Meksikada keçirilən mundial azarkeşlərə xeyli fantastik matçlar bəxş etdi. Argentina, Fransa, AFR, Danimarka, İngiltərə, Belçika, İspaniya və sabiq SSRİ milliləri futbolsevərlərə əsl zövq yaşatdı. Bununla belə, bir ulduz hamını kölgədə qoymağı bacardı. Təbii ki, söhbət Dieqo Maradonadan gedir.
Maradonanın benefisi
Əslində FİFA-nın konqresində qəbul olunan qərara əsasən, 13-cü dünya çempionatı Meksikada yox, Kolumbiya keçirilməliydi. Ancaq bu ölkənin ötən əsrin 80-ci illərinin əvvəllərində ciddi maliyyə böhranı yaşaması planların dəyişməsinə gətirdi. Nəticədə ali futbol qurumu 1983-cü ildə radikal addım atmağa məcbur oldu: mundial Kolumbiyanın əlindən alınaraq Meksikaya verildi. 1985-ci ilin sentyabrında “asteklər ölkəsi”ndə baş verən və 20 minə yaxın insanın həyatını itirməsiylə nəticələnən güclü zəlzələ az qala yenidən turnirin təşkilini sual altına qoyacaqdı. Amma stadionlara ciddi zərər dəymədiyindən FİFA qərarını qüvvədə saxladı. Beləliklə, Meksika mundialı 2-ci dəfə qəbul edən ilk ölkə kimi tarixə düşdü. Yarışı yüksək səviyyədə keçirən Şimali Amerika təmsilçisi qurumun etibarını doğrultdu.
Ötən turnirdə olduğu kimi, final mərhələsində yenidən 24 komanda 6 qrupa bölündü. Ancaq bu dəfə reqlamentə dəyişiklik edildi. Belə ki, ilk iki yeri tutan millilərdən əlavə üçüncülər arasında ən yaxşı göstəriciyə malik daha 4 kollektiv 1/8 finala vəsiqə qazanacaqdı. Bu da qruplarda 3-cü yer uğrunda mübarizəni qızışdıracaqdı.
1/8 finalın ən yaddaqalan oyunu Belçika və sabiq SSRİ yığmaları arasında keçirildi. Əsas vaxtı 2:2 hesabıyla bitən matçın əlavə yarımsaatında isveçli hakimlər briqadası kobud səhvlər buraxdı. “Qırmızı iblislər”in qolları ofsayddan vurulsa da, Erik Fredriksson hər iki halda mərkəzi göstərdi. Şifonun fərqləndiyi epizod daha qəribə alındı: laysman əvvəlcə bayrağı qaldırdı, bir neçə saniyədən sonra isə fikrini dəyişdi. Görüşün ardından yan xətt hakimi diskvalifikasiya olunsa da, Fredriksson finala laysman kimi təyinat aldı.
1/4 finalda 4 matçın 3-də qalib yalnız oyunsonrası penalti seriyasında bəlli oldu. Fransa, AFR və Belçika yoluna davam etdi, uyğun olaraq Braziliya, Meksika və İspaniya üçün isə turnir bitdi. Argentina – İngiltərə görüşü çox prinsipial və dramatik alındı. Cənubi amerikalılar 4 il əvvəl məğlub olduqları Folklend müharibəsinin qisasını aldı. Oyunun əsas hadisələri 5 dəqiqəyə sığdı. Əvvəlcə Maradona topu əllə rəqib qapısına göndərdi. Bir qədər sonra isə Dieqo mundiallar tarixində bəlkə də ən gözəl və “əsrin qolu” adını alan şedevrə imza atdı: meydanın mərkəzində topu qəbul edən futbolçu qapıçı da nəzərə alınmaqla 5 rəqibini geridə qoyaraq fərqləndi. İngilislər Linekerin sayəsində yalnız fərqi azaltdı.
Bütün dünyanın finalda Maradona – Platini qarşıdurmasını gözlədiyi bir vaxt AFR yarımfinalda “üçrənglilər”i üstələdi. Bundestimin DÇ-82-də də Fransanı həlledici oyunun biraddımlığında büdrətdiyini xatırladaq. Digər matçda Maradona yenidən səhnəyə çıxdı. O, ikinci hissədəki dublu sayəsində Belçikaya şans tanımadı. Dieqonun 4 rəqibin əhatəsindən çıxaraq vurduğu top daha baxımlı alındı.
Təxminən 115 min azarkeşin “Asteka”dan izlədiyi finalda intriqa sonadək davam etdi. İlk hissədə Şumaherin çıxışdakı kobud səhvindən sonra Braun baş zərbəsiylə hesabı açdı. 56-cı dəqiqədə Valdano komandasının ikinci qolunu vurdu. Ruhdan düşməyən bundestim 8 dəqiqə ərzində geridönüş etdi: Rummeniggeylə Föller hesaba tarazlıq gətirdi. Artıq çoxlarının əlavə vaxtı gözlədiyi an Maradona yenidən adından söz etdirdi. Onun ideal ötürməsindən sonra rəqib qapıçıyla üz-üzə qalan Burruçaqa son nöqtəni qoydu. Argentina 8 illik fasilənin ardından yenidən dünyanın ən güclüsü oldu.
DÇ-1986 – MEKSİKA
Vaxt: 31 may – 29 iyun
Oyunların keçirildiyi şəhərlər: İrapuato, Keretaro, Qvadalaxara, Leon, Mexiko, Monterrey, Nesaualkoytl, Puebla, San Nikolas de los Qarsa, Sapopan, Toluka
Oyunların keçirildiyi stadionların sayı: 12
İştirakçılar (5 konfederasiyadan 24 milli komanda): AFR, Argentina, Belçika, Bolqarıstan, Braziliya, Danimarka, Əlcəzair, Fransa, İngiltərə, İraq, İspaniya, İtaliya, Kanada, Koreya, Macarıstan, Meksika, Mərakeş, Paraqvay, Polşa, Portuqaliya, SSRİ, Şimali İrlandiya, Şotlandiya, Uruqvay
Oyun sayı: 52
Qol sayı: 132 (orta hesabla 2,54)
Poker: 1
Het-trik: 3
Penalti: 16 (12-si dəqiq olub)
Sarı (qırmızı) vərəqə: 137 (8)
Avtoqol: 1
Tamaşaçı sayı: 2394031 (orta hesabla 46039)
1-ci yer: Argentina
2-ci yer: AFR
3-cü yer: Fransa
4-cü yer: Belçika
Bombardir: Qari Lineker (İngiltərə) – 6
Turnirin rəmzi yığması
Qapıçı – Harald Şumaher (AFR); müdafiəçilər – Manuel Amoros, Maksim Bossis (hər ikisi Fransa), Jozimar (Braziliya); yarımmüdafiəçilər – Yan Kulemans (Belçika), Feliks Maqat (AFR), Mişel Platini (Fransa), Dieqo Maradona (Argentina); hücumçular – Preben Elkyaer-Larsen (Danimarka), Emilio Butragenyo (İspaniya), Qari Lineker (İngiltərə).
A qrupu: İtaliya – Bolqarıstan 1:1, Argentina – Koreya 3:1, İtaliya – Argentina 1:1, Bolqarıstan – Koreya 1:1, İtaliya – Koreya 3:2, Argentina – Bolqarıstan 2:0.
1. Argentina 3 2 1 0 6-2 5
2. İtaliya 3 1 2 0 5-4 4
3. Bolqarıstan 3 0 2 1 2-4 2
4. Koreya 3 0 1 2 4-7 1
B qrupu: Meksika – Belçika 2:1, Paraqvay – İraq 1:0, Meksika – Paraqvay 1:1, Belçika – İraq 2:1, Paraqvay – Belçika 2:2, Meksika – İraq 1:0.
1. Meksika 3 2 1 0 4-2 5
2. Paraqvay 3 1 2 0 4-3 4
3. Belçika 3 1 1 1 5-5 3
4. İraq 3 0 0 3 1-4 0
C qrupu: Fransa – Kanada 1:0, SSRİ – Macarıstan 6:0, Fransa – SSRİ 1:1, Macarıstan – Kanada 2:0, Fransa – Macarıstan 3:0, SSRİ – Kanada 2:0.
1. SSRİ 3 2 1 0 9-1 5
2. Fransa 3 2 1 0 5-1 5
3. Macarıstan 3 1 0 2 2-9 2
4. Kanada 3 0 0 3 0-5 0
D qrupu: Braziliya – İspaniya 1:0, Əlcəzair – Şimali İrlandiya 1:1, Braziliya – Əlcəzair 1:0, İspaniya – Şimali İrlandiya 2:1, Braziliya – Şimali İrlandiya 3:0, İspaniya – Əlcəzair 3:0.
1. Braziliya 3 3 0 0 5-0 6
2. İspaniya 3 2 0 1 5-2 4
3. Şimali İrlandiya 3 0 1 2 2-6 1
4. Əlcəzair 3 0 1 2 1-5 1
E qrupu: Uruqvay – AFR 1:1, Danimarka – Şotlandiya 1:0, AFR – Şotlandiya 2:1, Danimarka – Uruqvay 6:1, Danimarka – AFR 2:0, Uruqvay – Şotlandiya 0:0.
1. Danimarka 3 3 0 0 9-1 6
2. AFR 3 1 1 1 3-4 3
3. Uruqvay 3 0 2 1 2-7 2
4. Şotlandiya 3 0 1 2 1-3 1
F qrupu: Mərakeş – Polşa 0:0, Portuqaliya – İngiltərə 1:0, Mərakeş – İngiltərə 0:0, Polşa – Portuqaliya 1:0, İngiltərə - Polşa 3:0, Mərakeş – Portuqaliya 3:1.
1. Mərakeş 3 1 2 0 3-1 4
2. İngiltərə 3 1 1 1 3-1 3
3. Polşa 3 1 1 1 1-3 3
4. Portuqaliya 3 1 0 2 2-4 2
1/8 final
Meksika – Bolqarıstan 2:0
Neqrete, 34. Servin, 61.
Belçika – SSRİ 4:3, əlavə vaxtda
Şifo, 56. Kulemans, 77. Demol, 102. Klasen, 110 – Belanov, 27; 70; 111-p.
Braziliya – Polşa 4:0
Sokrates, 30-p. Jozimar, 55. Edinyo, 79. Kareka, 83-p.
Argentina – Uruqvay 1:0
Paskulli, 42.
Fransa – İtaliya 2:0
Platini, 15. Stopira, 57.
AFR – Mərakeş 1:0
Matteus, 88.
İngiltərə - Paraqvay 3:0
Lineker, 31; 73. Birdsli, 56.
İspaniya – Danimarka 5:1
Butragenyo, 43; 56; 80; 88-p. Qoykoeçea, 68-p. – Y.Olsen, 33-p.
1/4 final
Fransa – Braziliya 1:1, p. – 4:3
Platini, 40 – Kareka, 17.
AFR – Meksika 0:0, p. – 4:1
Argentina – İngiltərə 2:1
Maradona, 51; 55 – Lineker, 81.
Belçika – İspaniya 1:1, p. – 5:4
Kulemans, 35 – Senyor, 85.
yarımfinal
AFR – Fransa 2:0
Breme, 9. Föller, 89.
Argentina – Belçika 2:0
Maradona, 51; 63.
3-cü yer uğrunda oyun
Fransa – Belçika 4:2, ə.v.
Ferreri, 27. Papen, 43. Jengini, 104. Amoros, 111-p. – Kulemans, 11. Klasen, 73.
final
Argentina – AFR 3:2 (1:0)
Argentina: Pumpido, Kuçuffo, Braun, Ruceri, Batista, Custi, Olartikoeçea, Enrike, Burruçaqa (Trobbiani, 90), Maradona, Valdano.
AFR: Şumaher, Bertold, K.Förster, Yakobs, Brigel, Breme, Eder, Matteus, Maqat (D.Höness, 62), Rummenigge, K.Allofs (Föller, 46).
Qollar: Braun, 23 (1:0). Valdano, 56 (2:0). Rummenigge, 74 (2:1). Föller, 81 (2:2). Burruçaqa, 84 (3:2).
Vərəqələr: Maradona, 17. Matteus, 21. Brigel, 62. Olartikoeçea, 77. Enrike, 81. Pumpido, 85 – sarı.
Hakim: Romualdo Arppi Filyo (Braziliya).
29 iyun. Mexiko. “Asteka” stadionu. 114600 tamaşaçı.
Bilirsizmi?
* Maradona 8 il sonra Daniel Passarelladan qisas aldı. Dieqonun 1978-ci ildə vətənində keçirilən mundialda iştirak etməməsinin əsas səbəbkarları məhz komanda yoldaşı oldu. Sərtliyi ilə seçilən kapitan Passarella Dieqo kimi futbolçunu millidə görmək istəmirdi, çünki özünün yaratdığı diktaturanın, belə desək, çat verə biləcəyindən qorxurdu. Məşqçi Luis Menotti Danielin sözünə qulaq asıb yekun qərarı qəbul etdi. Maradona həyatının sonuna qədər Passarellanı bağışlamadı. DÇ-86-da artıq yığmanın kapitanı Dieqo idi. Bu dəfə çalışdırıcı Karlos Bilardo onun fikrini nəzərə alırdı. Danielin Meksikadakı turnirdə bircə dəfə də meydana çıxmamasında Maradona rol oynadı. Passarella bu günə qədər iki dəfə dünya çempionatında qalib gələn yeganə argentinalı olsa da, bu mundialda 7 matçın hamısında ehtiyat oyunçular skamyasında qaldı! Dieqonun 1994-cü ildə məhz Danielin “albiselesta”nın məşqçisi postuna təyinatının ardından milli karyerasını bitirdiyini əlavə edək.
Maraqlıdı...
* Turnirin bombardiri 6 qol vuran Lineker oldu. Ancaq hücumçu, ümumiyyətlə, DÇ-yə yollanmaya bilərdi. Belə ki, mundialdan əvvəl millinin məşqlərinin birində biləyini qırdı. Həmin vaxt Linekerin başqa oyunçuyla əvəzlənməsi gündəmdə olsa da, forvard komandaya kömək etmək istədiyini bildirdi. Bir müddət sonra İngiltərə Futbol Assosiasiyası FİFA-ya müraciət edərək hücumçunun biləyində sarğıyla oynamasına icazə verilməsini istədi və müsbət cavab aldı. Mundialın ardından Lineker həmin vaxt üçün çox böyük məbləğ sayılan 4 milyon dollar müqabilində “Everton”dan “Barselona”ya transfer olundu.
* Platini illər sonra kitabında AFR-dən alınan məğlubiyyəti belə xatırladı: “Əslində rəqibə qalib gələ bilərdik. Jurnalistlər artıq oyundan əvvəl finalda Platini – Maradona duelini təsvir etmək üçün səbirsizlənirdi. Çox təəssüf... Bu komandanı çox sevir və həmin nəslin həlledici matça çıxacağına inanırdım. Ancaq Dünya Kubokunu Mexiko – Paris reysiylə uçacaq “Konkord” təyyarəsinin bortunda gətirmək bizə qismət olmadı. Bu, arzumun puç olması demək idi...”.
Faktlar
* Argentina Uruqvay, İtaliya, Braziliya və AFR-dən sonra iki dəfə mundialın qızıl medallarını qazanan 5-ci milli oldu.
* AFR yığması ardıcıl iki finalda uduzmaqla Niderlandın (1974, 1978) aqibətini yaşadı.
* Meksikadakı turnirdə mundiallar tarixinin iki yubiley qolu vuruldu. Fransalı Papen qrup mərhələsində Kanada ilə oyunda 1200-cü, Lineker isə 1/8 finalda Paraqvayla matçda 1300-cü topun müəllifi oldu. Daha dəqiq desək, söhbət ingilis hücumçunun həmin görüşdəki ikinci qolundan gedir.
* Paraqvayın çalışdırıcısı Kayetano Re Belçika ilə oyunda qarşısında qırmızı vərəqə görməklə dünya çempionatlarında qovulan ilk məşqçi oldu.
* Mərakeş DÇ-də pley-offa çıxan ilk Afrika millisi kimi tarixə düşdü.
* İspaniya – Danimarka matçında mundiallarda ilk dəfə bir oyunda qapılara 3 penalti təyin olundu.
* Uruqvay – Şotlandiya görüşünün 56-cı saniyəsində Strakana qarşı çox kobud oyununa görə qırmızı vərəqə alan cənubi amerikalı müdafiəçi Batista DÇ-də meydandan ən erkən qovulan futbolçu kimi tarixə düşdü.
Çempion məşqçi
Karlos Bilardo – milli onun başçılığı altında Meksikada dünya çempionu, 4 il sonra isə İtaliyada mundialın finalçısı olsa da, uğurları vətənində heç də hər kəs tərəfindən tanınmır. Xeyli azarkeş, mütəxəssis, eləcə də futbolçu “albiselesta”nın qızıl medalları Bilardonun yox, Maradonanın sayəsində qazandığını düşünür. Dieqonun sitatını xatırlayaq: “DÇ-86-dan əvvəl komanda faciəvi vəziyyəti idi. Yoxlama oyunlarında güclü olmayan rəqiblərə uduzurduq. Bilardo heç kimin anlamadığı göstərişləri verirdi. Onun çıxışlarından sonra köməkçiləri dediyi sözləri bizə başa salmağa məcbur olurdu. İnanmırsızsa, Valdanodan soruşun. Xorxe meydana çıxırdı və nə etməli olduğunu bilmirdi. Eyni sözlər Burruçaqaya da aiddi. Başqa sözlə, Argentinanın dünya çempionu olmasında Bilardonun əməyi yoxdu! Hər şeyi futbolçular etdi, elə mən də bildiyim kimi oynayırdım”.
DÇ-nin ulduzu
Dieqo Maradona – onun DÇ-86-da çıxışı hər kəsi heyran etdi! Düzdü, futbol aləmi hələ bu turnirdən əvvəl də Dieqonun istedadından xəbərdar idi. Ancaq “Qızıl oğlan” ləqəbli argentinalının ulduzu məhz Meksikadakı mundialda parladı. Təsadüfi deyil ki, həmyerlilərindən başqa hətta rəqibləri də onun böyüklüyünü qəbul etdi. “Karyeramda ilk və son dəfə rəqib futbolçunu vurduğu qola görə alqışlamaq istəyirdim”, - deyə Lineker Maradonanın 5 inglis oyunçunu geridə qoyaraq fərqləndiyi epizodu xatırlayırdı. Platini isə yarımfinalda AFR-ə məğlubiyyətdən sonra bunları dedi: “Asteka” stadionunda qarabuğdayı bəstəboy Argentina yığmasını qələbə aparacaq. Estafeti Buenos Ayresdən olan bu qıvrımsaç futbolçuya ötürmək istəyirəm. Uğurlar sənə, Dieqo!”
Təəssüf ki, futboldankənar məsələlər və bəxtsizlik Maradonanın iki- və ya üçqat dünya çempionu olmasına imkan vermədi.