"Neftçi"yə qarşı sürətli oyun gözləyirəm" - Şenol Günəş

15.08.2023 10:31 215
Konfrans Liqası
“Neftçi” və “Pendikspor”a qarşı doğma meydanda iki matçımız olacaq. Daha həvəsli və sürətli oyun gözləyirəm”.

"Football-plus.az" xəbər verir ki, bu sözləri Türkiyənin “Beşiktaş” komandasının baş məşqçisi Şenol Günəş “Fatih Karagümrük”ə səfərdə 1:0 hesabı ilə qalib gəldikləri Superliqanın ilk turunun qarşılaşmasından sonra mətbuat konfransında deyib.

72 yaşlı mütəxəssis görüşün ilk hissəsində sərgilədikləri oyun üçün azarkeşlərdən üzr istəyib:

“Bura qələbə qazanmaq üçün gəlmişdik. Bütün futbolçuların da eyni fikirdə olduğunu düşünürəm. Amma istəklərimiz meydanda tam əks olunmadı”.


Təcrübəli baş məşqçi zədəli olan Raşid Gezzalın durumu haqqında da danışıb:

“O, getdikcə yaxşılaşır və hazırda fərdi məşqlərə başlayıb”.

Qeyd edək ki, “Neftçi” Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk matçında Bakıda “Beşiktaş”a yenilib – 1:3. Cavab qarşılaşması avqustun 17-də gerçəkləşəcək.