Mbappe onu qarşılamağa gəlmədi
Lionel Messi ilə bağlı xəbərlər gündəmi zəbt etməkdədi. Argentina yığmasının heyətində dünya çempionu olduqdan sonra populyarlıgı bir qədər də artan 35 yaşlı superulduz, nəhayət, PSJ-nin düşərgəsinə qayıdıb. Amma Leonun Parisdə necə qarşılandığı haqda danışmamış başqa xəbərə diqqət yetirək.
Messiyə həqiqəti Di Mariya anladıb
Ötən saylarımızda Messinin ''instaqram''ı alt-üst edən və rekord qıran paylaşımı barədə dəfələrlə danışmışıq. Hətta Messinin əlində kubok olan şəkli çəkən fotoqrafın da sözləri ilə sizi tanış etmişdik. Hazırda 10 şəkildən ibarət həmin paylaşım 74 milyondan çox ''layk'' toplayıb! Sən demə, Messinin həmin rekord qıran paylaşımın birinci şəklində əlində saxladığı kubok saxta imiş! Orijinal kuboka çox bənzəyən həmin saxta kuboku Buenos-Ayresdən Qətərə gələn argentinalı fanatlar düzəltdiribmiş. Onlar bunu, sadəcə, talisman kimi düzəltdiribmişlər və DÇ-də finalın ardından oyunçulara ötürübmüşlər. Saxta kubok argentinalı oyunçular arasında əldən-ələ keçəndən sonra, nəhayət, Leoya çatıb. Onun bundan xəbəri yox imiş və həmin kuboku qaldırarkən də həmin məşhur şəkil çəkilib. Kubokun saxta olduğunu Messiyə Di Mariya başa salıb. Onların bu hadisədən sonra gülümsəməsi bir şəklə də düşüb. Həyat yoldaşı ilə birlikdə Argentinanı dəstəkləmək üçün Qətərə gələn Paula adlı xanım azarkeş sözügedən kubokla bağlı məlumat verib. Çünki onu məhz bu ailə hazırlatdırıbmış: ''Mundialdan bir neçə ay öncə biz tanışlarımız vasitəsi ilə saxta kubok hazırlayan şəxslərlə əlaqə qurduq. Onlara DÇ kubokuna bənzər bir kubok hazırlamaq üçün 6 ay vaxt lazım oldu. Onu qətran və silisiumdan düzəldiblər. Üstünə qızılı rəngli boya sürtülüb. Çəkisi orijinal kubokla eynidi. Düzdü, üstündə bəzi detallar, işarələr, çıxıntılar var. Orijinal kubokda elə şeylər yoxdu. Amma etiraf etmək lazımdı ki, orijinala çox bənzəyir. Onu gətirməyimizdə əsas məqsəd futbolçulardan imza toplamaq idi. Oyunçuların onun üstünə imza atmasını istəyirdik. Sonra elə oldu ki, həmin kubok futbolçuların əlinə düşdü. Əvvəlcə Paredes imza atıb qaytardı. Sonra təxminən 45 dəqiqə futbolçular, onların ailə üzvləri bu saxta kuboku əllərində saxlayaraq onunla şəkil çəkdirdilər. Bizə dedilər ki, ''deyəsən, kuboku itirmisiz''. Bunu özümüzə dərd etməsək də, onu qaytarmağa çalışdıq. Sonda Lautaro Martines özü də imza ataraq onu bizə gətirdi. Hətta işə FİFA rəsmiləri də qarışdı. Onlar bizdən bunun orijinal olmadığını sübut etməyimizi istədilər. Messinin şəkillərinə baxarkən birdən gördük ki, onun əlindəki bizim hazırladığımız kubokdu. Onun özəlliklərini gözəl bilirik. Alt hissəsi də fərqlidi''.
Mbappenin Nyu York macəraları
Argentinalının PSJ-nin düşərgəsinə qayıdışını təkcə bu klubun fanatları yox, bir çox futbolsevər maraqla gözləyirdi. Xüsusilə də mundialın finalında onunla Kilian Mbappe arasında yaşananlardan sonra. Xatırladaq ki, həmin tarixi finalda həm Messi, həm də Mbappe qol vurandan sonra bir-birinə acıq vermişdi. Eyni klubda forma geyən iki futbolçunun bu hərəkəti birmənalı qarşılanmamışdı. Çərşənbə günü Leo axır ki Parisə ayaq basdı. PSJ-nin məşq meydançasında həm oyunçular, həm də klubun işçiləri dəhliz yaradaraq onu alqışlarla qarşıladılar. Dəhlizin sonunda klub rəsmilərindən biri ona xüsusi mükafat təqdim etdi. Təbii ki, gözlər ilk növbədə Mbappeni axtarırdı. Amma fransalı superulduz bu qarşılama mərasimində iştirak etmirmiş! Əvəzində dəhlizdə dayanıb Messini alqışlayanlar arasında Mbappenin qardaşı İtan da var idi. O, PSJ-nin U-19 komandasının üzvüdü. İtan Mbappenin Messiyə yönələn (heç də xoş olmayan) baxışları sosial şəbəkələrdə az müzakirə olunmadı. Kiliana gəlincə, çox keçmədən onun harda olduğu üzə çıxdı. Bazar günü Liqa-1-in 17-ci turu çərçivəsində PSJ “Lans” ilə səfər oyununda (1:3) mövsümdə ilk məğlubiyyətini yaşasa da, sən demə, klubun bəzi oyunçularına istirahət verilibmiş. Onların arasında Mbappe də olub. Bu üzdən o, PSJ-dəki ən yaxın dostu Əşrəf Hakimini də “qoltuğuna vuraraq” ABŞ-a yollanıb! Onlar əvvəlcə yanvarın 3-də MBA çərçivəsində baş tutan “Bruklin” – “San Antonio” matçını izlədilər. Hətta matçdan öncə “Barklays Sentr”dakı nəhəng ekranda hər iki futbolçunun son mundialdan olan görüntüləri gösətrildi. Oyundan sonra isə “Bruklin”in superulduzu Kevin Dürant onların hər birinə forma hədiyyə etdi. Daha sonra Mbappe ilə Hakimi Nyu-Yorkun məşhur “Tayms Skver” meydanına yollanaraq orda küçə musiqiçilərini dinləmək qərarına gəldilər. Özü də tanınmamaq üçün üçün əllərindən gələni edərək sifətlərini bağlamağa çalışdılar. Bununla belə, yerli əhali arasında onları tanıyaraq videoya çəkənlər, sonra da bunu sosial şəbəkələrə yerləşdirənlər oldu. Elə Hakimi özü də həmin vaxt çəkilən şəkilləri paylaşdı. Mbappe isə bir gün sonra “instaqram” səhifəsini bağladı!
Yeri gəlmişkən, sonda Messi ilə bağlı bir xəbəri də qeyd edək. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyasının (BFTSF) versiyasına görə Leo 2022-ci ilin ən yaxşı oyunçusu seçilib. O, 275 xal toplayıb. 2 və 3-cü pillələrdə qərarlaşan Mbappe ilə Kərim Benzema uyğun olaraq 35 və 30 xal toplayıb. Sonrakı pillələrdə Luka Modriçlə Erlinq Holann qərarlaşıb. BFTSF 2020-ci ildən etibarən ilin ən yaxşısını seçməyə başlayıb. Son iki ildə qalib Robert Levandovski olmuşdu.