Yay “transfer pəncərəsi” açılan kimi Kilian Mbappe ətrafında transfer dastanı da başladı. Söhbət dünyanın ən yaxşı iki-üç futbolçusundan birindən gedirsə, başqa cür də ola bilməz. Sadəcə, gənc ulduzun adı ətrafında elə dolaşıq vəziyyət yaranıb ki, heç fələk də baş çıxarmır.
Reallıq budu ki, PSJ rəhbərliyinin ətrafında yeni komanda qurmağı planlaşdırdığı Kilian Mbappe indi klub üçün qeyri-adi dərəcədə zəhərli fiqura çevrilib. Hətta o dərəcədə ki, parislilər faktiki onun üzərindən xətt çəkiblər və klubdan qovmağa hazırdılar. Mbappenin iki həftə ərzində ya müqavilə müddətini uzatması, ya da klubdan getməsi ilə bağlı ultimatum da artıq aktuallığını itirib. Futbolçu yeni müqavilə ilə bağlı ardıcıl üç təklifi geri çevirəndən sonra PSJ də bu məsələdə nöqtəni qoymağa qərar verib. Xüsusən də ulduzun “France Football”a verdiyi və bomba təsiri bağışlayan müsahibədən sonra. Maraqlıdı ki, bu söhbət təxminən bir ay əvvəl baş tutub və Kilianın başa çatan mövsümün ən yaxşı fransalı hücumçusu sayılmasına həsr olunub. Onda hələ qalmaqaldan xəbər verən heç bir əlamət yox idi, Mbappe də 2024-cü ilin yayında başa çatacaq müqavilə müddətini uzatmayacağı ilə bağlı məşhur məktubu PSJ-nin ofisinə göndərməmişdi. Jurnalistlə söhbət saat mexanizmli bomba rolunu oynadı və ulduzun klubla münasibətlərində yaranan böhranın zirvəsində işə düşdü. Mbappe müsahibədə çox şeydən danışıb. Guya PSJ-də çıxış etdiyinə görə onun nəticələrini qiymətləndirmirlər. Parisdə oynamaq isə onun “açılmasına” yardım etmir, çünki klubda ixtilaf hökm sürür. Çempionlar Liqası ilə bağlı sualı eşidən kapitan bildirir ki, futbolçular bütün gücünü qoyub, qrup mərhələsində həlledici fiqur olan onun özünə isə “Bavariya” ilə cavab görüşündə möcüzə etməyə zədəsi mane olub. Bura qədər zahirən bütün fikirləri diplomatik tərzdə ifadə edib. Ancaq söhbət PSJ-nin əsas avrokubokdakı uğursuzluğunun qlobal səbəblərinin müzakirəsinə çatanda Mbappe deyib ki, bu suala cavab verə bilməz və sualı rəhbərliyə yönəldib: “Siz bunu komandanı yığan, inkişaf etdirən, bu klubu quran adamlardan soruşmalısız”.
Klubun təhqir olunması
Gözlənildiyi kimi, bu müsahibə sərt reaksiyalarla müşayiət olundu. “RMC Sport”un xəbərinə görə, PSJ-nin 6 futbolçusu müsahibə ilə bağlı reaksiyasını rəhbərliyə çatdırıb. Nəşr iddia edir ki, bunlardan ikisi yayda alınan debütantlardı. Təbii ki, bu məqam məsələnin məğzini dəyişmir, Mbappenin sözləri kluba və komandaya təhqir kimi qəbul olunub. İnformasiya məkanında hətta klub prezidenti Nasser Əl-Xelayfinin adına çıxılan ifadə də dolaşır: “Gerçəkdən belə düşünürsə, niyə elə indi getmir?” “İndi” gələcək həftələr deməkdi. İspaniyalı insayderlər iddia edir ki, PSJ qalmaqalçı ulduzu ilə bağlı sövdələşməni mövsümöncəsi toplanış başlayana qədər bitirməyi planlaşdırır, onu məşqlərdə görməyi arzulamır. Bununla bağlı əlamətlər ortadadı. Məsələn, PSJ-nin iyulun 25-də “Əl-Nəssr” ilə keçirəcəyi yoldaşlıq oyununun reklam posterindən Mbappenin portreti çıxarılıb, 5 futbolçudan ibarət kompozisiyanın mərkəzində artıq Neymar dayanıb. Çoxlarına gedəcəyi real variant kimi görünən braziliyalının mövqeyinin Luis Enrike “sükan arxasına” keçəndən sonra gücləndiyini nəzərə alsaq, çox ibrətamiz nümunədi.
Prezidentə cavab vermədi
Münaqişə artıq sönmür, alovlanır. Mbappe də bir il əvvəl ulduzla “2+1” sxemi üzrə müqavilənin onun Parisi havayı tərk etməmək vədinə görə bağlandığını deyən Əl-Xelayfidən narazı qalıb. Kameruna – atasının vətəninə baş çəkən hücumçu ictimaiyyət önündə bu məqamı şərh etməsə də, ətrafına təəccübləndiyini deyib. Ümumiyyətlə, Kilianla bağlı qəribə xəbərlər çoxdu. Məsələn, guya “Liverpul” onu 200 milyon avroya almaqla bağlı PSJ-yə rəsmi təklif göndərib. Və ya guya Mikel Artetanın “Arsenal”ının oyunu ulduzun xoşuna gəlir və bu komandada oynamağın əleyhinə deyil. Hər kəs bu mövzuda Florentino Peresdən daha konkret açıqlama gözləyirdi. Ancaq Arda Gülərin təqdimat mərasimi bilərəkdən elə quruldu ki, jurnalistlərin “Real”ın prezidentinə bu mövzuda sual ünvanlamaq imkanı olmasın. Bir məqam aydındı ki, “Real” bu gün fransalı ulduzu transfer etməyə hazır olan əsas müştəridi. PSJ futbolçunun rəhbərliklə əlaqə saxlayacağı anı gözləyir. Bundan sonra futbolçunun qiyməti müəyyənləşəcək və “Real” oyuna qoşulacaq. Yayın əsas transferinin reallaşması üçün qoyulan bir həftə vaxt isə azdı. Parisdə bu məsələyə iyulun sonuna qədər nöqtə qoymaq istəyirlər. Əks halda klub Mbappeyə loyallığa görə çatmalı 40 milyon avronun birinci hissəsini ödəməyə məcbur olacaq. Hətta parislilər üçün də bu, kiçik məbləğ deyil. Axı onun satışından əldə olunacaq vəsait heyətin gücləndirilməsinə yönələcək. Hələ ki Əl-Xelayfinin mövqeyi dəyişməyib: “Heç kim klubdan üstün ola bilməz”. Vaxtilə Messi ilə vidalaşan “Barsa”nın prezidenti Xuan Laporta da belə demişdi. Kilian isə hələ Leo deyil, hətta bir “Qızıl top”u belə yoxdu.
Hər nə isə, bir xəbəri də nəzərinizə çatdıraq ki, ilkin varianta görə kapitan iyulun 17-də komandanın düşərgəsində olmalı, PSJ isə 5 gündən sonra Yaponiya turnesinə çıxmalıdı.
Reaksiyalar
Leonardo, PSJ-nin sabiq idman direktoru: