Qurban Qurbanov onları tərifləməkdə haqlıdı! - ölkənin ağası "Neftçi", "Sabah" yoxsa "Qarabağ" olacaq?

18.10.2026 18:00 126
Yazarlar / Manşet
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov daim "Sabah" və "Neftçi" haqda yüksək fikirdə olub.

Təcrübəli mütəxəssis nəinki komandasının xal itirdiyi, hətta bu rəqiblər üzərində böyükhesablı qələbə qazandıqları matçlarda belə paytaxt təmsilçilərinin ünvanına təriflər yağdırıb. Dünən də bu baxımdan istisna olmadı. Qurban bəy "köhlən atlar" Misli premyer-liqasının 8-ci turunda evdə "Neftçi"yə qarşı keçirilən Azərbaycan derbisindən sonra həm "bayquşlar"ın, həm də "ağ-qaralar"ın xeyli gücləndiklərini bildirdi.

Haqlıdımı? Əlbəttə.

Hazırda "Qarabağ"la yanaşı "Sabah" və "Neftçi" də uğurlu mövsüm keçirir və çempionluq uğrunda mübarizə aparırlar. Özü də uduzmadan! Futbolumuzun inkişafı naminə sevindirici haldı ki, hazırda hansı komandanın çempionluq şanslarının daha çox olduğunu demək mümkünsüzdü. Çünki hər üç kollektivin özünəxas üstünlükləri var. Bununla belə, ötən həftə keçirilən "Neftçi" - "Sabah" və dünənki "Qarabağ" - "Neftçi" qarşılaşmalarında heç-heçənin qeydə alınması bu komandaların demək olar bərabər səviyyədə olduqlarını göstərir.

Düzdü, hələ qarşıda 25 tur var və hadisələrin axarının nələri dəyişəcəyini bilmirik. Ancaq bir həqiqət indidən bəllidi: "Sabah" və "Neftçi" çox güclənib. Artıq "Qarabağ"ın mütləq hegemonluğundan söhbət gedə bilməz. Üstəlik, hazırda turnir cədvəlinin şəriksiz lideri "Sabah"dı və bizi növbəti turda "Dalğa Arena"da keçiriləcək "Sabah" - "Qarabağ" görüşü gözləyir. Gələn həftə liderin dəyişib-dəyişməyəcəyi bilinmir. Ancaq hər iki komandanın ehtiyatda bir oyununun olduğunu da unutmamalıyıq. Belədə isə bu rəqiblərə qarşı matçlarda xal itirən "Neftçi"nin işi çətin görünür.

Hər halda, çempionun ev oyunlarını paytaxtda keçirən komandalardan birinin - "Sabah", "Qarabağ" və ya "Neftçi"nin olacağını əminliklə söyləyə bilərik.

Beləliklə, azarkeşlərin dili ilə desək, yalnız mövsümün sonunda ölkə ağasının kimliyinə aydınlıq gələcək. Siz futbolsevərlərə düşən isə tribunaları doldurmaq, gərgin mövsümə anbaan şahidlik etmək, sevimli komandanıza dəstək olmaq üçün stadionlara təşrif buyurmaqdı.

Xoş seyrlər!

KƏNAN BAHADIR