Misli premyer-liqasında ilk üç tur geridə qaldı.
Hələ ölkə çempionatı başlamamış kuluarlarda yeni mövsümlə bağlı maraqlı iddialar səslənirdi. Müstəqillik dövrünün maraqlı mövsümünə şahidlik edəcəyimizi deyənlər də var idi, hansısa fərq gözləməyənlər də... Doğrudan da, əksər oyunlar maraqlı idman münarizəsi şəraitində keçir. Ümumiyyətlə, ilk üç tur xoş gözləntiləri doğrultdumu? “Zirə” “Qarabağ”, “Neftçi” və “Sabah”ın çempionluq mübarizəsinə müdaxilə edə biləcəkmi?
"Football-plus.az" olaraq bu və başqa suallara təcrübəli mütəxəssis Aslan Kərimovla birgə cavab axtardıq:
"Sözsüz, gərgin mübarizə şəraitində baş tutan matçlar izlədik. Bəzi hallarda təccübləndiyimiz nəticələr qeydə alındı. Düzdü, turnir cədvəlində maraqlı sıralama var. Amma qarşıdakı turlarda dəyişikliklərin şahidi olacağıq. Düşürəm ki, ilk "üçlük" artıq bəllidi. Yerlər "Qarabağ", "Sabah" və "Neftçi" arasında paylanacaq. Bunun başlıca səbəbi adı çəkilən klubların rəqiblərə nisbətən daha yaxşı büdcəyə malik olmasıdı. Hər üç komandanın avrokuboklarda çıxış etməsi premyer-liqa matçlarının taleyinə birbaşa təsir edirdi. Artıq "Sabah" və "Neftçi" rahatlıqla çempionata köklənə biləcək. Xüsusilə "ağ-qaralar"ın heyəti eyni anda iki turnirdə oynamaq üçün hazır deyildi. "Qarabağ"ın mübarizəsi isə davam edir. "Köhlən atlar"ın vəziyyəti qəliz görünür. 3-cü turda "Araz-Naxçıvan"la oyun bəzi çatışmazlıqları ortaya çıxardı. Yalnız Zubirlə Andrade meydana çıxandan sonra ev sahibləri rəqibə yetərincə təzyiq göstərməyi bacardı. Bu baş verməsə, Muxtar Respublika təmsilçisi hətta hesabda önə də keçə bilərdi. Düzdü, 3 tur komandaların gücü haqda dəqiq fikir yürütməyə imkan vermir. Təxminlərə əsaslansaq, "Qəbələ"nin vəziyyəti ürəkaçan olmayacaq. "Qırmızı-qaralar" aparıcı oyunçuların gedişindən sonra hələ də özünə gələ bilməyib. Deməzdim ki, oyun planında qüsurlar var. Amma futbolçuların bir-birinə uyğunlaşmadığı göz qabağındadı. Minbir əziyyətlə yaradılan qol imkanları kiçik səhvlər üzündən boşa gedir. Oyunçular matça köklənə bilmirlər. Halbuki fərdi ustalıqlarını birləşdirib ortaya yaxşı nəticə qoya bilərlər. Çox güman, buna zaman lazımdı. Xoşagələn hallardan biri "Araz-Naxçıvan"la bağlıdı. Komanda debütant olmasına baxmayaraq, təcrübəli, premyer-liqa səviyyəsinə uyğun futbolçulardan qurulub. Oyun tərzi gərgin mübarizələrdə effekt verir. Bayaq dediyim kimi, "Qarabağ"a qarşı yaxşı çıxış etdilər. Heyətin yeni formalaşdığını da bilirik. Məncə, "qırmızı-ağlar" növbəti turlarda rəqiblərinə başağrısı olacaq. "Turan-Tovuz" isə sabitliyi qoruyub-saxlayıb. Tovuz təmsilçisini mövsümün sonunda hansısa titulun sahibi kimi görmək ehtimalı çoxdu. "Qarabağ"a böyükhesablı məğlubiyyətdən sonra tezliklə özlərinə gəlib Qərb derbisindən qalib ayrıldılar. "Sumqayıt"a gəlincə komandada ötən mövsümlə müqayisədə böyük fərq var. Görünür, Samir Abasov istədiyi futbolçuları heyətə cəlb edib. Baş məşqçinin taktikası bəhrə verir. Mütəxəssis hazırda çoxtərəfli və gizli oyun tərzindən istifadə edir ki, bu da vacib xalların qazanılmasına səbəb olub. "Səbail" hələ ki qeyri-sabit çıxışla yadda qalır. Düzdü, "dənizçilər" sensasiyalı nəticəyə imza ata bilməyib. Amma heyət qənaətbəxşdi. Məncə, Bayıl təmsilçisi bəzi matçlarda "Qarabağ", "Neftçi", "Sabah" kimi klublara "dişini göstərəcək". Lakin ola bilər ki, hansısa qarşılaşmada autsayderə məğlub olsunlar. "Dənizçilər" hücum cəhdləri zamanı müdafiədə çoxlu boşluq buraxır. Bu da ön xətt oyunçularının işini çətinləşdirir. Dediyim kimi, qeyri-sabit çıxış dəqiq danışmağı çətinləşdirir. "Səbail"i bu baxımdan "Sabah"la eyni səbətə qoymaq olar. Çünki Masazır təmsilçisində də eyni ruh var. Xatırlayırsızsa, ötən mövsüm autsayder "Şamaxı"ya məğlub olub, lider "Qarabağ"ı üstələmişdilər. Hələ də eyni ənənə davam edir. Murad Musayevin komandası ev oyunlarında möhtəşəm çıxış edir. Amma səfər matçlarında həmin "Sabah"ı görə bilmirik. Buna avrokubok qarşılaşmalarında da şahid olduq. Bəzi hallarda hətta oyun içində də həmin qeyri-sabitliyi görürük. Səbəb axtarası olsaq, ağlıma birinci Murad Musayev gəlir. Düzdü, "bayquşlar" onun rəhbərliyi altında çox böyük uğurlar qazanıb. Amma baş məşqçinin əsəblərini cilovlaya bilməməsi, matçın gedişində verdiyi reaksiyalar futbolçulara da təsir göstərir. Bəlkə də "Sabah"ın daha mükəmməl olmasına mane olan başlıca amil budu. Musayev dəfərlərlə "qırmızı" görüb. Bəzi hallarda səhvləri bağışlanmaz olur. Halbuki baş məşqçi önəmli məqamlarda səbirli olmağa, qaydaları pozmamağa məcburdu. Məncə, o, sakit başla komandasına daha çox kömək edə bilər. Ümumiyyətlə, Masazır təmsilçisi kiçik çatışmazlıqlardan yaxa qurtarsa "Qarabağ" da daxil olmaqla bütün rəqiblərini məğlub edə biləcək. "Kəpəz"də isə vəziyyət fərqlidi. Gəncə təmsilçisinin ötən mövsümə nisbətən daha inamlı çıxış etdiyini demək mümkündü. Bunu baş məşqçi dəyişikliyi ilə də əlaqələndirmək olar. Hər halda, yerli mütəxəssislərin bir araya gəlməsi klubda daha sabit ab-hava yaradıb. Gəncədə keçiriləcək matçların qonaq komandalar üçün çətin sınağa çevriləcəyini deyə bilərəm. "Zirə" isə 4-cü yer uğrunda mübarizədə şanslı görünür. Rəşad Sadıqov iddialı heyət formalaşdırıb. Hər üç turda maksimum xal qazanaraq liderliyə yüksəlmələri də şansları artırıb. Komandada eniş yaşanmasa, qəsəbə təmsilçisi hədəflərinə çata biləcək".
Aslan Kərimov klubların durumunu dəyərləndirdikdən sonra gözlənilən ümumi mənzərəni belə təsvir etdi:
"Güclər ötən mövsümə nisbətən bir-birinə yaxınlaşıb. Aşkar autsayder haqda danışmaq çətindi. 2022/23 "futbol ili"ndə "Sumqayıt", "Səbail", "Şamaxı" kimi klublar haqda fikir yürütmək asan idi. İndi isə "zirzəmi"də qərarlaşacaq komandalar sirrə çevirilib. İlk sıralarda sabitlik olacaq. Yuxarıda dediyim kimi, çox güman, mövsümün sonunda üç nəhəngdən sonrakı sırada "Zirə" qərarlaşacaq".
Aslan bəy klubların yayda gerçəkləşdirdiyi transferlər haqda da danışdı:
"Qarabağ"la "Sabah"ın yeni futbolçuları haqda danışmaq, məncə, çox tezdi. Bu iki komanda son dönəmdə çox "qan itirdi". Yeni gələnlərin özünü hansı yöndə göstərəcəyini təxmin etmək çətindi. Hələlik qənaətbəxş çıxış edirlər. Gedənlər çox böyük iz buraxdılar. İndikilərin qane etməsi üçün onlardan daha yaxşı olması vacibdi ki, bu da yaxın həftələrdə real görünmür. Məncə, "Neftçi" daha ciddi addımlar atdı. Xüsusilə Ozobiçlə Qaranın heyətə cəlb edilməsi təqdirəlayiqdi. "Ağ-qaralar" artıq bu işdən bəhrə görməyə başlayıb. Koffi hələ ki ümidləri doğrultmur. Ümid edək ki, bu, komandaya uyğunlaşmaqla bağlıdı. Çünki o həm avrokuboklarda, həm də premyer-liqada çoxlu səhv etdi. "Zirə"nin ən çox bəyəndiyim transferi yeni qapıçı Tyaqodu. Yadımdadı ki, ötən mövsüm Rəşad Sadıqovum komandası bu mövqedə əziyyət çəkirdi. Bu dəfə hər şey daha yaxşıdı. Üç matçda cəmi 1 qol buraxıblar. "Qəbələ"nin yenilərinin taleyi də naməlumdu. Elmar Baxşıyev komandanın əvvəlki gücünü qaytarmaq üçün çox çalışmalı olacaq. O vaxta qədər daha neçə xalın itiriləcəyini isə Allah bilir".
KƏNAN BAHADIR