Dünya transfer bazarında, belə desək, Səudiyyə Ərəbistanı klublarının at oynatmasında dövlətin böyük rol oynadığı bir daha təsdiqini tapıb. Bu fikri sübut edən qərar qəbul edilib.
"Football-plus.az" xəbər verir ki, Səudiyyə Ərəbistanı İdman Nazirliyi 2030-cu ilə qədər transferlər üçün klublara 19,7 milyard avrodan çox vəsait ayırıb. Bu barədə jurnalist Ben Ceykobs şəxsi “tvitter” hesabında belə yazıb:
“İdman Nazirliyi Səudiyyə Ərəbistanı çempionatı klublarının 2030-cu ilə qədər olan dövrdə reallaşdıracağı transferləri üçün 17 milyard funt sterlinq (19,7 milyard avro) ayırıb. Yayın əvvəlində “Əl-Hilal”ın Kilian Mbappeni transfer etmək istəyəcəyi büdcədə nəzərə alınmamışdı. Lakin bu futbolçunun klubundakı durumunun dəyişməsi artıq PSJ-nin hücumçusunun da “Əl-Hilal” ilə danışıqlar prosesinə cəlb olunmasını mümkün edir. Odu ki, dövlət büdcəsində bu transfer də nəzərə alınıb”.
Bir daha xatırladaq ki, “Əl-Hilal”ın Mbappeyə görə PSJ-yə dünya futbolu üçün rekord sayılan 300 milyon avro təklif etdiyi barədə xəbərlər yayılıb. İddiaya inansaq, bu klub birillik müqaviləyə görə fransalı oyunçuya 700 milyon avro ödəməyə hazırdı.