Superliqada mövsümə cümə günü Trabzonda start verildi.
"Football-plus.az" xəbər verir ki, ''Trabzonspor'' Stefano Densvilin erkən qolu ilə ''Antalyaspor''u yenərək mövsümə qələbə ilə start verməyi bacardı. Maraqlıdı ki, niderlandlı müdafiəçinin bu yay komandanı tərk edəcəyi gözlənilirdi. Amma ''Trabzonspor'' sərfəli təklif almayınca hələ ki Densvili heyətdə saxlamaq qərarına gəlib. Onun illik 2,2 milyon avroluq yüksək maaşı üzündən hələ də komandada qalıb-qalmayacağı bilinmir.
Şənbə günü daha 4 oyun keçirildi. ''Kasımpaşa'' dramatik oyunda ''Ankaragücü''nü məğlub edərək mövsümə qələbə ilə başladısa, ''Konyaspor'' ''İstanbulspor''la ev oyununda 1 xala şükür etdi. ''Pendikspor''un tarixindəki ilk superliqa oyunu fiasko ilə nəticələndi. Debütant öz meydanında Volkan Dəmirəlin çalışdırdığı ''Hatayspor'' önündə pərən-pərən düşdü. Günün əsas oyunu Kayseridə keçirildi. Sloveniyadakı mükəmməl performansdan sonra hər kəs ''Qalatasaray''ın mövsümə rahat qələbə ilə başlayacağını düşünürdü. Amma heç də belə olmadı. Son çempion ilk turda qola və qələbəyə həsrət qaldı. Son illərdə xüsusilə öz meydanında ''Cim-Bom''a qənim kəsilən ''Kayserispor'' bu dəfə də güclü rəqibi büdrətməyi bacardı. Hətta 2-ci hissədə Anxelinyo, Zaha və İkardi kimi oyunçuların meydana çıxması da qol vurmaq üçün kifayət etmədi.
Bazar günü daha 3 oyun keçirildi. Rza Çalımbayın ayrılmasından sonra ''Sivasspor''un başına keçən onun köməkçisi Sərvət Çətin superliqadakı debüt oyununda bərabərliklə kifayətlənməli oldu. Sivas təmsilçisi öz meydanında debütant ''Samsunspor''la bacara bilmədi. Avrokubok oyunlarında fırtına kimi əsən ''Adana Dəmirspor'' isə az qala mövsümə xal itkisi ilə başlayacaqdı. Adana təmsilçisi uzun müddət hesabda öndə olsa da, debütant ''Çaykur Rizəspor'' bərabərlik qolunu vurmağa müvəffəq oldu. Amma son sözü yenə də Patrik Klyuvertin komandası söylədi. Yusuf Ərdoğan qonaqları 1 xala həsrət qoydu. Yenilənmiş və güclənmiş heyəti ilə növbəti dəfə çempionluğa əsas namizədlərdən sayılan ''Fənərbaxça'' mövsümə çətin qələbə ilə başladı. Halbuki İstanbul nəhənginin 190 gündən sonra ilk rəsmi oyununa çıxan ''Qaziantep''lə ev oyununda problem yaşayacağı gözlənilmirdi. 40 minə yaxın azarkeşin dəstəyi ilə oyuna əla başlayan ''Fənər'' Cekonun erkən dublu ilə 2 topluq üstünlük yaxaladı. Tadiç və Şimanski də superliqadakı ilk oyunda məhsuldar ötürmə ilə fərqləndilər. Bu azmış kimi? hissənin ortalarında qonaqların lideri Aleksandru Maksim sarı vərəqə aldığı epizodda kinayəli şəkildə hakimi alqışladığı üçün ikinci sarı vərəqə ilə komandasını pis vəziyyətdə qoydu. Amma qonaqlar ruhdan düşmədilər və fasilə ərəfəsində fərq minimuma endi. İkinci hissə İstanbul nəhəngi üçün asan keçmədi. Xal itirmək istəməyən komanda müdafiədə diqqətli olmağa çalışırdı. 53-cü dəqiqədə Tadiç intriqanı öldürə bilərdi. Amma onun penalti zərbəsini ''Qalatasaray''ın yetirməsi olan qapıçı Batuhan Şən dəf etdi. İkinci hissədə qonaqların azlıqda oynaması, demək olar, bilinmədi. Son anlarda anteplilər hətta əllə oyuna görə hakimdən penalti də tələb etdilər. İntriqa sona qədər davam etsə də, ''Fənər'' sürprizə imkan vermədi.
1-ci tur
Kayserispor - Qalatasaray 0:0
Qalatasaray: Muslera, Boe, Nelsson, Əbdülkərim Bardakcı, Dyubua (Anxelinyo, 55), Berkan Kutlu, Oliveyra (Kərəm Dəmirbay, 70), Barış Alpər Yılmaz (Xəlil Dərvişoğlu, 82), Mertens (Zaha, 70), Kərəm Aktürkoğlu, Bakambu (İkardi, 55).
Fənərbaxça - Qaziantep 2:1
Ceko, 3; 18 - Arda Kızıldağ, 45+5.
Fənərbaxça: Altay Bayındır, Osayi-Samuel (Oostervolde, 34), Bekao (Samet Akaydın, 68), Ciku, Fərdi Kadıoğlu, İsmayıl Yüksək, Mərt Hakan Yandaş (Zayts, 46), Şimanski (Batşuayi, 68), Kent (İrfan Can Kahveci, 85), Tadiç, Ceko.
Fatih Karagümrük - Beşiktaş????
?????
Beşiktaş:?????
Trabzonspor - Antalyaspor 1:0
Densvil, 8.
Trabzonspor: Uğurcan Çakır, Strüger Larsen, Densvil, Benkoviç, Ərən Elmalı, Kurbelis, Visça (Bardi, 46), Bakasetas, Abdülkadir Ömür (Kərəm Şən, 81), Trezeqe (Doğucan Haspolat, 74), Umut Bozok (Qomes, 75).
Adana Dəmirspor - Çaykur Rizəspor 2:1
Belhanda, 27. Yusuf Ərdoğan, 90+1 – Uzueqbunam, 87.
Adana Dəmirspor: Ərtaç Özbir, Svensson, Semih Gülər, Qravilyon, Rodriges (Əbdürrəhim Dursun, 77), Stambuli, Əmrə Akbaba (Dorukhan Toköz, 60), Yusuf Sarı (Yusuf Ərdoğan, 72), Belhanda, Nani (Akintola, 69), Ş.Ndiaye (Nianq, 77).
Konyaspor - İstanbulspor 1:1
Çikalleşi, 86 - İbrahim Yılmaz, 6.
Sivasspor - Samsunspor 1:1
Nji, 11 - Van Drongelen, 78.
Kasımpaşa - Ankaragücü 3:2
Aytac Kara, 30. Foll, 69. Ben Uannes, 90+3 - Əfqan Bəkiroğlu, 73. Sefas, 78.
Pendikspor - Hatayspor 1:5
Türam, 90+3 - Strannberq, 3. Görkəm Sağlam, 23. Bertuğ Yıldırım, 46. Dele-Başiru, 57; 85.
Alanyaspor - İstanbul BŞ?????
?????
Növbəti turun oyunları avqustun 18-21-i aralığında keçiriləcək: İstanbulspor - Kayserispor, Antalyaspor - Konyaspor, Çaykur Rizəspor - Alanyaspor, Hatayspor - Kasımpaşa, Qalatasaray - Trabzonspor, İstanbul BŞ - Fatih Karagümrük, Qaziantep - Sivasspor, Beşiktaş - Pendikspor, Samsunspor - Fənərbaxça, Ankaragücü - Adana Dəmirspor.
Turun rəqəmi
4 - hələ ki tam bir “sirli qutu” olan və necə performans sərgiləyəcəyi bəlli olmayan ''Trabzonspor'' mövsümə çətin ev qələbəsi ilə başladı. Ötən mövsümün 2-ci dövrəsində “sükan arxasına” keçən və ilk 3 ev oyunundan qələbə ilə ayrılan xorvatiyalı Nenad Byelitsa klub tarixində ilkə imza atdı. ''Antalyaspor'' üzərində qələbədən sonra Byelitsa ''Trabzonspor'' tarixində çempionatda ilk 4 ev oyununda qalib gəlməyi bacaran birinci əcnəbi mütəxəssis oldu!
Turun ulduzu
Edin Ceko (Fənərbaxça) - komandaya gələn kimi kapitan sarğısını qoluna keçirən və liderliyi üzərinə götürən bosniyalı ulduz ilk turdan ümidləri doğrultmağa başladı. İlk 18 dəqiqəyə dubl edən təcrübəli futbolçu ''Fənərbaxça''nın mövsümə qələbə ilə başlamasında mühüm rol oynadı. Yeri gəlmişkən, Ceko ilk turdan adını klub tarixinə yazdırdı. O, 37 yaş 148 günlüyündə fərqlənməklə ''Fənər''in tarixində superliqada qol vuran ən yaşlı əcnəbi oyunçuya çevrildi. Böyük ehtimalla Ceko mövsümün gedişində bu rekordu hələ bir neçə dəfə də yeniləyəcək.
Turun sitatı
Dəniz Çoban, futbol şərhçisi, sabiq hakim: ''Qaziantep''in son anlardakı penalti tələbi tam haqsızdı. Bu, illər öncə UEFA tərəfindən qəbul edilmiş bir qaydadı. Bir futbolçunun özü və ya komanda yoldaşı tərəfindən vurulan top onun əlinə dəyirsə, lap əl açıq vəziyyətdə olsa belə, penalti təyin olunmur. Bir dəfə rusiyalı Karasyov belə epizodda penalti vermişdi. Həmin qərar ''Karasyov penaltisi'' kimi yaddaşlarda qalmışdı. Mətbuat və futbol ictimaiyyəti bunu yeni qayda kimi təqdim edir. Amma heç də belə deyil. Qapıya tərəf gedən bir top olsa, o zaman fərqli cür düşünmək olar. Amma top qapıdan uzaqlaşdırılırsa və öz komanda yoldaşından gəlirsə, bu, əllə oyun sayılmır''.
Oyundan sonra
Okan Buruk, ''Qalatasaray''ın baş məşqçisi: ''Hava çox isti idi. Bəlkə də bu üzdən tempimiz aşağı idi. Müdafiədən hücuma çıxarkən problemlər yaşadıq. Düzdü, qol imkanlarımız az olmadı. Amma öz qapımızda da təhlükələr yarandı. Ümumi götürəndə səviyyəmizdən aşağı futbol sərgilədik. ''Kayserispor'' yaxşı mübarizə apardı, rəqibi təbrik edirəm. Ötən mövsüm də Kayseridəki oyunda çətinlik çəkmişdik və məğlub olmuşduq. Amma İstanbulda onları 6:0 yenmişdik. Mövsüm irəlilədikcə formaya düşəcəyik. Anxelinyonun zədəsi var idi. Torreyra xəstəlikdən yeni çıxıb. Zahanı da yalnız 2-ci hissədə oynada bildik. İkardi ötən oyunla müqayisədə daha çox oynadı. Kərəm Dəmirbay da ilk matçına çıxdı. Oyunçular hələ bir-birini yeni tanıyır. Yeni gələnlərin tam hazır olması və komandaya uyğunlaşması üçün hələ bir neçə həftə də gözləməliyik. Təbii ki, mövsümə qələbə ilə başlamaq istəyirdik. Xüsusilə də Sloveniyadakı parlaq qələbədən sonra bu oyunla bağlı böyük ümidlərimiz var idi. Amma 2 xal itirdik və buna görə də üzgünük. Növbəti həftələrdə ''Qalatasaray''ın səviyyəsinə uyğun futbol izləyəcəyik. Bu səviyyəyə uyğun gəlməyən oyunçular bizimlə birlikdə olmayacaqlar! Oyuncularıma və komandama güvənirəm''.
İsmayıl Kartal, ''Fənərbaxça''nın baş məşqçisi: ''Oyuna erkən qollarla və fanatlarımızın mükəmməl dəstəyi ilə çox gözəl başladıq. Rəqib azlıqda qalandan sonra qorxduğum oldu. Belə vəziyyətlərdə komanda vaxtından tez rahatlaşmağa başlayır və konsentrasiyanı itirir. Fasilə ərəfəsində qol buraxınca komandada təşviş başladı. Öz oyunumuzu itirdik. Daha ciddi olmalıydıq. Futbol qeyri-ciddiliyi sevmir. Həm də mövsümün ilk oyunları, adətən, çətin keçir. Biz də bu sindromu yaşadıq. Hərçənd penaltini vursaydıq, bəlkə də böyük hesabla qalib gələrdik. 3 xal qazandığımız üçün sevincliyik. Amma təbii ki, bu oyun bizi qane edə bilməz. Uzun müddət azlıqda oynayan komandaya qarşı daha inamlı performans sərgiləməliydik. Səhvlərimizin üzərində işləyərək yolumuza davam edəcəyik. Səhvlərimizi görməyi, özümüzə tənqidi yanaşmağı bacarmalıyıq. Son anlarda yaşanan epizoda gəlincə, yeni qaydaya görə top ələ öz komanda yoldaşından dəyəndə penalti verilmir. Qaydalarda belə yazılıb''.
Nenad Byelitsa, ''Trabzonspor''un baş məşqçisi: ''Komandamı təbrik edirəm. Layiqli qələbə qazandıq. Oyunun böyük hissəsində matçın axarına nəzarət edən tərəf biz idik. Bunda fanatlarımızın gözəl dəstəyinin də böyük rolu oldu. İlk oyunlar həmişə çətin olur. Mövsümə qələbə ilə başlamaq çox vacib idi. 3 xala görə sevincliyik. Amma üzərində çalışmalı olduğumuz məqamlar da az deyil. ''Trabzonspor'' bundan da yaxşı oynamağa qadirdi. Son anlarda həm də müdafiə olunmağı bacardığımızı göstərdik. Yorğunluq da özünü büruzə verdi. 2-ci qolu vura bilsəydik, bizim üçün bu qədər çətin olmazdı. Visçanın gələn oyuna hazır olub-olmayacağını bilmirəm. Əzələsində ağrı hiss etdiyi üçün fasilədə onu əvəzlədik. Artıq bütün diqqətimizi ''Qalatasaray''la oyuna yönəldəcəyik''.
Faktlar
* ''Trabzonspor'' ardıcıl 3-cü dəfə mövsümə qələbə ilə başladı. Komandanın sonuncu dəfə belə seriyası 2016-18-ci illərdə olmuşdu.
* ''Kayserispor''la oyunda ''Qalatasaray''ın ehtiyatdakı oyunçularının dəyəri 89,9 milyon avro idi. ''Fənərbaxça'', ''Beşiktaş'' və ''Trabzonspor'' istisna olmaqla superliqada digər 16 komandanın hər birinin heyətinin dəyəri bundan daha azdı!
* ''Qalatasaray'' ardıcıl 3-cü mövsümdə Kayseri səfərində qələbəyə həsrət qaldı (1 heç-heçə, 2 məğlubiyyət). ''Cim-Bom'' superliqada bu səfərdə daha uzun qələbə həsrətini 2007-2010-cu illərdə yaşayıb (5 oyun)
* ''Qalatasaray''ın 1-ci turlarda 3 oyunluq qələbə seriyası başa çatdı. İstanbul nəhəngi sonuncu dəfə 2019/20-yə xal itkisi ilə başlamışdı (''Dənizlispor'', 0:2).
* Elitada 23-cü mövsümünü keçirən ''Konyaspor'' 10-cu dəfə ''futbol ili''nə öz meydanında başladı. Komanda bu 10 matçın heç birində məğlub olmayıb (4 qələbə, 6 heç-heçə). Turnirin tarixində 1-ci tur çərçivəsində öz meydanında keçirdiyi ilk 10 oyunda uduzmayan başqa komanda olmayıb!
* ''Hatayspor''un çalışdırıcısı Volkan Dəmirəl superliqada ən böyükhesablı qələbəsini qazandı (5:1).
* ''Fənərbaxça'' öz meydanında ''Qaziantep''ə qarşı keçirdiyi 6-cı rəsmi oyunda 6-cı qələbəsini qazandı.
* ''Fənərbaxça'' ilk turu öz meydanında keçirdiyi ardıcıl 9-cu oyunda uduzmadı (8 qələbə, 1 heç-heçə). ''Fənər''in superliqada mövsümə ev məğlubiyyəti ilə başlamasına sonuncu dəfə 2003/04-də ''İstanbulspor''la oyunda (0:3) rast gəlinib. Maraqlıdı ki, komanda həmin il çempion olmuşdu. Ümumilikdə ''Fənərbaxça'' ardıcıl 7-ci dəfə mövsümə məğlubiyyətsiz başladı (5 qələbə, 2 heç-heçə).
* ''Fənərbaxça'' tarixi ərzində superliqaya yerli baş məşqçi və ev oyunu ilə başladığı 9 mövsümün hamısına qələbə ilə start verib.
* ''Fənərbaxça'' İsmayıl Kartalın başçılığı altında ardıcıl 15-ci superliqa oyununda uduzmadı (12 qələbə, 3 heç-heçə). Kartal bununla da Aykut Kocaman (27) və Səbri Kirazdan (17) sonra ''Fənər''in başında 15 oyunluq məğlubiyyətsiz seriya yaxalayan cəmi 3-cü yerli məşqçi oldu!
1-ci LİQA
1-ci tur: Boluspor - Adanaspor 0:2, Keçiörəngücü - Eyupspor 0:1, Girəsunspor - Bodrum 0:1, Kocaelispor - Manisa 0:2, Gənclərbirliyi - Ümraniyəspor 2:1, Tuzlaspor - Çorum 0:3, Ərzurumspor - Bandırmaspor 1:1, Göztəpə - Sakaryaspor 0:1, Şanlıurfaspor - Altay?????.