''Qalatasaray''ın iki üzvü yeni mövsümü Fransa çempionatında keçirə bilər.
Football-plus.az xəbər verir ki, ''Nant'' Mustafa Məhəmədə ciddi maraq göstərməkdə davam edir. Bu klub misirli forvardı birillik icarəyə götürmək və gələn yay onu daimi əsasda transfer etmək istəyir. Gələn yay üçün məcburi transfer məbləği olaraq ''Nant'' 6 milyon avro təklif edirsə, İstanbul nəhəngi 10 milyon avro tələb edirdi. Danışıqlardan sonra ''Cim-Bom'' 8 milyon avroya qədər enməyə razılıq verdi. ''Nant'' bu məbləğə razılıq versə, transferin baş tutma ehtimalı yüksəkdi. Bu hazırlıq dönəmində özünü yaxşı tərəfdən göstərə bilməyən 24 yaşlı futbolçunun özünün də komandanı tərk etməyin əleyhinə olmadığı deyilir. Məhəməd geridə qoyduğumuz mövsüm 40 rəsmi oyunda 8 qol, 5 məhsuldar ötürməlik performans sərgiləyib.
Məhəməddən fərqli olaraq Saşa Buyun ''Qalatasaray''ı tərk edəcəyi dəqiqdi. Çünki Okan Burukun planlarına daxil olmayan bu futbolçu Avstriya toplanışına aparılmayıb. 21 yaşlı futbolçu ötən yay Fatih Terimin dönəmində ''Renn''dən 1,1 milyon avroya transfer edilmiş, amma mövsümün böyük hissəsində zədəli olmuşdu. Fransa təmsilçisi ''Strasbur''un Buya görə əvvəlcə 1,2 milyon avro, sonra 1,5 milyon avro təklif etdiyi məlum olub. Danışıqlar prosesi davam edir. Ötən mövsüm 19 rəsmi oyuna çıxan və 1 qol vuran Buyun ''sarı-qırmızılar''la hələ üçillik müqaviləsi var.