Lionel Messi “İnter Mayami”yə qısa zamanda uyğunlaşıb. Dünya şöhrətli futbolçunun yeni komandasında qolları sıralaması hamıya bəllidi.
"Football-plus.az" xəbər verir ki, onun Liqalar Kubokunun 1/8 finalının oyununda “Dallas”ın qapısına yol tapdığı epizod qeyri-adi alınıb.
Cərimə zərbəsi ilə möhtəşəm qol vuran argentinalı hücumçunun bu məharəti sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. Belə ki, tamaşaçılardan biri həmin epizodu diqqətlə lentə alaraq internetdə yerləşdirib. Videoda Lionelin topun mövqeyini bir neçə dəfə dəyişməsi, onu sola çəkməklə qol vurmaq şansını artırması əksini tapıb.
Yeri gəlmişkən, “İnter Mayami” Nik Marsman ilə müqaviləni pozub. Rəhbərlik bu qərarına rəsmən aydınlıq gətirməyib. Amma ABŞ mənbələri qapıçı ilə vidalaşmaq qərarına onun bir neçə həftə əvvəl dünya çempionunun transferinə qarşı çıxmasının səbəb olduğunu ehtimal edir. Marsman bu barədə belə deyib: “Şəxsən mən klubun Messinin transferinə hazır olduğunu düşünmürəm. Müvəqqəti stadionda oynayırıq, stadionun qapıları yoxdu, azarkeşlərimiz isə qazonda rahatca gəzişə bilirlər. Biz bu stadionu mühafizə olunmadan tərk edirik. Qısası, infrastrukturumuz Messinin gəlişinə hazır deyil”.