Premyer-liqanın 11-ci turunun "Qarabağ" - "Turan Tovuz" qarşılaşmasında stadionda cəmi 650 tamaşaçı vardı.
Avrokubok oyunlarında stadionu tam dolduran azarkeşlər Ağdam təmsilçisinin ölkə çempionatındakı matçlarına niyə belə laqeyddi? Belə münasibət biletlərin qiymətiylə bağlı ola bilər? Suallara "Qarabağ"ın mətbuat katibi Gündüz Abbaszadədən cavab aldıq:
"Təəssüf ki, ölkə çempionatına maraq zəifdi. Əvvəlki illərdə, biletin pulsuz olduğu vaxtlarda da azarkeş sayı aşağı-yuxarı eyni idi. Avrokubok oyunlarımıza maraq daha çox olduğundan azarkeşlər stadionları doldurur. Amma bu mövsüm "Neftçi"ylə derbiyə baxmaq üçün stadiona yetərincə azarkeş gəlmişdi. Hətta deyərdim ki, son illərin rekord göstəricisidi. Ümid edirəm ki, yaxın gələcəkdə avrokuboklardakı oyunlarımıza olan hədsiz maraq komandamızın çempionat görüşlərində də təkrarlanacaq. "Turan Tovuz"a, "Şamaxı"ya və başqa komandalara qarşı oynayan "Qarabağ" Frayburq" və "Nant"la mübarizə aparan komandadı".
ABDULLA İSMAYILOĞLU