Bu dəfə Qurban Qurbanovun məsuliyyəti digər matçlara nisbətən qat-qat artıq idi.
“Qarabağ”ın “Rakuv”la heç-heçə üzündən Avropa Liqasına yuvarlanması, Şahruddinin ciddi səhvləri həftəboyu müzakirə olunmuşdu, azarkeşlər ciddi narahatlıq keçirirdi. Ağdamlılar turnir vəzifəsinin həll üzərində düşünməklə yanaşı, “Neftçi”nin iki il əvvəlki məğlubiyyətinin qisasını da HİK-dən ala bilərdi. Heç şübhəsiz, çempionumuz favorit idi. Hətta “Qarabağ”ın cütün taleyini 70-80 faiz Bakıda həll edəcəyini deyən mütəxəssilər də var idi. “Qarabağ”ın futbolçuları potensialına və ustalıq səviyyəsinə görə rəqibi açıq-aşkar üstələyirdi. Sadəcə, bunu yekun nəticəyə köçürmək lazım gəlirdi. Oldu, amma istədiyimiz kimi olmadı...
İlk dəqiqələrdən bəlli oldu ki, hər iki komanda açıq futbol oynamaq niyyətindədi. Hücum cəhdləri bir-birini izləyirdi. HİK sağ cinahda fəal görünür, qol vəziyyətləri yaratmağa çalışırdı. Lakin Korkeakunnas “Qarabağ”ın belə vəziyyətlərdən rahat çıxış yolu tapdığını hesablamamışdı. Nəticədə qısa ötürmələr və aldadıcı hərəkətlərlə qapı önünə çatan “köhlən atlar” 4-cü dəqiqədə hesabı açdı. Azarkeşlər erkən qola sevinərkən VAR hakimləri Reynsreyberi təkrarı izləməyə dəvət etdi. Məsələ ədalət təmsilçisinin qolu ləğv etməsi ilə yekunlaşdı. Çünki Cica həmin epizodda qapıçının görmə bucağını daraltmışdı. Bundan sonra qonaqların hücum cəhdləri intensivləşdi. Bir neçə dəqiqə bizimkilərin süst oyununu izlədik. Buna baxmayaraq, “Qarabağ” topun uzun müddət rəqibdə qalmasına imkan vermirdi. Cica, Andrade və Zubirin qeyri-dəqiq zərbələrindən sonra bəlli oldu ki, Finlandiya təmsilçisinin müdafiə xətti gözləniləndən zəifdi. Qonaqları daha çox müdafiədə görürdük. Bu ərəfədə Raduloviç “Qarabağ”ın qapısı önündə hakimi yanıldıb komandasına penalti qazandırmağa cəhd etdi. Lakin Reynsreyber “tələyə düşmədi” və onu “sarı” ilə cəzalandırdı. İlk 45 dəqiqədə ağdamlıların xeyli qol imkanı qeydə alındı. Amma tabloda hesab dəyişmədi ki dəyişmədi.
Rəqib paltardəyişmə otağından dönəndə yorğun görünürdü. “Qarabağ” dinamik oyunla finlərin ayaqlarını qazona “mismarlamışdı”. Meydan sahibləri 2-ci hissənin ilk dəqiqələrində sanki Şahruddinə istirahət vermişdilər. Ağdam təmsilçisi rəqibi öz qapısı önünə sıxışdırıb qol şansı arayırdı. Finlərin hücum cəhdləri isə başlamamış bitirdi. İlk təhlükəli vəziyyətdə Yankoviç - Medina cütlüyünün planı qapı önünə qədər işə yarasa da, ikincinin zərbəsi tirin üzərindən keçdi. Qurbanovun komandası hücum cəhdlərində israrlı davranırdı. Nəhayət, 55-ci dəqiqədə qol gördük. Yankoviçdən ötürmə alan Zubir Andradeni vaxtında “gördü”. Portuqaliyalı hesabı açmaqla azarkeşləri ayağa qaldırdı. Qoldan sonra məşqçilərin taktiki savaşı daha da alovlandı.
Ollilanın matça çıxması ilə qonaqların oyun tərzi dəyişdi. Rəqib “Qarabağ”ın ilk dəqiqələrdəki performansına yaxın çıxış edirdi. Bu ərəfədə qonaqlar bir neçə qol imkanını boşa verdi. Bizimkilərin növbəti hücumu isə Andradenin zərbəsi ilə tamamlandı. Bəxtsizlikdən top dirəkdən qayıtdı. Ardınca Elvin önünə düşən topu “çərçivə”yə göndərmək istəsə də, zərbə qeyri-dəqiq oldu. “Köhlən atlar”ın rəqibi cərimə meydançasına sıxışdırması gərginlik yaratmışdı. Korkeakunnas 72-ci dəqiqədə birdən-birə üç dəyişikliyə əl atdı. Cavab qolunu məhz yenilər təşkil etdi. Hostika ötürdü, Olusanya bitirdi. Ancaq Qurban Qurbanov hər belə zərbədən sarsılsaydı, onda Qurban Qurbanov olmazdı ki! “Qarabağ”a qələbəni məhz onun əvəzetmələri gətirdi. Düzdü, buna qədər Şahruddin bir neçə dəfə xilaskar rolunu oynadı. Hərçənd bəzi səhvləri də var idi. Qələbə topuna gəlincə, Yankoviçin qapı önünə göndərdiyi topu Keyta saxladı və cüssəsi hesabına müdafiəçini də işsiz qoydu. Ardından Juninyo toru sirkələdi – 2:1. Qonaqlar son dəqiqələrdə sürətli oyun göstərdi. Hətta “Qarabağ” üzərində müəyyən təzyiq də yarada bildilər. Lakin müdafiəçilər yaxşı çıxış etdi. Qonaqların baş məşqçisinin futbolçuları tələsdirməsi də işə yaramadı. Təbii ki, istənilən qələbə heç-heçədən yaxşıdı. İndi “Qarabağ” bu hesabı avqustun 17-də səfərdə də qorumalı, HİK-i yolundan kənarlaşdırmaqla ən azı Konfrans Liqasının qrupuna vəsiqəni təmin etməlidi.
Gözdən qaçmadı
* Qurban Qurbanov sayılmayan erkən qola görə ruhdan düşdüyü hiss edilən futbolçularına əl işarəsi ilə “yüksəlin” mesajı verdi.
* Qurbanov Andradeni, adətən, cinah yarımmüdafiəçisi mövqeyində oynadırdı. Futbolçu ilk dəfə 4-2-3 düzülüşündə hücumçu kimi çıxış etdi ki, qol da vurdu.
* Azarkeşlər bu dəfə 44-cü dəqiqədə ənənəvi “şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndirmədi.
* 66-cı dəqiqədə Bəhlul, Medina və Raduloviç arasında mübahisə yarandı. Hakim HİK-in futbolçusunun şikayətindən sonra ağdamlılara şifahi xəbərdarlıq etdi.
* Reynsreyber 25 və 69-cu dəqiqələrdə su fasiləsi elan etdi. Axşam 20-22.00 arasında havanın hərarəti 33-ü göstərirdi.
* Korkeakunnas 83-cü dəqiqədə qola çevrilməyən ardıcıl 4 zərbədən sonra papağını çıxarıb yerə tulladı.
Reaksiyalar
Toni Korkeakunnas: "Hisslərim qarışıqdı. "Qarabağ"ın vurduğu hər iki qol zamanı sanki yuxuluyduqk. İlk dəqiqələrdə dinamik oynaya bilmədik. Matça ehtiyatlı başlamışdıq. Sevinirəm ki, vəziyyətə tez uyğunlaşa bildik. Birinci hissədə komandamdan o dəqər də razı qalmadım. İkinci 45 dəqiqə isə ürəyimcə oldu. Artıq rəqibin oyun tərzinə uyğunlaşmışdıq. Matç irəlilədikcə daha cəsarətli oynayıb "Qarabağ"ın öhdəsindən gəlməyə çalışdıq. Sona qədər dözə bilsəydik, nəticə fərqli ola bilərdi. Uyğunlaşdıqdan sonrakı performansımızı əvvəldən sərgiləsəydik qələbəyə, ən azı heç-heçəyə nail olacaqdıq. Lakin alınmadı. Çünki rəqib boşluqlardan məharətlə istifadə edən komandadı. Cavab matçına gəlincə, ümidliyəm. İlk oyun "Qarabağ"ı yenə biləcəyimiz haqda fikirlərimi təsdiqlədi. İndi bunu daha dəqiq hiss edirəm. Komandam istədiyim səviyyədə oyun göstərməyə xeyli yaxınlaşıb. Bakıda məğlub olduq, amma hələ heç nə bitməyib".
Toral Bayramov: “Matça ciddi hazırlaşmışdıq. Rəqibi yaxşı təhlil etmişdik. Çalışırdıq ki, qələbə qazanaq. Çünki bu gün qələbə bizə çox lazım idi. Oyun çətin keçsə də, şükürlər olsun ki, istəyimizə çatdıq. Qalib gəlməklə azarkeşlərimizi sevindirdik. Çalışacağıq ki, cavab oyununda da bunun ardını gətirək... Bəli, bu gün çoxlu epizodumuz olsa da, dəyərləndirə bilmədik. Futbolda belə hallar olur. Bəzən yoxdan qol vurursan, bəzən də real şansları boşa verirsən... Cinah fərqli olsa da, özümü rahat hiss edirəm. Məşqçi güvənib fərqli mövqedə şans verirsə, orda da oynamağa hazıram. Mövqeyin fərqi yoxdu. Əsas odu ki, komandaya faydalı olmaq üçün əlimdən gələni edirəm... Rəqibin bu cür oynayacağını bilirdik. HİK-in sürətli futbolçuları var. Bu gün açıq futbol oynadıq. Bu da rəqib üçün şansların yaranmasına səbəb olurdu".
Kevin Medina: "HİK haqda ətraflı məlumata sahib deyildik, çünki daha əvvəl qarşılaşmamışdıq. Bugünkü oyun Finlandiya təmsilçisinin ciddi rəqib olduğunu göstərdi. Lakin sərgilədikləri performansa layiqli cavab verə bildik... Futbol dialoqlar üzərində qurulur. Oyun ərzində belə epizodlar çox olur. Elvinlə (Cəfərquliyev - red.) danışığımız, sadəcə, oyun epizodu idi. Nəzərə almaq lazımdı ki, stadionda azarkeşlərin səsindən bir-birimizi eşitmirik. Buna görə də bəzən ucadan qışqırmağa məcbur oluruq. Kənardan baxanlar mübahisə etdiyimizi zənn edə bilər... Mediada, sosial şəbəkələrdə yazılan fikirlər bizə təzyiq etmir. Əsl təzyiqi meydanda hiss edirik. Mənə elə gəlir ki, mətbuatın “Qarabağ”ın üzərinə çox getməsi anlaşılmazdı. Çünki “Qarabağ” illərlə azarkeşlərinə sevinc yaşadıb. Digər klublar kimi, “Qarabağ”a da dəstək olmaq lazımdı ki, gərginlik azalsın... Mərhələni adlamaq şansı həmişə var. Üzərimizə düşən işləməkdi. Əlimizdən gələni edəcəyik ki, növbəti tura keçək. Futbol səhvlərdən ibarətdi. Ümumiyyətlə, “Qarabağ” az qol buraxan klublardandandı. Rəqib də məhsuldar komandalardan sayıla bilər. HİK əldə etdiyi şansları dəyərləndirməyi bacarır. Rəqib təzyiq yaratdıqda bəzi epizodlarda ehtiyatsız davrandıq. Bütün bunları yoluna qoymaq üçün daha çox çalışmalıyıq".
Yesse Ost: “Məyusuq. Qələbə bizə çox yaxın idi. Təəssüf ki, istədiyimizi ala bilmədik. Buna baxmayaraq, ümidimiz tükənməyib. Mərhələ adlamaq üçün cavab oyununda yaxşı şansımız var. İkinci görüşdə daha riskli oynayacağıq. Maraqlıdı ki, uzun müddət topu özümüzdə saxlayanda qol imkanları yarada bilirdik. Ona görə də gəlin, azərbaycanlı oğlanları Helsinkidə topsuz qaçmağa məcbur edək”.
Antoni Olusanya: “Hesabı bərabərləşdirdikdən sonra önə çıxmaq üçün imkanlar qazanmışdıq. İkinci qola rəqibdən daha yaxın idik. Lakin şansımızdan istifadə edə bilmədikdən sonra rəqib fərqləndi. Matçın ilk dəqiqələrini saymasaq, oyun qənaətbəxş keçdi. “Qarabağ”ı mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.