“Sabah” uduzdu, ...mən sevindim!

21.10.2026 10:52 504
Manşet / Yazarlar
Sərlövhəni görən oxucu dərhal düşünəcək ki, aha, Azərbaycan idman jurnalistikasının üfüqündə daha bir xain, satqın, kollaborasionist peyda oldu. Amma yox, içimdən keçəni deyirəm, doğrudan da, dünənki məğlubiyyət xeyli müsbət enerji və “Sabah”ın turnir perspektivləri ilə bağlı nikbin xəyallar qurmaq imkanı verdi. Əvvəlcə son məğlubiyyətlə bağlı bəzi qeydlərimi bölüşüm, sonra sözümün canını deyəcəm.

Bu qədər qol vəziyyətini boşa vermək olmaz! “Borussiya” Misli premyer-liqasının klubu deyil ki, qapısı önündə 10 qol vəziyyəti yaradıb, dördündən-beşindən yararlanasan. Ən azı 5 qol vəziyyətin oldu, bunun yalnız birindən yararlandın. Parris, Simiç, Mbina elə vəziyyətləri boşa verir ki, belədə məğlubiyyət qaçılmaz olur. Xüsusən də Parrisdə qol hərisliyi bəzən sırtıqlıq həddinə çatır. Daha əlverişli vəziyyətdə olan Mikelsə ötürmə verməməyin adı nədi?!

Təsfinat mərhələlərinin kralı yuxuya gedib! Velko Simiç əvvəlki mərhələlərdə bütün komandaları cəzalandırdı, amma indi əziyyət çəkir. Təbii, bir səbəb liqa mərhələsindəki rəqiblərin daha səviyyəli olmasıdı, amma sanki futbolçunun özünə tələbkarlığı da azalıb. Eyni zamanda, əvvəlki qədər inamlı və sərbəst deyil.

Hər hissənin ilk 10 dəqiqəsində konsentrasiya itkisi. Konkret “Borussiya” ilə oyundan danışırıqsa, qollar hər hissənin ilk 10 dəqiqəsində vuruldu. Dambrauskas da oyunsonrası açıqlamasında bu məqamın üzərində dayandı. Belə qısamüddətli konsentrasiya itkisi, birmənalı şəkildə təşəbbüsü rəqibə vermək çempiona baha başa gəldi. Hissələrin sonluğu “Sabah”ın aşkar üstünlüyü şəraitində keçdi, hətta o dərəcədə ki, rəqibin qapıçısı Kobel artıq təzyiq qarşısında oyundaşlarının nəfəsinin çatmadığını dedi.

Ustalıq və təcrübə baxımından azacıq gerilik. Bəli, “Borussiya” daha səviyyəli oyunçulardan qurulub, oyunun elə həlledici məqamları olur ki, orda artıq səviyyə və təcrübə “danışır”. “Sabah” bu mənada MY-dən də, dortmundlulardan da geri qaldı, nəticəsi də tablodakı hesab oldu.

Bütün bunları yazandan sonra avtomatik sual yaranır ki, adam, bəs sən nəyə sevindin? Ona sevindim ki, bu “Sabah” səfərdə “Vikinq”i məğlub etməyə, həmçinin “Vilyarreal”la “Napoli”dən xal almağa qadirdi. Azərbaycan çempionu liqa mərhələsindəki debüt mövsümündə “qapazaltı uşaq” deyil, “böyük beşlik” təmsilçilərinin qabağından qaçmır, oyunun müəyyən bölümlərində onlara öz oyun tərzini, iradəsini diktə edir. Vallah, bu az iş deyil. “Sabah” Dambrauskasın rəhbərliyi altında sistemli şəkildə çalışmaqla daha yaxşı nəticələrə nail ola bilər. Hələlik bu yolda ilk hədəf noyabrın 4-də “Vikinq”i məğlub etməkdi. Realdı, mümkündü, arzulanandı!

ORXAN