“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti martın 18-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə sərnişin daşımalarına başlayıb.
İlk baxışdan bu xəbərin futbola aid olmadığını düşünə bilərsiz. Ancaq Qəbələ dəmir yolu vağzalında “Qəbələ”yə məxsus avtobusun sərnişin daşınmasına cəlb olunması ilə bağlı şəkillər sosial şəbəkələrdə yayıldı ki, bu da böyük ajiotaja səbəb oldu.
Bir vaxtlar ölkənin ən imkanlı klubunun bu layihəyə qol qoyması idman mediası tərəfindən heç də birmənalı qarşılanmadı.
Məsələ ilə bağlı “Football-plus.az” saytına açıqlama verən klubun mətbuat katibi Anar Hacı burda qeyri-adi heç nəyin olmadığını bildirdi:
“Bizim iki avtobusdan əlavə - biri əsas komandanın, digəri “Qəbələ-2” və akademiyanın sərəncamındadı – 3-4 iritutumlu avtobusumuz var. Bəzən həmin nəqliyyat vasitələrindən istifadə ilə bağlı kluba təkliflər gəlir ki, biz də bunu dəyərləndiririk. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən də təklif gəldi. Biz də klubun balansında olan avtobusların durumuna, iş rejiminə uyğun təklifi qəbul etdik və qarşı tərəflə müqavilə bağladıq. Başqa klublar da belə layihələr reallaşdırırlar. Məsələn, bəziləri müxtəlif tədbirlər üçün stadionunu icarəyə verir, bəziləri başqa layihələr gerçəkləşdirir. Yeni müqavilədən əldə olunan vəsait klubun büdcəsinə gedir”.
RƏŞAD