Azərbaycanlı futbolsevərlər onu daha çox "İnter" (hazırkı "Şamaxı"), "Simurq" və "Xəzər Lənkəran"dakı çıxışına görə tanıyıb.
Söhbət bir çox klubun şərəfini qoruyan Ruslan Poladovdan gedir. 38 yaşında karyerasını bitirsə də, yaşıl meydandan uzaq qala bilməyərək Region Liqası komandalarına üz tutdu. Sonra yenidən futbolla vidalaşdığını açıqlayan sumqayıtlı ötən il karyerasını bərpa edərək Region Liqası təmsilçisi "Füzuli"yə keçdi.
"Football-plus.az" olaraq, təcrübəli futbolçuyla futboldan doymaması, "Füzuli"dəki çıxışı və başqa mövzular ilə bağlı söhbətimiz baş tutdu.
- Karyeranızı bitirdiyinizi desəz də, 42 yaşında yenidən yaşıl meydana qayıdaraq "Füzuli"də oynamağa başladız. Bu istək nədən irəli gəldi?
- Açığı, “karyeram bitdi” deyəndən sonra, demək olar ki, futbolçu kimi heç dayanmamışam. Əvvəlcə Sumqayıt "Uğur"u ilə Region Liqasinda çempion olduq. Sonra pandemiya ilə bağlı bir müddət fasilə yarandı. Quba “Şahdağ"ında çıxış etdim. Bu komanda iştirakını dayandırandan sonra "Ağsu"da davam etdim. Cari mövsümdən isə "Füzuli"nin uğurları üçün çalışıram. “Sumayıt” Futbol Akademiyasının U-17 komandasında məşqçiliyə başlasam da, içimdəki enerji futboldan kənarda qalmağa imkan vermir (gülür).
- 43 yaşlı biri üçün gənclərlə birgə çıxış etmək necə hissdi?- Heç vaxt yaşımı meydanda üstünlük saymamışam. Həmişə komanda yoldaşlarıma faydalı olmağa çalışmışam. Meydanda gənc futbolcularla sintez yaratmağımız onların da müəyyən təcrübə toplayaraq inkişafına kömək edir.
- Bu qədər oynamaq eşqi hardandı?- Yəqin hələ canım suludu deyə, oynamaq eşqim tükənmir (gülür). Komandaya dəvət edirlərsə, deməli, hələ gücüm qalıb. Mən də etimadı doğrultmağa calışıram. Hiss etsəm ki, artıq getmir, özüm meydana çıxmaqdan imtina edəcəm.
- "Füzuli" maksimum nəticə ilə Mərkəz regionunda aşkar lideridi. Bu haqda nə deyə bilərsiz?- "Füzuli" həmişə iddiali olub. Vasif müəllim illərdi komandanı istənilən çətinliyə rəğmən, özünün və dost-tanışlarının sayəsində indiki yerlərə qədər gətirib çıxarıb.
- Cari mövsümdə neçə oyuna çıxmısız?- İşlərimlə bağlı iki oyunda, hər birində də 90 dəqiqə meydanda olmuşam. İnşallah, növbəti qarşılaşmada və pley-off mərhələsində komandama bacardığım qədər kömək etməyə çalışacam.
- "Füzuli"də premyer-liqa təcrübəsi olan komanda yoldaşlarınız haqda nə deyərdiz?- Hamısı işinin peşəkarıdı. Region Liqasıdı deyə işimizə necə gəldi yanaşmırıq. Vaxtilə elitada necə məqsədli və intizamlı iştirak etmişiksə, hazırda da elə davam edirik.
- Necə düşünürsüz, "Füzuli" 1-ci diviziona çıxmağa layiqdi?- Birinci divizionda çıxış edib-etməyəcəyimiz barədə nəsə deyə bilmərəm. Amma orda oynamağa layiqik. Neçə illərdi Region Liqasında sabit çıxış edirik. Yaxşı kollektivimiz və oturuşmuş heyətimiz var. "Füzuli"nin 1-ci divizionda iştirakı həm də bölgələrdə futbolun inkişafı üçün vacib addım olar. "Füzuli" çempion kimi diviziona çıxsa, daha layiqli olar.
- Heç 1-ci divizion ciddi çempionat sayılmır. Çünki hədsiz nöqsanlar var. Region Liqasında isə durum daha bərbaddı, çatışmazlıqlar çoxdu…- Çatışmazlıq deməzdim, sadəcə, stimul azdı və buna görə bir çoxları peşəkar yanaşmır. Düşünürəm ki, bu sahədə ciddi maarifləndirici işlər görmək lazımdı. Çıxış etdikləri liqadan asılı olmayaraq, futbolçular nə üçün oynadıqlarını dərk etməlidilər. Maddi dəstək də önəmlidi. Sponsorlar cəlb olunmalı, maaş artmalıdı. Əslində səbəblər və problemlər çoxdu. Məncə, bununla bağlı ayrıca mövzu kimi geniş danışmaq olar.
- Region Liqasının komandaları arasında intizamsızlıq halları az deyil. Hər il hansısa komanda çempionatdan yarımçıq uzaqlaşdırılır. Bu il "Ağsu Siti" və “Sədərək” belə aqibətlə üzləşdi. Futbolçular arasında özbaşınalıq, hakimləri söymək, döymək, aqressivlik və başqa xoşagəlməz hallar tez-tez baş verir. Həmçinin region komandalarının infrastrukturu da bərbaddı. Ya stadion yoxdu, ya da şəraiti ürəkaçan deyil…- Bəzi komandalar AFFA-nın yaratdığı şəraiti və köməyi dərk etmir, bundan düzgün yararlanmır. Belə halların yaşanması birbaşa klub rəhbərlərinin yanaşmasından asılıdı. Bəziləri futbolu necə düşünür, anlayırsa, komandasının idarəçiliyi və oyun nizam-intizamı da ona uyğun olur.
- Komandanızın böyüyəcəyi, sponsorların cəlb olunacağı nə dərəcədə realdı?- Bu haqda nəsə deyə bilmərəm. Yalnız bu çağırışı edə bilərəm ki, imkanlı şəxslər "Füzuli"yə dəstək versələr, yaxşı olar. Amma bu rəhbərliyin işidi və hansı planla hərəkət edilməli olduqlarını yaxşı bilirlər. Biz də istəyərik ki, hər şey daha yaxşı olsun.
- Ruslan Poladovu gələcəkdə oynayan məşqçi kimi görə bilərik?- Açığı, belə fikrim yoxdu. Çünki artıq məşqçiliyə başlamışam və bu istiqamətdə məqsədim də bəllidi.
ABDULLA İSMAYILOĞLU