Türkiyədəki sürətli inflyasiya Cenk Tosun ilə ''Beşiktaş'' arasında yeni müqavilə ilə bağlı danışıqların dayanmasına səbəb olub.
"Football-plus.az" xəbər verir ki, mayda tərəflər arasında müqavilənin yenilənməsi və Cenkin illik maaşının 1,4 milyon avroya qədər qaldırılması barədə şifahi razılıq əldə olunmuşdu. Amma mayda 1,4 milyon avro 27,5 milyon lirəyə bərabər idisə, indi təxminən 42 milyon lirəyə bərabərdi! Ona görə də rəhbərlik geri addım atmalı olub. Cenk isə ona verilən sözün yerinə yetirilməsini tələb edir. Amma klubdan onunla heç kim əlaqə saxlamağa tələsmir. Əslində təcrübəli forvardın müqavilə müddəti bu yay başa çatmalı idi. Amma Cenk ötən mövsüm 15 qol həddini (34 rəsmi oyun, 18 qol, 8 ötürmə) keçdiyi üçün müqaviləsi avtomatik olaraq yeniləndi. Sadəcə məhşur hücumçu maaşının artırılmasını istəyir. Çünki o, ötən mövsüm illik cəmi 300 min avro qazanmışdı. Cenk və Abubakar ''Qartal''ın iki əsas qol silahı sayılır. Amma onların maaşları arasında uçurum diqqət çəkir. Abubakarın illik qazancı 3,1 milyon avrodu!
Qeyd edək ki, təxminən 2 aylıq zədədən sonra yenicə məşqlərə başlayan Cenk Tosunun ''Neftçi''yə qarşı ilk oyunda oynaması gözlənilmir.
ƏLİ