Ötən sayımızda ''Qalatasaray''ın ''Alkmaar'' və Norveç yığmasının üzvü Fredrik Midtşönu müqavilə imzalamaq üçün İstanbula dəvət etdiyini xəbər vermişdik.
Danışıqların son mərhələsi uğurlu alınıb və bu keçid klub tərəfindən rəsmən açıqlanıb. Transfer İstanbul nəhənginə 3,5 milyon avroya başa gəlib. 29 yaşlı yarımmüdafiəçi ilə üçillik müqavilə imzalanıb. Onun illik məvacibi 975 min avroya bərabər olacaq. Yarımmüdafiənin mərkəzində iki yönlü oynamağı bacaran Midtşö ''Rusenburq''un yetirməsidi. 2010-17-ci illərdə bu klubun şərəfini qoruyan təcrübəli futbolçu 2017-də 2,2 milyon avroya ''Alkmaar''a transfer olunmuşdu. Norveç yığmasında 11 oyun keçirən Midtşö son 5 ildə ''Alkmaar''ın heyətində 197 rəsmi oyunda 7 qol və 31 məhsuldar ötürmə ilə fərqlənib.
''Qalatasaray''la bağlı digər transfer xəbərlərini də diqqətinizə çatdıraq. İstanbul nəhəngi Lukas Torreyra ilə də danışıqları davam etdirir. Amma klubdan ayrılmaq üzrə olanların da adları məlumdu. Məsələn, Aytac Kara ilə artıq müqavilə qarşılıqlı şəkildə ləğv olunub. Ötən yay komandaya gələn bu futbolçu cəmi 12 rəsmi oyuna çıxa bilmişdi. Midtşönün gəlişindən sonra əsas heyətə düşməkdə çətinlik çəkəcəyi gözlənilən Berkan Kutlunun son hərəkəti diqqəti çəkib. 24 yaşlı futbolçu sosial şəbəkədəkı səhifəsində dəyişiklik edərək ordan ''Qalatasaray'' sözünü yığışdırıb! Bu hərəkət onun klubdan ayrılacağı ilə bağlı şayiələri daha da artırıb. Gələcək taleyi hələ də qeyri-müəyyən olan Olimpiu Morutsan isə çox güman, yeni mövsümü İtaliyada keçirəcək. Maraqlıdı ki, ''Sivasspor''a keçməkdən imtina edən rumıniyalı vinger İtaliyanın B seriyası təmsilçisi ''Piza'' ilə danışıqlar aparır. Bunu futbolçunun meneceri Viktor Bekali də təsdiqləyib. O, danışıqlar üçün İtaliyaya yollandığını deyib. Qeyd edək ki, ötən yay 4,1 milyon avroya FKSB-dan transfer olunan Morutsan mövsüm ərzində çıxdığı 33 rəsmi oyunda 3 qol, 5 məhsuldar ötürmə ilə fərqlənərək ümidləri doğrulda bilmədi.
Bu arada məlum olub ki, ''Qalatasaray''dan Markaonu heyətinə qatan ''Sevilya'' indi də istanbulluların digər mərkəz müdafiəçisi Viktor Nelssondan əl çəkmir. Amma rəhbərlik qətiyyən bu futbolçunu əldən vermək istəmir. Çünki bir müddət öncə ''Torino''nun Nelsson üçün irəli sürdüyü 10 milyon avroluq təklif rədd edilmişdi. Okan Buruk yeni mövsümdə müdafiə xəttini Nelssonla Əbdülkərim Bardakçının üzərində qurmağı planlaşdırır. Amma rəhbərlik ən azı 15 milyon avroluq təklif olacağı təqdirdə bunu gözdən keçirə bilər. ''Sevilya''nın isə hansı təklifi irəli sürdüyü barədə məlumat yoxdu. ''Qalatasaray'' Nelssonu ötən yay ''Kopenhagen''dən 7 milyon avroya transfer edib.
ƏLİ
“Sevilya” gözünü “Qalatasaray”ın daha bir üzvünə dikib
Dünya futbolu

