu. Bu mövsüm məğlub olmadan yolumuza davam edirik və bu, çox önəmlidi. Zaynutdinov komandamıza gələrkən yaxşı formada idi. Hücumlara qoşulmağı sevir və bu gün də bunu nümayiş etdirdi. Yığma fasiləsinə qədər daha 2 oyunumuz var və hər iki matçdan da qələbə ilə ayrılmağa çalışacağıq”.
Vuter Vranken, “Genk”in baş məşqçisi: “İlk yarı baxımlı alınmadı. İkinci hissədə hər iki komanda tempi artırınca ortaya gözəl futbol çıxdı. Paltardəyişmə otağında oyunçularımı bir-bir təbrik etdim. Çünki yaxşı bir rəqiblə oyunda hesabda geri düşsək də, qalib gəlməyi bacardıq. Gələn həftə işimiz çətin olacaq. Adanadakı isti hava da işimizi çətinləşdirə bilər. Amma buna uyğunlaşmağa çalışacağıq”.
Patrik Klyuvert: “Adana Dəmirspor”un baş məşqçisi: “Oyuna yaxşı başlamasaq da, 20-ci dəqiqədən sonra tədricən özümüzə gəldik. İkinci hissənin əvvəllərində layiq olduğumuz qolu vursaq da, matçın son anlarında standart zərbələrdən sonra bizə yaraşmayan qollar buraxdıq. Belə anlarda heç kim öz oyunçusunu boş buraxmamalıdı. Bu cür qollar buraxmaq 90 dəqiqə ərzindəki oyunumuza kölgə saldı. Amma qarşıda hələ cavab oyunu var. Həm səhvlərimizdən nəticə çıxaracağıq, həm də rəqibi yaxşıca təhlil edəcəyik. Cavab oyununu o qədər səbirsizliklə gözləyirəm ki, hətta istərdim, həmin oyun indi keçirilsin”.