Mövsümün ilk oyunu “Dalğa Arena”da keçiriləcək ki, cümə günü 4 ildən sonra elitaya dönən “Kəpəz” stadion problemi səbəbindən “Zirə”ni Gəncədə yox, Bakıətrafı qəsəbədə qonaq edəcək. Mərdəkanda start götürəcək 1-ci tura avqustun 8-də Tovuzda baş tutacaq “Turan Tovuz” – “Qəbələ” matçı ilə yekun vurulacaq.
Bunları niyə xatırlatdıq? Premyer-liqanın püşkatması zamanı PFL-in sabiq prezidenti Ramin Musayev komanda sayında artım olması səbəbindən yeni mövsümdən çempionat oyunlarının 3 günü əhatə edəcəyini söyləmişdi. Ancaq təqvimdən göründüyü kimi, 1-ci turun oyunları bu həftə başlayıb, gələn həftənin ilk günü yekunlaşacaq. Görəsən, 5 oyunun 4 günə bölünməsi nə ilə bağlıdı?
Bu suala cavab tapmaq üçün PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyevlə əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Püşkatma zamanı ilk turun qarşılaşmalarının VAR sisteminin tətbiqi ilə əlaqədar 3 günü əhatə edəcəyi deyilmişdi. Oyunların vaxtı təyin olunanda, Texniki-idman şöbəsinin rəhbəri Elgiz Abbasov klublar və yayınçı şirkətlə əlaqə saxlayıb, başqa məqamları nəzərə alıb. Çempionatın ilk turu olduğuna görə ortaya hansısa problem çıxmasın deyə qərara alındı ki, qarşılaşmalar 4 gün ərzində keçirilsin. Yenə deyirəm, burda yayın məsələsi, klubların istəyi nəzərə alınıb. İnşallah, yeni mövsümə başlayırıq, uzun fasilədən sonra çempionatda 10 komanda mübarizə aparacaq. Düşünürəm ki, qarşıda bizi bir-birindən maraqlı, gərgin idman mübarizəsi şəraitində keçəcək oyunlar gözləyir. “Turan Tovuz”la “Kəpəz”in də elitaya dönüşü çempionata əlavə rəng qatacaq”.
RƏŞAD

