Gözlənildiyi kimi, “Real” Mərakeşdə təşkil edilən Klublararası Dünya Çempionatını (KDÇ) qalib başa vurdu.
Fevralın 11-də Rabat şəhərində keçirilən finalda “Əl-Hilal”ı 5:3 hesabıyla məğlub edərək turnirdə növbəti – 5-ci uğurunu reallaşdırdı. İspaniya nəhəngi bununla da özünün sahibi olduğu rekordu yenilədi.
“Real” 100-cü titulun biraddımlığındadı
Uruqvaylılar, misirlilər və şotlandlar 100 titul həddini çoxdan aşıblar. “Nasyonal”, “Penyarol”, “Əl-Əhli”, “Reyncers” və “Seltik”in indiyədək qazandıqları kubokların kəmiyyət göstəricisi yetərincə yüksəkdi. Amma əksər titulların keyfiyyət göstəricisi İspaniya nəhənglərinin uğurları ilə müqayisədə aşağıdı. Hər halda, “Real” və “Barselona” uzun illərdi daha yüksək səviyyəli liqada çıxış edirlər. Başqa sözlə, Uruqvay, Misir və Şotlandiya liqaları İspaniya çempionatı ilə müqayisə oluna bilməz.
“Real” son 10 ildə avropalıların meydan suladıqları və FİFA-nın çox güman ki, buna görə formatını dəyişəcəyi KDÇ-də bundan əvvəl 2014-cü və 2016-18-ci illər aralığında qalib gəlmişdi. Paytaxt klubu bir neçə gün əvvəl əzəli rəqibi “Barselona”nı (98) arxada qoyaraq bütün turnirlərdə 99-cu uğurunu qazandı. Madridlilərin hesabında 68 milli, 31 beynəlxalq titul var. “Barselona”da bu planda göstəricilər uyğun olaraq 76-ya və 22-yə bərabərdi. Maraq üçün Avropada “Benfika”nın 89 kubok qazandığını da bildirək.
“Real”ın bəzi fanatları böyük klubun artıq 100 kubok həddinə çatdığını iddia edirlər. Lakin onlar bir qədər tələskənliyə yol veriblər. “Kral klubu”nun rəsmi saytına nəzər salsaq, titul sayının məhz üçrəqəmli ədədlə ifadə olunduğunu görərik. “Real”ın İspaniyada qazandığı uğurlarla bağlı heç bir problem yoxdu. Hətta qısa müddətdə keçirilən La Liqa Kuboku da hesaba alınır. Və ya Yeva Duarte Kuboku. O, Argentinada 1973-74-cü illərdə prezidentlik etmiş Xuan Peronun 33 yaşında vəfat edən xanımı olub, ispandilli ölkələr üçün ikona sayılıb. FİFA Duartenin adına təsis edilən kuboku rəsmi titul kimi qəbul edib. Hətta Latın Kuboku və ötən əsrin 50-ci illərindən 70-ci illərinin əvvəlinə qədər keçirilən Şəhərlərarası Yarmarkalar Kuboku da nəzərə alınır. Problem yalnız “Real”ın muzeyində görmək mümkün olan kubokun dəbdəbəli görünüşündədi.
Madridli azarkeşlərin hesaba aldığı 100-cü titul İberiya-Amerika Kubokunun əsas qənimətidi. Amma bu qəniməti rəsmi siyahıya daxil etməyin mənası yoxdu. Visente Del Boskenin başçılıq etdiyi və əsas heyətində yalnız iki legionerin – İvan Samorano ilə Robert Prosineçkinin olduğu “Real” 1994-cü ilin martında təşkil edilən iki oyunluq mübarizədə “Boka Xuniors”a üstün gəlib. Sıralarında son dünya çempionatının qalibi olan Aleksis MakAllisterin atasının da olduğu Argentina klubu İberiya-Amerika Kubokunun finalına Cənubi Amerikanın klub turnirlərinin qaliblərini məğlub etməklə vəsiqə qazanmışdı. “Real” isə həlledici mərhələyə İspaniya kubokunun sahibi kimi yüksəlmişdi. Etiraf edək ki, axmaq formatdı. Bu, avrokubokların qalibləri və qalib “3-lüy”ə düşməyəcəyi halda İngiltərə çempionu arasında yarımfinal və final matçlarını keçirmək, sonra Qalaktikalararası Kubok təsis etmək və finalın qalibi ilə Kriştiano Ronaldonun hazırkı komandası arasında oyun təşkil etməyə bənzəyir.
“El Klasiko”larda çox şey müəyyənləşəcək
Odu ki, futbol tarixçiləri düzgün düşünürlər. “Real” hələ 100-cü titulu qazanmayıb. Amma yubiley tulunun biraddımlığındadı. Axı komanda cari mövsümdə iştirakçısı olduğu hər üç turnirdə mübarizəni davam etdirir. Söhbət İspaniya çempionatı, ölkə kuboku və Çempionlar Liqasından gedir. “Barselona” da üç turnirdə qələbəyə köklənib. Fərq ondadı ki, kataloniyalılar indi Avropa Liqasında mübarizə aparırlar. Deməli, Karlo Ançelotti ilə Xavi Ernandes mövsümün qalan hissəsində 100-cü titulu rəsmiləşdirməyə çalışacaqlar.
“Real” üzərində yanvarın 15-də keçirilən İspaniya Superkuboku matçında inamlı qələbə (3:1) qazanan “Barselona” əzəli rəqibini ölkə kubokunun yarımfinalında da məğlub etməyə çalışacaq. Buna nail olacağı halda La Liqanı 1-ci yerdə başa vurmağa çalışacaq. Əlbəttə, əsas məqsəd 100-cü titula madridlilərdən daha tez çatmaqdı. Doğrudu, ölkə kuboku digər yarımfinalçılardan birinə - “Atletik”ə və ya “Osasuna”ya da qismət ola bilər. Bu halda “Barselona”nın yubiley titulunu daxili yarışların hesabına rəsmiləşdirmək şansı olmayacaq. “Real”ın isə belə imkanı qalacaq.
Amma bu da var ki, La Liqanın 21-ci turundan sonra lider olan “Barselona” paytaxt komandasını 8 xal qabaqlayır. Bu fərq isə fevralın ortaları üçün bir qədər çoxdu. Xavinin komandası ölkə kubokunu qazanacağı halda hazırda yüksək olan çempionluq şansından yararlanmağa çalışacaq. Buna da nail olacağı halda 100-cü kubok kataloniyalıların muzeyini bəzəyəcək. Və belə fakt “Reyncers” qədər futbol oynamayan qitə Avropasında ilk dəfə qeydə alınacaq. Qlazqo klubu, belə desək, “Real”dan 30, “Barselona”dan 27 yaş böyükdü. Bu qədər böyük tarixi olan klubların indiyədək fəaliyyət göstərməsi və qələbələr qazanması rəmzi xarakter daşıyır.
Futbol qədim incəsənət sayılır. Sonuncu “El Klasiko”ların nəticələrinin güzgü effekti verdiyini nəzərə alsaq (əzəli rəqiblər bir-birini 3:1 hesabıyla məğlub ediblər), start nöqtəsinə qayıdaq. Xavi yenə Ançelottini məyis etmək arzusundadı, amma ötən il derbidəki 0:4 hesablı darmadağın “Real”ın Çempionlar Liqasındakı 14-cü zəfəri ilə müşayiət olunmuşdu. Deməli, İspaniya kuboku və çempionatındakı növbəti “El Klasiko”larda çox şey müəyyənləşəcək.
Nüfuzlu kuboklar üzrə lider kimdi?
Elə kuboklar var ki, bir və ya iki matçın nəticəsinə əsasən sahibini tapır. Əlbəttə, belə titulu aylarla davam edən mövsüm ərzində qazanılan uğurla müqayisə etmək düzgün olmaz. “Real” La Liqadakı qələbə sayında “Barselona”nı böyük ölçüdə üstələyir: 35-26.
Kataloniyalıların yeni komanda quruculuğuna ötən mövsümdən başladığı hamıya bəllidi. Xavi öz ideyaları ilə “Barselona”nı yenidən formalaşdırıb. Almaniyada bombardirlik üzrə rekordları yeniləyən Robert Levandovski İspaniyada da qolları sıralayır. Kral kuboku onun komandasının ən sevimli turniri sayılır: “göy-qırmızılar” bu yarışda indiyədək 31 dəfə qalib gəliblər. Madridlilərin hesabında isə 19 kubok var. Etiraf edək ki, “kral klubu” üçün kifayət qədər az uğurdu. İspaniya superkuboku uğrunda mübarizələri isə hesaba almamaq məsləhətdi.
“Real” qazandığı Çempionlar kubokunun sayına görə “Barselona”nı az qala 3 dəfə qabaqlayır: 14-5. Kataloniyallar bu mövsüm fərqi azalda bilməyəcəklər. Ona görə ki, ən nüfuzlu turnirdə mübarizəni qrupda başa vurublar. Onlar 1999-cu ildə tarixə qovuşan Kuboklar kubokunu hamıdan çox – 4 dəfə qazanıblar. Madridlilərin zəngin xəzinəsində bu kubok yoxdu. Paytaxt komandasl UEFA kubokuna iki dəfə yiyələnib. “Barselona” isə hələ ki bu qənimətə sahib çıxa bilməyib, amma indi Avropa Liqasında ilk dəfə qalib gəlmək şansı var. Yuxarıda qeyd etdiyimiz kimi, Avropa Superkuboku, Qitələrarası Kubok və KDÇ-ni hesaba almırıq.
Belə hesablasaq, “Real”ın elit səviyyəli 70, “Barselona”nın isə 66 titulu olur. Amma kataloniyalıların sirrini də qeyd edək. Əlbəttə, İspaniya kuboku La Liqa və Çempionlar Liqasında qazanılan uğurlarla eyni sıraya qoyulacaq dərəcədə nüfuzlu deyil. “Real”ın dünya futbolunda ən uğurlu klub sayıldığı hər kəs tərəfindən qəbul edilməli olan bir həqiqətdi. Və bu uğur həm də “Barselona”nın mövcudluğuna və bu komanda ilə onilliklər boyunca davam edən böyük rəqabətə görə qazanılıb.
Kataloniyalılar ötən ay ölkə superkubokunu əzəli rəqibinə verməməklə Lionel Messini itirəndən sonra qaçılmaz olan keçid dövrünü tədricən başa vurmağa çalışdıqlarını göstərdilər. İngilislər, belə desək, premyer-liqanın kafelərində dalaşmaqla bir-birlərinə 100-cü titula çatmaq imkanı vermədikləri zaman ispaniyalılar bu rəqəmə daha tez yaxınlaşmağın yolunu öyrəndilər. Alyaska üzərində görünən Uçan Naməlum Obyekti hesaba almasaq, “Real” hələ ki futbol planetində əsas yadplanetlidi.
Kəşfiyyat aparan kvadrakopterin vurulması ilə bağlı hadisəni ciddi qəbul etsək, “Real” uğurlu fəaliyyətinə görə böyük və zəngin klubların hamısını geridə qoyur. İspaniya kimi öncül liqada 35, Avropanın əsas klub turnirində 14 qələbə madridlilərin böyük qüdrətinin göstəricisidi. Çoxdan adət etdikləri kimi, futbolun qaymağını yığırlar.
Yeri gəlmişkən...
Avropanın 5 aparıcı liqasında ümumi titul sayına görə “Real” və “Barselona”dan sonrakı 8 yeri tutan komandalar İspaniya nəhənglərindən çox geri qalırlar. “Bavariya” indiyədək 82, “Yuventus” 70, “Liverpul” 68, “Mançester Yunayted” 66, “Milan” 49, “Arsenal” 48, PSJ 45, “İnter” isə 43 kubok qazanıb.