Səudiyyə Ərəbistanının belə desək, dünya futbolunu ələ keçirmək yönündə atdığı addımlar hazırda ən çox müzakirə olunan mövzuların başında gəlir.
"Football-plus.az" xəbər verir ki, Kriştiano Ronaldonun transferi ilə başlayan ulduz futbolçuların bu ölkəyə axınına Lionel Messi dəstək verməsə də, Kərim Benzema, Nqolo Kante dəstək verdi. İngiltərə çempionatından belə görünür, ulduz axını davam edəcək. Çünki şayiələrin ardı-arası kəsilmir.
Ərəblərin pul hesabına öz ölkələrini dünya futbolunun mərkəzinə çevirmək istəyinə, nəhayət, UEFA prezidenti Aleksander Çeferin də münasibət bildirib:
“Oyunçuların ora kütləvi şəkildə yollanması məni narahat edirmi? Xeyr. Amma bu, Səudiyyə Ərəbistanı futbolunun səhvidi! Problem onandı ki, onlar pulu akademiyaya, “altyapı”ya yatırmalı, məşqçilər dəvət etməli və öz oyunçularını inkişaf etdirməlidilər. Ronaldo, Benzema kimi futbolçuların transferi yaxşı haldı. Amma bu oyunçular artıq futbolda öz sözlərini deyiblər və karyeralarının sonlarına yaxınlaşıblar. Yaşlı oyunçulara milyonlar xərcləmək yerli futbolun inkişafına heç bir fayda vermir. Eyni problem yaxın keçmişdə Çində də yaşanmışdı. Onlar da karyerasının qürub çağını yaşayan futbolçuları böyük pullar ödəyərək öz çempionatlarına cəlb etmişdilər. Mənə karyerasının əvvəlində və ya zirvə nöqtəsində olub Səudiyyə Ərəbistanına yollanan bircə top-futbolçunun adını çəkə bilərsizmi? Bəzən pul hər şeyi həll etmir. Futbolçular ən güclü turnirlərdə qalib olmaq istəyirlər. Belə turnirlər isə Avropadadı”.
Çeferinin bu sözləri, gözlənildiyi kimi, Səudiyyə Ərəbistanında birmənalı qarşılanmadı. Ərəblər sanki UEFA prezidentinin acığına karyerasının zirvə nöqtəsində olan və “Mançester Siti“nin liderlərindən sayılan Bernardo Silvanı transfer etmək üzrədilər. 28 yaşlı futbolçunun keçidi an məsələsidi. Amma onun yeni klubunun adı açıqlanmır. Bu arada Asiya Futbol Konfederasiyasının marketinq komitəsinin sədri Hafiz Əl-Medlej sərt açıqlamalarla Çeferinin cavabını verib:
“Xeyr, biz yalnız karyerasının sonuna yaxınlaşan oyunçuları transfer etmirik. Məsələn, “Əl-Hilal” “Barselona”nın istədiyi 26 yaşlı Ruben Neveşi transfer etmək üzrədi. Benzemanı yaşlı adlandıranlara isə xatırladım ki, o, “Qızıl top”un son qalibidi. Biz hələ yeni başlayırıq. Transferi mümkün olan bütün oyunçuları bura gətirməyə çalışacağıq. Çində yaşananların bizimlə heç bir əlaqəsi yoxdu. Orda marketinq işləri düzgün qurulmamışdı. Ən əsası orda futbol bizim ölkəmizdəki qədər populyar deyil. Bizim dövlət səviyyəsində futbolla bağlı layihəmiz var. Bunun də başında duran əsas məsələ vətəndaşlarımızın futbola olan sevgisidi. Çeferin Avropadakı turnirlərin önəmindən bəhs edir. Razıyam ki, Çempionlar Liqası bütün turnirlərin şahıdı. Amma bu turnir iki ünsür üzərində qurulub: klublar və oyunçular. Böyük klubların əsas oyunçularının ayrılması, sözsüz, ÇL-ə də zərbə vuracaq və turnir dəyərini itirməyə başlayacaq. La Liqanı xatırlayın. Kriştiano Ronaldonun “Yuventus”a yollanmasaı ilə İspaniya çempionatı əvvəlki marağını itirdi. Sonra Lionel Messinin PSJ-yə yollanması ilə daha da dəyərdən düşdü. Avropalı ulduzların ayrılması sponsorluq müqavilələri və yayın gəlirlərinə də təsir edəcək. Messini gətirə bilsək, əla olardı. İndi əsas diqqətimizi Bernardo Silvaya yönəltmişik. Amma ərəb dünyasında böyük populyarlığa malik olan Məhəmməd Salahın da transfer çalışmalarına başlamalıyıq”.