Darvin Nunyesin ''Liverpul'' karyerası uğurlu start götürdü.
Komandaya bonuslarla birlikdə 100 milyon avroya başa gələn uruqvaylı forvard ilk rəsmi oyununda sonradan meydana çıxaraq həm qol vurdu, həm də penalti qazandı. Özü də elə-belə rəqibə yox, ''Mançester Siti''yə qarşı. 23 yaşlı forvard mersisaydlıların bu gün ''Fulhem''ə qarşı keçirəcəyi ilk turun oyunundan öncə klub saytına müsahibə verib.
- Darvin, ''Liverpul''da ilk günlərin necə keçir?
- Çox yaxşı. Düzünü desəm, ilk vaxtlar özümü bir qədər qəribə hiss edirdim. Çünki bütün bu başverənlər həyatımda bir ilk idi. Bunu şagirdin bir məktəbdən digər məktəbə keçməsinə və yeni sinif yoldaşlarının əhatəsinə düşməyinə bənzədərdim. Amma günlər ötdükcə yeni mühitə alışmağa və özümü daha rahat hiss etməyə başladım. Özü də nəzərə alaq ki, ingilis dilini bilmirəm. Amma komanda yoldaşlarım həqiqətən də məni çox səmimi şəkildə öz aralarına qəbul etdilər. Kapitanlardan olan Milnerin, eləcə də braziliyaliların və bura yeni gələn Diasın ispan dilində danışması çox xeyrimə oldu.
- Ən çox hansı komanda yoldaşların sənə dəstək oldu?
- Dediyim kimi dil baxımından birinci Firmino, Fabinyo və Diasla ünsiyyət qurdum. Mənim kimi yeni transfer olunan Fabio Karvalyo ilə də dostlaşdım. Sonra digər komanda yoldaşlarımla da birtəhər əl hərəkətləri ilə anlaşmağa başladım. Oynadığın ölkənin dilini bilmək çox vacibdi. Tədricən ingilis dilini öyrəndikcə başqa oyunçularla da ünsiyyətimi gücləndirəcəm.
- Yəqin Avstriya toplanışında iştirak etmək komandanı tanımaq baxımından sənə çox faydalı oldu.
- Bəli, biz orda 7-8 gün keçirdik. Həm məşq prosesini yaxından anlamaq, həm də komanda yoldaşlarımı tanımaq fürsətim oldu. Məsələn, mənim kimi hücumda oynayan Salahla yaxından tanış oldum. Yarımmüdafiəçilər, eləcə də kapitan Henderson ilə mümkün qədər çox vaxt keçirməyə çalışdım. Henderson da buna qarşılıq verərək mənim özümü yad hiss etməməyin üçün əlindən gələni etdi. Məşqçi ilə aramda körpü rolunu isə Tyaqo Alkantara oynayır. Məşqdə bir tapşırıq veriləndə o bunu mənə izah edir. Avstriya toplanışı mənim üçün faydalı keçdi. İlk gəldiyim günlə müqayisədə indi özümü daha sərbəst və inamlı hiss edirəm.
- Avstriyada digər oyunçularla birlikdə balıq tutmağa da getmişdiz və sosial şəbəkədə ordan gözəl şəkillər paylaşmısan. Düzünü de, sən həmin gün balıq tuta bildin?
- Etiraf edim ki, həmin günün ulduzu Kostas (Tsimikas – red.) oldu. Dərhal 120 kiloqramlıq bir balıq tutdu. O qədər böyük və ağır idi ki, onu bir nəfərin saxlaması mümkün deyildi. Hamımız həmin balığı saxlayaraq ümumi bir şəkil çəkdirdik. Sonra mənim növbəm çatdı və paylaşdığım şəkildə əlimdə saxladığım balığı mən özüm tutdum. Məndən sonra Alisson da tutduğu balıqla şəkil çəkdirdi. Yəni həmin gün demək olar hamımız balıq tuta bildik. Amma Kostasın tutduğu balığa heç birimizinki çatmadı (gülür).
- İlk qollarını ''Leyptsiq''ə vurdun. Həmin an nə hiss etdin?
- Özümü əla hiss edirdim. Çünki dörd qol vuracağımı heç ağlıma da gətirməmişdim. İlk qolda Salah penaltini mənə verməklə çox böyük bir jest etmiş oldu. Bu üzdən qolu ona həsr etdim və yanına gedib şəkil çəkdirdim. Sonra daha 3 qol vurdum. Bir qədər qəribə idi. Çünki ''Leyptsiq'' heç də zəif rəqib deyil. Otelə qayıdarkən çox böyük sevinc içindəydim. Hamı məni təbrik edirdi. Həmin qürurverici məqamda ağlıma gələn ilk isim oğlum və xanımım oldu.
- Superkubokda ''Mançester Siti'' üzərində qazanılan qələbədə mühüm rol oynadın.
- Bəli, mənim üçün gözəl başlanğıc oldu. Amma bunun üzərimdə əlavə təzyiq yaradacağını düşünmürəm. Çünki mənim işim qol vurmaq və komandaya yardım etməkdi. Etiraf edim ki, qol vurandan sonra necə sevinəcəyimi bilmədim. Birdən-birə ağlıma formanı çıxarmaq gəldi və emosional şəkildə fanatlarla birlikdə qeyd edərək böyük bir adrenalin yaşadım. Sevincdən az qala dəli olmaq həddinə çatmışdım. Qolu isə həmişəki kimi oğluma və həyat yoldaşıma həsr etdim.
- Həqiqətən də həmin an beynindən hansı hisslər keçdi?
- Düşünürdüm ki, bu mənim ilk rəsmi oyunumdu və dərhal ''Mançester Siti'' kimi bir rəqibin qapısına qol vurdum. Belə anlarda elə sevinc yaşayırsan ki, nə etdiyinin fərqinə varmırsan. Özü də bu iki komanda arasındakı rəqabəti nəzərə alsaq, bu, çox böyük oyun idi. Top tora daxil olanda öz-özümə dedim ki, ''bu, sənin anındı. Formanı çıxar, nə istəyirsən et və dəlicəsinə sevin''. Bu, tək həmin oyunun kontekstində yox, həm də karyeram üçün mühüm qoldu. Bu anı həyatımın sonuna qədər unutmayacam.
- Doğma fanatların önündə qolu qeyd etmək necə hissdi? Yəqin ki, premyer-liqada qol vuranda artıq formanı çıxarmayacaqsan…
- Xeyr, xeyr. Bundan sonra daha soyuqqanlı və sakit olmağa çalışacam. Sadəcə, dediyim kimi həmin an həm ilk qolum olması, həm də bu cür rəqiblə oyuna təsadüf etməsi üzündən nə edəcəyimi bilmədim. Yaşadığım adrenalin ilə formanı az qala üzərimdən cırdım. Həm də fanatlara minnətdarlığımı bu yolla bildirmək istəyirdim. Çünki oyundan öncə isinmə hərəkətlərinə çıxdığım zaman ''Nunyes, Nunyes'' deyə qışqırmağa başladılar. Tüklərim biz-biz oldu. Elə oyunun gedişində də mənim lehimə təzahüratlar səsləndirirdilər. Bir futbolçu üçün bu çox vacibdi.
- İlk turda rəqib ''Fulhem''di. Bu oyun haqda nə düşünürsən?
- Asan oyun olmur. Xüsusilə də premyer-liqa kimi güclü çempionatda. Hər oyun sanki yeni bir çağırışdı. Sən meydana qələbə qazanmaq arzusu ilə çıxmasan, işlər çox çətinləşəcək. Matçın gedişində hər an hər şey dəyişə bilir. Bütün oyunu müdafiədə keçirib ani əks-hücumla qol vurmağa çalışan rəqiblər az deyil. Belə anlarda başa düşürsən ki, qazana biləcəyin 3 xal əldən çıxır. Xüsusilə də futbolda öz səhvindən və ya sadə səhvdən qol buraxmaq üzücüdü. Bizi çox çətin mövsüm gözləyir. Çünki bir yox, bir neçə turnirdə oynayacağıq. Fiziki və psixoloji cəhətdən hazır olmalıyıq. İlk oyundan hazırlıq səviyyəmizi göstərməliyik.
- Bəs yeni mövsüm üçün şəxsi hədəflərin nədi?
- Düzünü desəm, mən heç vaxt qarşıma konkret sayda qol vurmaq hədəfi qoymuram. Təbii ki, məhsuldar oynasam və ardıcıl qollar vursam, bundan yalnız məmnunluq duyacam. Amma dediyim kimi konkret qol hədəfim yoxdu. Məqsədim komandaya yardım etməkdi və mövsümün sonunda hamımız birlikdə titulları başımızın üzərinə qaldıraq. Biz məğlub olanda da, qalib gələndə də bunu birlikdə edirik. ''Liverpul''un hədəfi titullar əldə etməkdi. Klubda hamı yalnız bu haqda düşünür.
ƏLİ RAUFOĞLU