Tanınmış alman mütəxəssis Kristof Daumun gözəl bir sözü var idi.
Deyirdi ki, futbolu bir cinsi əlaqəyə bənzətsək, qol vurmaq da onun kulminasiyasıdı, yəni ki, orqazma çatmaq. İndi həmin Daum amansız xəstəliklə mübarizə aparır, bizim də dualarımız onunladı. Amma futbol yenə də milyonların sevimli oyunudu, həmin milyonlara həzzin kulminasiyasını yaşatmaqda davam edir. Dauma hörmət və sevgimi bir daha ifadə edəndən sonra onun sözlərinə kiçik bir dəyişiklik etmək istəyirəm. Azərbaycan klubları üçün avrokubok oyunları mövsümün kulminasiya nöqtəsidi. Klublar və onların azarkeşləri mövsüm ərzində çalışır, əziyyət çəkir. Qələbələr qazananda sevinirik, uduzanda təssüflənirik. Bütün bu mübarizə onun üçündü ki, avrokuboklara vəsiqə qazanılsın və orda Azərbaycan futbolunu layiqincə təmsil etsinlər. Orda qazanılan qələbələr, uğurla keçilən mərhələlər də mövsüm ərzində davam edən mübarizənin həzzinin kulminasiya nöqtəsi olur.
Bu baxımdan hazırda yaşadığımız həftə Azərbaycan futbolu üçün xeyli önəmlidi. “Qarabağ”, “Sabah”, “Qəbələ” və “Neftçi” ciddi sınaq ərəfəsindədi. “Köhlən atlar” Çempionlar Liqasında, başqaları isə Konfrans Liqasında “davam, yoxsa tamam” sualına cavab verməlidi. Düzdü, “Qarabağ” artıq bir mərhələni geridə qoyub. Di gəl ki, Polşa çempionu “Rakuv” la mübarizənin ilk ciddi sınaq olduğunu hamımız qəbul edirik. Futboldan az-çox baş çıxaran hər kəs bilir ki, Cəbəllütariq çempionu “Linkoln” heç bir göstəriciyə görə “Qarabağ”la müqayisə ediləsi deyildi. Elə rəqibin hər iki oyunda məğlub olması, xüsusilə də Bakıda “Qarabağ”a heç bir müqavimət göstərə bilməməsi dediklərimin sübutudu. Bu baxımdan da “köhlən atlar” üçün Çempionlar Liqasının qrupuna gedən yolda ilk ciddi əngəl “Rakuv”du. Qitənin ən nüfuzlu klub turnirinin himnini yenidən Bakıda səsləndirmək və dinləmək istəyiriksə, bu səddi aşmalıyıq.
İlk görüşdə rəqib qələbə qazansa da, “Qarabağ”ın mərhələ adlamaq şansları heç də pis deyil. Kaş ki, kobud səhvlərdən sonra qapımızda gördüyümüz o iki qoldan heç olmasa, birini əngəlləyə biləydik. Səfərdəki görüş heç-heçə bitsəydi, indi daha rahat şəkildə cavab qarşılaşmasını gözləyərdik. İstənilən halda, məğlubiyyət həm komandanın, həm də azarkeşlərin əhvalını korlayır, psixoloji üstünlüyü rəqibin tərəfinə keçirir. Amma unutmaq lazım deyil ki, “Qarabağ” bundan da çətin tapşırıqların öhdəsindən gəlib, daha mürəkkəb durumlardan çıxış yolunu tapıb. Azərbaycan çempionunun indiyə qədər qarşılaşdığı Polşa təmsilçilərinin hamısını yolundan kənarlaşdırması çox şeydən xəbər verir. Özü də ilk oyundakı müşahidələrimiz onu göstərdi ki, “Rakuv” ölkəsinin çempionu olsa da, “Legiya” və “Lex” qədər çətin, qorxu saçan rəqib deyil. Onların necə çempion olduğunu araşdırmaq bizim işimiz deyil. Bəlkə də Çempionlar Liqasındakı təcrübəsizlik, “Qarabağ”ın adının verdiyi həyəcan polşalıların əl-ayağını bağlamışdı. Hər nədisə, bu görüntünün BOS-da baş tutacaq qarşılaşmada davam edəcəyinə, mərhələni adlayan tərəfin məhz “Qarabağ” olacağına inanmaq üçün yetərincə əsaslar var.
Avrokuboklara vəsiqə qazanan dörd təmsilçimizin arasında növbəti mərhələyə adlamağa ən şanslı görünən “Sabah”dı. Masazır təmsilçisi avrokubokların debütantı olsa da, Riqada yetərincə inamlı göründü. Hesabdakı 2:0 üstünlük də məhz bu inamlı oyunun, hətta səviyyə fərqinin göstəricisi idi. “Sabah” RFŞ-dən qat-qat səviyyəli və hazırlıqlı komandadı. Rəqibin öz ölkəsinin çempionatında hegemonluq etməsinin bir səbəbi də həmin yarışın səviyyəsinin aşağı olmasıdı. Bu sözləri deməklə “Sabah”ın başının altına yastıq qoymaq, Latviya təmsilçisini aşağılamaq fikrində deyiləm. “Sabah” da bu yerlərə bir günün, bir həftənin içində gəlməyib, hazırkı səviyyəsinə asanlıqla yüksəlməyib. Ortada sistemli işin, enişli-yoxuşlu uzun bir yolun nəticəsi var. İndi də həmin bəhrəni “Sabah” görür. Komanda bu mərhələdən sonra da uğurlu çıxış edəcək, uğur qazanacaq gücədi.
Rəhman Hacıyevin Sarayevoda son dəqiqələrdə vurduğu qol “Neftçi”yə böyük sevinclə yanaşı, “Beşiktaş”a rəqib olmaq üçün əla şans gətirdi. Az öncə qeyd etdiyim kimi, səfərdən heç-heçəylə dönmək doğma meydandakı görüş ərəfəsində psixoloji üstünlük də verir. İndi “Neftçi” həmin üstünlüyü dəyərləndirməli, Sarayevoda başladığı işi Bakıda bitirməlidi. “Jelezniçar” “Neftçi”nin İstanbula qədər uzanacaq yolunu kəsəcək səviyyədə rəqib deyil. “Ağ-qaralar” Rəhmanın gözəl qoluyla vəziyyəti öz xeyrinə dəyişib, mərhələnin qapısı aralanıb. Bu iş doğma meydanda bitəcək. “Qəbələ” haqda uzun-uzadı nəsə danışmağa ehtiyac yoxdu. Bölgə təmsilçisi onsuz da çətin işlərin öhdəsindən gəlməyi öyrəncəlidi. Elə ilk oyundan öncə də “Omoniya” cütün favoriti idi. İndi də elədi. Ümid ancaq möcüzəyədi. Onsuz da reallığı hamımız bilirik və onunla barışmışıq.
AMAL