İstənilən böyük turnirdə özünü ən yaxşı tərəfdən göstərən gənclərə təsadüf olunur.
Bəzən klub karyerasında o qədər də diqqəti cəlb etməyən oyunçu gənc sayılmasa belə, milli formada geniş kütlənin diqqətini üzərinə cəlb etməyi bacarır. Qətərdə keçirilən DÇ-2022-də həm də bu baxımdan seçilən 10 oyunçunun çıxışına nəzər salacağıq.
Azzedin Unai
Komandası: Mərakeş
Mövqeyi: mərkəz yarımmüdafiəçisi
Yaşı: 22
Klubu: “Anje”
DÇ-dəki göstəricisi: 7 oyun
Hədəfinə düşdüyü klublar: “Lester”, “Sevilya”, “Barselona”
“Anje”nin bu arıq oyunçusunun istedadına hətta Fransa çempionatının aşiqi olmayan futbolsevərlər də bələd oldular. Mərakeş yığması mundialda dünyanın sayseçmə komandaları – Xorvatiya, Belçika, İspaniya, Portuqaliya və Fransa ilə qarşılaşdı. Unai bu rəqiblərlə oyunlarda meydanın mərkəzində heç kimə uduzmadı, belə desək, radioidarəedici ötürmələri və zəhmətsevərliliyi ilə hamını valeh etdi. Artıq onun qışda və ya yayda daha səviyyəli liqaya yollanacağına heç bir şübhə yoxdu.
Sofyan Amrabat
Komandası: Mərakeş
Mövqeyi: dayaq yarımmüdafiəçisi
Yaşı: 26
Klubu: “Fiorentina”
DÇ-dəki göstəricisi: 7 oyun
Hədəfinə düşdüyü klublar: “Atletiko”, “Liverpul”, “Çelsi”
Unainin amplua üzrə oyundaşı artıq Avropada az-çox tanınırdı – bu mövsüm “Fiorentina”nın formasında yaxşı təsir bağışlayan Amrabat üç ildən çoxdu İtaliyada çıxış edir. Ancaq dünya çempionatı onun az tanınan ortabab oyunçudan dünyanın ən yaxşı dayaq yarımmüdafiəçisi statusuna keçməsinə şərait yaratdı. Turnirdə komandasının meydanda olduğu bir dəqiqəni də buraxmayan Sofyan möcüzəvi miqyasda “qara iş” gördü. Onun artıq Avropanın ən iddialı klublarının hədəfinə düşməsi təəccüblü deyil.
Qonsalo Ramuş
Komandası: Portuqaliya
Mövqeyi: hücumçu
Yaşı: 21
Klubu: “Benfika”
DÇ-dəki göstəricisi: 4 oyun, 3 qol, 1 məhsuldar ötürmə
Hədəfinə düşdüyü klublar: “Mançester Yunayted”, PSJ, “Bavariya”, “Yuventus”, “Barselona”
Ramuşa bütün dünyanın onun soyadını yadda saxlaması üçün bircə oyun kifayət etdi. “Benfika”nın hücumçusu pley-offa qədər yalnız iki matçda sonradan meydana çıxmaq şansı qazandı. İsveçrə ilə 1/8 final oyununda isə gözlənilmədən Kriştiano Ronaldonun əsas heyətdəki yerində peyda oldu. Gənc hücumçu riskli qərarı ilə hamını təəccübləndirən baş məşqçi Fernando Santuşun pis vəziyyətə düşməsinə qətiyyən imkan vermədi. Onun vurduğu 3 qol Portuqaliyanın 6:1 hesablı qələbəsində mühüm rol oynadı. Matçın keçirildiyi günün ertəsi beynəlxalq KİV-də top-klubların onun transferi üçün növbəyə düzüldükləri haqda xəbərlər yayıldı. Deyilənə görə, “Benfika” Qonsalonu yalnız müqavilədə yazılan məbləğə - 120 milyon avroya satmağa hazırdı.
Luis Çaves
Komandası: Meksika
Mövqeyi: mərkəz yarımmüdafiəçisi
Yaşı: 26
Klubu: “Paçuka”
DÇ-dəki göstəricisi: 3 oyun, 1 qol
Hədəfinə düşdüyü klub: “Ayaks”
Meksika yığması 1986-cı ildən sonra ilk dəfə mundialın pley-offuna vəsiqə qazana bilmədi. Ümumilikdə zəif oynayan komandada yalnız iki futbolçunun uğurlu çıxışı diqqəti cəlb etdi. Onlardan birincisi, təbii ki, məşhur qapıçı Gilyermo Oçoa idi. “Motorlu” yarımmüdafiəçi Luis Çaves
də diqqəti özünə çəkməyi bacardı. “Paçuka”nın indiyədək Avropada oynamayan futbolçusu sahə oyunçularından fərqli özünü 100 faiz mübarizəyə həsr etdi. Komandanın hücumlarını təkbaşına idarə edən Luis matçın tempini dəyişir və istənilən məsafəyə ötürmələr verirdi. Onun üçün ən yaddaqalan an Səudiyyə Ərəbistanına cərimə zərbəsi ilə vurduğu fantastik qol oldu.
Kodi Qakpo
Komandası: Niderland
Mövqeyi: hücumçu
Yaşı: 23
Klubu: PSV
DÇ-dəki göstəricisi: 5 oyun, 3 qol
Hədəfinə düşdüyü klublar: “Real”, “Mançester Yunayted”, “Liverpul”
Qakpo Qətərə doğma Niderland çempionatında püxtələşən oyunçu kimi gəlmişdi. Asiya ölkəsini gənc ulduz futbolçu statusunda tərk etdi. PSV-nin hücumçusu hələ mundialdan əvvəl Avropa nəhənglərinin maraq dairəsində idi. Nəhəng turnir Kodinin müştərilərinin sayını daha da artırdı. Qrup mərhələsinin hər bir oyununda qol vuran bu gənc oğlan azarkeşləri texnikası, qeyri-adi qərarları və geniş hücum arsenalı ilə də valeh etdi. Onun PSV-də sonuncu mövsümünü keçirdiyi bəllidi, amma hansı böyük kluba üz tutacağını zaman göstərəcək.
Andris Noppert
Komandası: Niderland
Mövqeyi: qapıçı
Yaşı: 28
Klubu: “Herenven”
DÇ-dəki göstəricisi: 5 oyun, 2 “quru” oyun, 4 buraxılan qol
Hədəfinə düşdüyü klub: “Ayaks”
Lui van Qal dünya çempionatı ərəfəsində əsas qapıçı seçimində ciddi problemlə üzləşdi. Nəticədə qocaman mütəxəssis qeyri-adi qərarı ilə ölkə futbol ictimaiyyətini mat-məəttəl qoydu: 71 yaşlı məşqçi Qətərdə qapını
Andris Noppertin qoruyacağını bəyan etdi. “Herenven”in 28 yaşlı qapıçısı mundiala qədər milli formanı geymək imkanı qazanmamışdı. Amma zaman Van Qalın doğru seçim etdiyini göstərdi. Noppert dünya çempionatında keçirdiyi 5 oyunda 18 seyv etdi və bu göstəriciyə əsasən yalnız xorvatiyalı Dominik Livakoviç ilə polşalı Voytsex Şçensnıdan geri qaldı. Təsadüfi deyil ki, “Ayaks” rəhbərliyi artıq Andris üçün müqavilə layihəsi hazırlayıb və keçidin yanvarda reallaşmaq ehtimalı çoxdu.
Dominik Livakoviç
Komandası: Xorvatiya
Mövqeyi: qapıçı
Yaşı: 27
Klubu: “Dinamo” (Zaqreb)
DÇ-dəki göstəricisi: 7 oyun, 2 “quru” oyun, 7 buraxılan qol
Hədəfinə düşdüyü klublar: İngiltərə klubları
Sözün düzü, Livakoviçi dünya çempionatının kəşfi kimi qələmə vermək bir qədər cəsarət tələb edir. Ona görə ki, 27 yaşlı qapıçı artıq pandemiya səbəbindən ötən il baş tutan AÇ-2020-nin final mərhələsində Xorvatiya millisinin əsas heyətində oynamışdı. Amma futbol dünyası onun 11 metrlik cərimə zərbələrinin mahir “qatil”i olmasını yalnız Qətərdə gördü. Dominik 1/8 finalın Yaponiya ilə oyununda futbolda nadir təsadüf olunan göstəriciyə imza atdı: penalti seriyasında 3 zərbəni dəf etdi! Braziliya ilə növbəti matçda isə daha bir zərbəni qaytarmaqla komandasını yarımfinala daşıdı. Bəli, o artıq Xorvatiya çempionatında deyil, daha səviyyəli liqada oynamağa layiqdi!
Səud Əbdülhəmid
Komandası: Səudiyyə Ərəbistanı
Mövqeyi: sağ cinah müdafiəçisi
Yaşı: 23
Klubu: “Əl-Hilal”
DÇ-dəki göstəricisi: 3 oyun
Hədəfinə düşdüyü klublar: “Sevilya”, “Milan”, “Yuventus”
Çoxları Səudiyyə Ərəbistanı yığmasının qrupdakı hər üç oyunda darmadağına məruz qalaraq Qətəri erkən tərk edəcəyini güman edirdi. Doğrudu, Erve Renarın komandası mübarizəni qrupda dayandırdı. Buna baxmayaraq, oyunu ilə az-çox rəğbət qazandı. Ərəblər ilk turda gələcək çempion Argentinanı məğlub etməklə (2:1) tarixinin ən səs-küylü qələbələrindən birini reallaşdırdılar. Gənc müdafiəçi Əbdülhəmid isə Lionel Messiyə qarşı o dərəcədə yüksək səviyyəli oyun sərgilədi ki, indi Avropanın ən iddialı klublarının maraq dairəsindədi.
Ritsu Doan
Komandası: Yaponiya
Mövqeyi: hücumameyilli yarımmüdafiəçi
Yaşı: 24
Klubu: “Frayburq”
DÇ-dəki göstəricisi: 4 oyun, 2 qol
Hədəfinə düşdüyü klub: “Roma”
Hazırda Almaniya bundesliqasında 2-ci yeri “Frayburq” tutur. Yaponiya yığması isə mundialda İspaniya və Almaniyanın yarışdığı “ölüm qrupu”nu lider kimi başa vurdu və mübarizəni 1/8 finalda Xorvatiyaya yalnız oyunsonrası penalti seriyasında uduzmaqla dayandırdı. Bu iki komandanı nə birləşdirir? Nə yox, kim soruşmalıyıq. Əlbəttə ki, Ritsu Doan. Almanların qapısına ilk qolu meydana daxil olandan 4 dəqiqə sonra məhz o vurdu. İspaniyalılarla oyunda isə oyundaşını əvəzləyəndən 2 dəqiqə sonra hesabı bərabərləşdirdi. İki nəhəng rəqiblə matçda iki vacib qolun vurulması təsadüf ola bilməz. Joze Mourinyo artıq 24 yaşlı hücumameyilli yarımmüdafiəçini yanvarda “Roma”ya gətirmək istəyir.
Harri Suttar
Komandası: Avstraliya
Mövqeyi: mərkəz müdafiəçisi
Yaşı: 24
Klubu: “Stok Siti”
DÇ-dəki göstəricisi: 4 oyun
Hədəfinə düşdüyü klublar: İngiltərə klubları
198 santimetr boya malik avstraliyalı müdafiəçi qrup turnirində Tunis və Danimarkaya qarşı ideal oyun sərgilədi. Bu matçlarda minimalhesablı qələbələr onun komandasını sensasion şəkildə pley-offa çıxardı. 1/8 finalda Argentina ilə inadkarcasına mübarizə aparan Avstraliya yığması qapıçı Metyu Rayanın səhvi nəticəsində məğlub oldu – 1:2. Maraqlıdı ki, Suttar Qətəri tərk edəndən sonra “Stok Siti”də əvvəldən axıradək iki oyun keçirib. Onun kimi mübariz və istəkli futbolçunun yeri İngiltərə çempionşipi yox, premyer-liqadı! Harri artıq yüksək liqada oynamağa hazırlaşa bilər.
DÇ-2022 hansı 10 oyunçunu kəşf etdi?
DÇ 2026


