"Sabah" - "Qarabağ" oyununda meydan sahiblərinin heyətində ən yaxşılardan biri də Bəxtiyar Həsənalızadə idi. O, həm müdafiədə etibarlı oynadı, həm də komandasına qələbə qazandıran Coy-Lens Mikelsə məhsuldar ötürmə verdi.
"Football-plus.az" olaraq müdafiəçiylə söhbətimiz baş tutdu.
- Zədə səbəbindən uzun müddət idi oynamırdın. Bu gün star heyətində meydana çıxmaqla komandanın qələbəsində pay sahibi oldun. Oyunla bağlı təəssüratın necədi?
- Son çempiona və premyer-liqanın liderinə qarşı oynayırdıq. Qarşılaşmanın çətin keçəcəyini bilirdik. Şükürlər olsun ki, yaxşı çıxışı etməklə rəqibin rahat oynamasına imkan vermədik və qələbə qazandıq.
- Zədəni tam sağaltmısan?
- Demək olar, sağalıb. Bir az ağrılarım var. Amma məşq etməyimə və oynamağıma mane olmur.
- Qarşıda daha 6 tur var. Bütün görüşlərdə qələbə qazanacağınıza və çempion olacağınıza inanırsan?
- Qarşımıza çempion olmaq vəzifəsi qoyulmayıb. Buna rəğmən, bütün oyunlara qələbə üçün çıxıb maksimum irəliləməyi düşünürük.
- Yığmamız AÇ-2024-ün seçmə mərhələsinə uğursuz start verərək hər iki oyunda darmadağınla üzləşdi. Səhvlərə görə tənqid olunanlardan biri də sənsən...
- Çətin dönəmlər oldu. Zədəli olduğuma görə klubumda son matçlarda şans qazanmamışdım. Zədədən qayıdandan sonra da oynamadım. Amma yığmaya dəvət alanlar sırasındaydım. Ona görə millidəki ilk rəsmi oyunum çətin oldu və alınmadı. Düşünürəm ki, hər bir futbolçu belə çətin dönəmlərdən və uğursuzluqlardan keçir. Əsas olan səhvlərdən dərs çıxarmaq, psixoloji cəhətdən toparlanıb növbəti oyunlara daha yaxşı hazırlaşmaqdı.
- İki oyundakı fiaskonun səbəbini nədə görürsən?
- Mən ancaq öz səhvlərim haqda danışa bilərəm. Milli komandanın uğursuzluğuyla bağlı baş məşqçi təhlil aparır və bizə də göstərişlər verir. Ona görə də bu sualı Canni de Byaziyə ünvanlasaz, yaxşıdı.
- Komandada əhval-ruhiyyə yüksək idi, oyunlara ciddi hazırlaşırdıq. Uğursuzluğu gözləyirdiz?
- Bəli, ötən il ardıcıl 5 oyunda qələbə qazanmışdıq, ümidliydik. Avstriya və İsveçə qarşı da yaxşı çıxış edib uğurlu nəticələr qazanmağı hədəfləyirdik. Alınmadı. Rəqiblərimiz, əsasən də Avstriya güclü komandadı, heyətində top-klublarda çıxış edən futbolçular var. Bununla belə, ümidimizi itirmirik, qarşıdakı oyunlara köklənib, yaxşı nəticə qazanmaqla azarkeşlərin könlünü almağa çalışacağıq.
ABDULLA İSMAYILOĞLU