"Bizim komandalar "Barselona"dan güclüdü" - tovuzlu azarkeşlər Berdiyevdən istefa tələb edir!

19.10.2026 10:50 522
Ölkə futbolu / Manşet
"Turan Tovuz" dünən çox önəmli fürsəti dəyərləndirə bilmədi. Söhbət "bozqurd"un Misli premyer-liqasının 8-ci turunda "İmişli"yə uduzmasından (0:1) gedir.

Bəli, həmin gün "Zirə" "Kəpəz"lə "sülh"ə razılaşdı. Ancaq "Şamaxı"nın son 7 (!) matçda uduzmadığını, bu sayədə, hətta "Zirə"ni də qabaqladığını, "qartallar"ın zədəlilərinin isə əvvəl-axır yaşıl meydanlara qayıdacağını unutmamalıyıq. Başqa sözlə, "Turan Tovuz" nəinki çempionluq, avrokuboklara yollanmaq hədəfinə də böyük zərbə vurdu.

Hadisələrinin axarının nə ilə nəticələnə biləcəyini tovuzlu azarkeşlər də bilir. Odu ki, böyük təhlükənin yaxında olduğunu duyan tərəfdarlar dünən klubun rəsmi sosial şəbəkə hesablarında narazılığını, baş məşqçi Kurban Berdiyevlə yolların ayrılmasının zəruri olduğunu bildirdi.

"Football-plus.az" sizi bəzi rəylərlə tanış edir.

Əlhəm İsmayılov: "Turan" azarkeşlərinin bir sözü var: "Berdiyev Barselona kamandasını məğlub edən məşqçidi". Ancaq Berdiyev bizim çempionatın komandalarını məğlub edə bilmir. Burdan belə qənaətə gəlmək olur ki, bizim komandalar "Barselona"dan güclüdü. Qısası, Berdiyev, istefa, istefa, istefa!!!"

Rövşən Əsgərov: "Turan" maddi vəziyyətinin çətin olduğu, aşağı liqaya düşməmək üçün oynadığı dövrlərdə belə bundan daha yaxşı, daha baxımlı futbol oynayıb, adam "Turan"ın oynuna baxmaq istəmir. Lakin neynəyək "Turan" sevgisi buna imkan vermir!"

Tural Nəbi: "Cənab Berdiyev, getmək vaxtıdı! Sonuncu qələbəsi 2007-ci ilə təsadüf edən, son 14 oyunda "Turan"ı məğlub edə bilməyən "İmişli"ni belə məğlub edə bilmirsinizsə, istefa verməyin vaxtıdı! Söhbət öz stadionu olmayan, büdcəsi "Turan Tovuz"un büdcəsindən dəfələrlə aşağı olan və sizin klubunuzun sahib olduğu şəraitin heç 100-də 1-nə belə sahib olmayan bir komandadan gedir. Belə bir rəqibə qarşı nəticə əldə edə bilmirsizsə, daha nəyi gözləyirsiz? Potensial 24 xaldan cəmi 14 xal toplamaq utancverici və bərbad nəticədi! Bu komandaya milyonlarla vəsait ona görə ayrılmayıb ki, sadəcə liqada qalmaq uğrunda mübarizə aparsın. Bu vəsait çempionluq uğrunda mübarizə apara biləcək komanda qurmaq üçün ayrılıb. Bizə böyük hədəfləri olan, iddialı və nəticə göstərən "Turan Tovuz" lazımdı! Biz hər şeyi görürük! Bəs siz nəyi gözləyirsiz? İstefa verin! Bizə bazar günləri dualarla, təsadüflərlə və ümidlərlə nəticə gözləyən deyil, real futbol, düzgün taktika və peşəkar idarəçilik hesabına qələbə qazanan məşqçi lazımdı. Təəssüf ki, indiyədək gördüyümüz mənzərə bu tələblərə cavab vermir. Bu heyətlə əldə olunan nəticələrin cəmi 58 faiz səviyyəsində qalması da vəziyyətin nə qədər qənaətbəxş olmadığını göstərir. Cənab Berdiyev, getmək vaxtıdı! Bu dəfə 58 faiz yox, 100 faiz əminliklə deyirik: dəyişiklik lazımdı! "Turan Tovuz"un adı böyük hədəflərlə, iddia ilə və qələbələrlə yanaşı çəkilməlidi. Bu klubun azarkeşləri daha artığına layiqdi!"

KƏNAN BAHADIR