İstənilən turnir sona çatandan sonra laureatlar fərdi mükafatlara layiq görülürlər.
Artıq DÇ-2022-də 4 nominasiyadan üçündə qalibin yeni çempion Argentina yığmasının üzvləri olduğu məlumdu. Lionel Messi mundialın ən yaxşı oyunçusu, Emiliano Martines ən yaxşı qapıçısı, Entso Fernandes ən yaxşı gənc oyunçusu seçilib. Qətərdəki turnirin ən yaxşı bombardiri üçün nəzərdə tutulan mükafat isə Kilian Mbappeyə çatıb. Bəs mundialın rəmzi komandasına kimlər daha layiqdilər? Qəzetimizin versiyasını nəzərinizə çatdırırıq.
qapıçı
Emiliano Martines
Komandası: Argentina
Göstəriciləri: 7 oyun, 690 dəqiqə, 8 buraxılan qol, 1 sarı vərəqə
Mundialın ən yaxşı qapıçısı adına ən çox layiq olan iki namizəd vardı. Xorvat Dominik Livakoviç ilə argentinalı Emiliano Martines turniri başqa əlcək sahiblərindən daha yaxşı keçirdilər. Hər ikisi komandasını iki penalti seriyasından qalib çıxardı, yarışboyu fantastik seyvlərlə yadda qaldı. Finala qədər Livakoviç rəmzi komandaya düşməyə daha layiq olan göstəricilərə malik idi. O, 24 seyv etməklə qapısına istiqamətlənən zərbələrin 80,6 faizinin qarşısını almışdı. Lakin Martinesin Fransa ilə final oyununun 120+3-cü dəqiqəsindəki əfsanəvi qurtarışı və təbii ki, qızıl medalların sahibini müəyyənləşdirən penalti seriyasındakı qələbəsi onu rəmzi komandaya daxil etdi.
müdafiəçilər
Əşrəf Hakimi
Komandası: Mərakeş
Göstəriciləri: 7 oyun, 633 dəqiqə, 1 məhsuldar ötürmə
Mərakeş yığması dünyanın ən nəhəng futbol turnirində yalnız boyundan yuxarı tullanmadı, belə desək, həm də kosmosa uçdu. Bu komanda üçün 4-cü yer hətta qızıla bərabərdi. DÇ-2022-nin əsas kəşfi və sensasiyasının bir sıra oyunçularının rəmzi komandada görünməsi təbii qarşılanmalıdı. Hakimi turnirin əsas qəhrəmanlarından oldu. PSJ-nin müdafiəçisi bütün oyunlarda əsas heyətdə meydana çıxdı, sağ cinahda xorvat İvan Perişiçi, belçikalı qardaşlar Eden və Torqan Azarı, ispan Dani Olmonu, portuqal Joao Felişi və hətta fransalı Kilian Mbappeni də oyundankənar vəziyyətə saldı. 1/8 finalın İspaniya ilə matçından sonrakı seriyada sonuncu penaltini soyuqqanlılıqla yerinə yetirdi. Əşrəfin mundialda topu rəqibdən 27 dəfə almaqla birinci yeri tutduğunu da qeyd edək.
Romen Saiss
Komandası: Mərakeş
Göstəriciləri: 6 oyun, 468 dəqiqə, 1 qol, 1 sarı vərəqə
Dünya çempionatından əvvəl “Beşiktaş”ın 32 yaşlı müdafiəçisinin rəmzi komandaya layiq olacağını proqnoz vermək mümkün deyildi. Sona çatandan sonra isə turniri mərakeşli kapitansız təsəvvür etmək təsəvvür etmək çox çətindi. Afrika komandasının rəqibdən ilk qolu yarımfinalda buraxmasının əsas səbəbkarı məhz Saissdi. Qrup mərhələsinin Belçika ilə oyununda 2:0 hesablı qələbədə qol vurmaqla da rol oynayan Romenin zədələnməsi yarımfinalda Fransanın işinə çox yaradı. Əks halda fransızların işinin daha müşkül olacağı heç kimdə şübhə doğurmadı.
Yoşko Qvardiol
Komandası: Xorvatiya
Göstəriciləri: 7 oyun, 690 dəqiqə, 1 qol
Təəssüf ki, tamaşaçı kütləsi Qvardiolu ilk növbədə böyük ölçüdə Lionel Messinin yarımfinalda Argentinanın vurduğu 3-cü qol epizodunda məhv etdiyi oyunçu kimi xatırlayacaq. Əslində isə 20 yaşlı müdafiəçi dünya çempionatında sərgilədiyi oyuna görə ən yaxşı sözlərə layiqdi. Xorvatiya yığması əksər matçlarda müdafiədən oyuna üstünlük verdi və maska ilə meydana çıxan bu gəncin yorulmaq bilmədən mübarizə aparması “damalılar”ın mükafatçılar sırasına düşməsində mühüm rol oynadı. 3-cü yer uğrunda matçda (2:1) Mərakeşin qapısına vurduğu erkən qolla bürünc medalı boyundan asmasına şərait yaratdı. Yoşko topsuz oyunu və dəqiq ötürmələri ilə də fərqləndi. Artıq onun adı “Mançester Siti” ilə birgə hallanır.
Teo Ernandes
Komandası: Fransa
Göstəriciləri: 6 oyun, 508 dəqiqə, 1 qol, 1 sarı vərəqə
O, turnirin gedişində ağır zədə alan qardaşı Lukası layiqincə əvəzlədi. Teo bacardığını mundialda da nümayiş etdirdi: müdafiə olunmaqdan çox hücum etməyi sevdiyini göstərdi. Mütəxəssislərin rəyinə görə, Mbappenin uğurlu çıxışı həm də Teonun rəqib oyunçuları öz arxasınca aparması ilə bağlı oldu. Doğrudu, finalda digər müdafiəçilər kimi çox zəif oynadı. Amma futbolçunun çıxışı bir oyunla deyil, turnirboyu sərgilədiyi futbolla dəyərləndirilir. Odu ki, sol cinahdakı mükəmməl oyunu ilə seçilən müdafiəçidən danışsaq, ilk növbədə məhz Ernandesin adını çəkməliyik.
yarımmüdafiəçilər
Sofyan Amrabat
Komandası: Mərakeş
Göstəriciləri: 7 oyun, 660 dəqiqə, 1 sarı vərəqə
Mundialda bir çox dayaq yarımmüdafiəçiləri inamlı oyunu ilə yadda qaldılar. Məsələn, ingilis Cud Bellingem ilə portuqaliyalı Bruno Fernandeş də çox yaxşı çıxışı ilə yadda qaldılar. Amma fərq ondadı ki, Amrabat komandası ilə birgə çox uzağa gedə bildi. 26 yaşlı yarımmüdafiəçi topu rəqiblərdən almaq, topla səliqəli davranmaq və qaydaları nadir hallarda pozması ilə yadda qaldı. Sosial şəbəkələrdə daim Qətərə zədəli olduğu üçün gələ bilməyən fransalı Nqolo Kante ilə müqayisə olundu. Sofyan çox güman ki, gələn il “Fiorentina”nı daha ambisiyalı kluba dəyişəcək.
Luka Modriç
Komandası: Xorvatiya
Göstəriciləri: 7 oyun, 656 dəqiqə, 1 sarı vərəqə
Xorvatiya onsuz ardıcıl ikinci dəfə yarımfinala qədər irəliləyə bilməzdi. 37 yaşlı Modriç ənənəvi olaraq meydanda o qədər də fərqlənən futbolçu deyildi. Ancaq öz işini sakitcə görməklə komandasının əsas hərəkətverici qüvvəsi rolunu oynadı. Topalma, dəqiq yerlə ötürmə və asmaları ilə bu işlərin ustası olduğunu bir daha təsdiqlədi. O, artıq adını mundialın əfsanələrinin sırasına yazıb. Qətərdə yaşca yalnız Kriştiano Ronaldo ilə Tyaqo Silvadan geri qalan Luka meydanın mərkəzindəki soyuqqanlı və müdrik oyunu ilə mükəmməllik nümunəsi oldu.
Entso Fernandes
Komandası: Argentina
Göstəriciləri: 7 oyun, 563 dəqiqə, 1 qol, 1 məhsuldar ötürmə, 1 sarı vərəqə
Argentina yığmasının istənilən mərkəz yarımmüdafiəçisi turniri yüksək səviyyədə keçirdi. Rodriqo De Paul, Aleksis Mak Allister və Entso Fernandesin çempionluqda əhəmiyyətli rolu oldu. Əslində Fernandes mundiala ehtiyat oyunçu statusu ilə başlamışdı. Amma artıq finalda start heyətində oynayacağı heç kimdə şübhə doğurmurdu. “Benfika”nın 21 yaşlı xavbeki DÇ-2022-nin ən yaxşı gənc oyunçusu üçün ayrılan mükafata layiq görüldü. Entso, çox güman ki, gələn yay top-klublardan birinə satılacaq.
Antuan Qrizmann
Komandası: Fransa
Göstəriciləri: 7 oyun, 538 dəqiqə, 3 məhsuldar ötürmə, 1 sarı vərəqə
Onun klub karyerası son illərdə o qədər də uğurlu alınmır, amma milli komandada yalnız parıldayır. Qrizmann baş məşqçi Didye Deşamın onun üçün müəyyən etdiyi yeni funksiyanın öhdəsindən mükəmməl gəldi. Qətərdə meydanın dərinliyində fəaliyyət göstərən Antuan yarımmüdafiə ilə hücum arasındakı əsas bağ rolunu oynadı. 4 il əvvəl daha çox hücumçu kimi çıxış etmişdi. Bu dəfə isə Marsel Desayi, Zinəddin Zidan və Kantenin funksiyalarını özündə birləşdirməklə seçildi. 1/4 finalda məhz onun iki məhsuldar ötürməsi İngiltərə üzrində qələbədə (2:1) böyük əhəmiyyət daşıdı. Yalnız finalda özünə bənzəməsə də, rəmzi komandaya düşməyə layiq idi.
hücumçular
Kilian Mbappe
Komandası: Fransa
Göstəriciləri: 7 oyun, 597 dəqiqə, 8 qol, 3 məhsuldar ötürmə
DÇ-2022-nin ən yaxşı bombardiri olan Mbappe finalda het-trik edən ikinci futbolçu kimi tarixə düşdü. Dekabrın 20-də 24 yaşını tamamlayan hücumçu az qala ardıcıl ikinci dəfə çempion olacaqdı. Komandasına 3 məhsuldar ötürmə ilə də faydalı olan Kilian müasir və gələcək futbolun ulduzu statusunu bir daha doğrultdu. Onun finalda Lionel Messi ilə baxımlı dueli artıq futbolun tarixinə düşüb. PSJ-nin hücumçusu bu gedişlə dünya çempionatlarında bir sıra rekordları öz adına yazacaq.
Lionel Messi
Komandası: Argentina
Göstəriciləri: 7 oyun, 690 dəqiqə, 7 qol, 3 məhsuldar ötürmə
Argentinalı kapitan üçün Qətərdəki mundial nağıla bənzədi. Komandası turnirə məğlubiyyətlə başladı. Böyük ambisiyasını tədricən nümayiş etdirən Messi liderlik funksiyalarının öhdəsindən məharətlə gəldi. Qrup mərhələsinin iki və pley-offun bütün oyunlarında qapıya yol tapan dahi futbolçu finalda yorulan komandasını çətinlikdən çıxardı. Karyerasında ikinci dəfə mundialın ən yaxşı oyunçusu seçilən Lionel çoxdan layiq hesab olunduğu dünya çempionu adına 35 yaşında qovuşdu! O, artıq futbol səhnəsini tacsız kral kimi tərk etməyəcək!
Yeri gəlmişkən...
Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası DÇ-2022-nin rəmzi komandasını açıqlayıb. Ən yaxşıların “11-liy”inə Argentina, Fransa və Mərakeş millisindən 3, Xorvatiya yığmasından isə 2 oyunçu layiq bilinib.
Qapıçı: Emiliano Martines (Argentina).
Müdafiəçilər: Əşrəf Hakimi, Romen Saiss (hər ikisi Mərakeş), Yoşko Qvardiol (Xorvatiya), Teo Ernandes (Fransa).
Yarımmüdafiəçilər: Sofyan Amrabat (Mərakeş), Luka Modriç (Xorvatiya), Antuan Qrizmann (Fransa).
Hücumçular: Lionel Messi, Xulian Alvares (hər ikisi Argentina), Kilian Mbappe (Fransa).