PSJ ilə Kilian Mbappenin qarşılıqlı münasibətlərinin tarixçəsi haqda nə vaxtsa serial çəkiləcək.
"Football-plus.az" xəbər verir ki, serialın yeni mövsümü cümə günü – parislilər kapitanın adını Yaponiya turnesinə yollanan heyətdən çıxaranda start götürdü. Klub fununla da faktiki ulduzu transferə çıxardı. İndi o, ya iyulun 31-nə qədər müqavilə müddətini uzatmalı, ya da başqa kluba keçməklə bağlı qərar verməlidi. Artıq Mbappenin ətrafına çatdırılıb ki, əks halda futbolçu qarşıdakı mövsümü ehtiyat oyunçular skamyasında keçirməli olacaq.
Bu hadisələr cərəyan etməkdəykən Mbappe transferə çıxarılan Leandro Paredes, Corcinyo Viynaldum və Abu Diallo ilə birgə məşqlərə çıxır. Bazanın hüdudlarından kənarda baş tutan məşqlərin birindən sonra Kilian maşından çıxıb, azarkeşlərə avtoqraf verib və onlarla şəkil çəkdirib. Bundan başqa, Peşəkar Futbolçuların Milli Həmkarlar İttifaqı da Fransa hakimiyyət orqanlarını, nəhayət, Qətərə və PSJ-yə qarşı çıxmağa çağırmaqla Kilianı müdafiə edib. Axı Paris klubu əvvəllər yeni müqavilə bağlamaqdan boyun qaçıran Adrien Rabyonu da oyun praktikasına həsrət qoyub və başqa futbolçulara da təzyiq göstərib. Bu arada “Le Parisien” xəbər yayıb ki, sərt mövqeyə rəğmən, klubun və futbolçunun vəkilləri bir araya gələrək sivil şəkildə ayrılmağın yolları ilə bağlı danışıq aparıblar. Yeri gəlmişkən, bu serialda rol alan obrazların sırası da həndəsi silsilə üzrə artır. Mbeppeyə iddialılar sırasında artıq “Real”la yanaşı, MY, “Çelsi”, “Tottenhem” və “Əl-Hilal” da var.
Səudiyyə Ərəbistanı klubu bu yarışda əvvəlcə autsayder kimi görünürdü. Krallıqda Kriştiano Ronaldo və Kərim Benzema başda olmaqla ulduz desantının lövbər salmasına baxmayaraq, Mbappenin karyerasının çiçəkləndiyi vaxt Yaxın Şərqə köçməsi qeyri-elmi fantastika kimi görünürdü və görünür. Bununla belə, məhz Lionel Messini dilə tuta bilməyən “Əl-Hilal” konkret addımlar atmaqdadı.
Neymardan baha
Səudiyyə Ərəbistanının ən titullu klubu sanki hücuma ulduz oyunçu tapmaqdan ötrü sinov gedir. “Əl-Hilal”ın müdafiəsini Kalidu Kulibali möhkəmləndirib. Orta sahəni Ruben Neveşlə Sergey Milinkoviç-Saviç bəzəyir, forvardlarla bağlı isə kasadlıq hökm sürür. Ər-Riyaddan gələn təklif Harri Keyn üçün o qədər də maraqlı deyil. Romelu Lukau ildə 50 milyon avro qazanmaq perspektivi üzərində düşünür.
Bu tarixçələrlə paralel Mbappe ovu da başlayıb. İnformasiya məkanında adı o qədər də çəkilməyən klubun Parisə Kilianın transferi ilə bağlı nəhəng məbləğ əsasında şifahi təklif göndərməsinə dair xəbərlər yayılıb. Həmin təklif PSJ-nin Neymarı alarkən “Barselona”ya ödədiyi 222 milyonu da aşır. İlk xəbərlər yayılandan az sonra “Əl-Hilal”ın adı çəkildi və fransalı ulduzun karyerasının inkişafı ilə bağlı maraqlı və təəccüb doğuran variant üzə çıxdı.
Futbolçu ilə cəmi bir mövsümlük müqavilə bağlayıb növbəti yay onu arzularının arxasınca “Real”a buraxmaq, demək olar ki, Şərq nağılıdı. Bu variant ulduzu havayı buraxmayacaq PSJ-ni razı salır. Öz növbəsində “Real” da cari planını reallaşdıracaq və Mbappeni azad agent kimi “rənglərinə bağlayacaq”, “Əl-Hilal” isə il boyunca diqqət mərkəzində olacaq.
Amma Kilian özü çətin ki mövsümü Avropa futbolundan kənarda keçirmək perspektivindən məmnun ola. Hərçənd onun ətrafından taleyi ilə barışmağa və bir il ehtiyatda qalmağa hazır olması ilə bağlı mesajlar gəlir. Sadəcə, bu ticarət və kluba cavab təzyiqi elementi kimi görünür. Ona görə ki, hətta PSJ-yə loyallığa görə ödəniləcək 90 milyonluq bonus belə Mbappenin birillik fəaliyyətsizliyini rövnəqləndirə bilməz. Bu tarixçədə pul vacibdi, ancaq hər şeyi yalnız kağız üzərinə yazılan məbləğlər həll etsəydi, işlər daha asan olardı.
Saniyədə 22 avro
Hələ ki Mbappe dediyinin üstündə qalır – müqavilə müddətinin sonuna qədər getmək istəmir və bir il sonra imzahaqqı kimi 100 milyon almaqla “Real”a keçməyin planlarını qurur. Hərçənd “Le Parisien” onu da iddia edir ki, PSJ-nin prezidenti Nasser Əl-Xelayfi kapitanı başqa klubların da təkliflərini dinləməyə inandırmağa çalışır. O cümlədən transferə görə pul ödəməyə imkanı olmasa da, əvəzində bir qrup futbolçu verməyə hazır olan “Barselona”nın təklifini. Luis Enrikenin orda layiqli namizədlər tapacağı dəqiqdi və kataloniyalılar artıq parislilərlə təmasa keçib.
Ancaq konkret təkliflə üz tutan yalnız “Əl-Hilal”dı və ərəblərin variantı maliyyə planında PSJ-ni tam qane edir. Əlbəttə, Fransa çempionu vaxtilə Mbappeyə görə 200 milyon qazanmaq istəyirdi, indi isə aşağı həddi 150 milyona salıb. Məşhur insayder Fabritsio Romano iddia edir ki, Ər-Riyaddakılar hətta 300 milyon ödəməyə hazırdı. Bu artıq dünya rekordudu, ancaq mümkün sövdələşmədə ən cəlbedici rəqəm deyil. Əsl kosmik səviyyə Mbappe üçün nəzərdə tutulan illik 700 milyon maaşdı. Bu məbləği CBS-in əməkdaşı Ceyms Benc ictimailəşdirib. Orta hesabla götürsək, belə çıxır ki, Mbappe saniyədə 22 avro qazanacaq. Göstərilən məbləğ “Əl-Hilal”ın Messi üçün nəzərdə tutduğundan (400 milyon avro) təxminən iki dəfə artıqdı. Leo Amerika variantını seçməklə pulun qarşısında duruş gətirdi. Mbappenin qərarı isə PSJ-nin artıq razılıq verdiyi danışıqların nəticəsindən asılıdı. Belə vəsvəsələr hələ futbol tarixində olmayıb. Və bəzi nüfuzlu ekspertlər belə hesab edir ki, “Real” və şəxsən Florentino Peres təcili oyuna qoşulmalıdı. Oyunun başa çatmasına hələ var və ən maraqlı epizodların irəlidə yaşanacağını gözləmək olar.