Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan derbisi keçiriləcək – “Qarabağ” “Neftçi”ni qəbul edəcək. Eyni xala malik iki iddialı komandadan hər birinin hədəfi qələbə qazanmaqdı.
“Football-plus.az” derbi ərəfəsində hər komandanın üç üstün tərəfini tapmağa çalışıb.
“Qarabağ”
1. Titulu qaytarmaq istəyi
“Qarabağ” “Sabah”a təhvil verdiyi çempionluğu bu mövsüm qaytara bilməsi, deməli, avrokuboklarda iştirakın ağdamlıları gücdən saldığı, bu üzdən “bayquşlar”ın önə çıxdığı haqda iddialar tarixə qovuşacaq, biz artıq vitse-çempionda sistem böhranından danışacağıq. Avrokuboklarda da istədiyi nəticələri əldə edə bilməyən ağdamlılar üçün ölkə çempionluğu mövsümün əsas hədəflərindən biridi. Bu səbəbdən “Neftçi” ilə qarşılaşma “Qarabağ”a həm birbaşa rəqibini geridə qoymaq, həm də çempionluq iddiasını bir daha nümayiş etdirmək imkanı verir.
2. Son oyunların statistikası
Təsəvvür edin ki, son 10 oyunun 9-da “Qarabağ”, 1-də “Neftçi” qalib gəlib. Razılaşaq ki, əzici üstünlükdü. Yəni son illərin statistikası ağdamlılara psixoloji üstünlük qazandırır. Bakılılarda isə öz gücünə inamsızlıq yaradır.
3. Qurban Qurbanov amili
Əlbəttə, Yuri Vernidub “Neftçi”yə gələndən bəri böyük işlər görüb, onu “qeyri-sabit” komanda imicindən qurtarıb, artıq adamlar “ağ-qaralar”ın oyunlarına həvəslə baxırlar. Amma “Qarabağ”ın “sükanı arxasında” bir başqası yox, bu komanda ilə 11 dəfə çempion olan Qurban Qurbanov dayanıb. Razılaşaq ki, bu kiçik uğur, çempion mentallığı isə elə-belə məqam deyil. Yəni baş məşqçilərin müqayisəsində Qurbanov bir addım öndədi.
“Neftçi”
1. 90 illik yubileydə çempionluq həvəsi
Gələn ilin martında 90 yaşını tamamlayacaq “Neftçi”nin çempionluq eşqi ilə alışıb-yandığı şübhə doğurmur. Ölkənin ən titullu klubu ilə derbidə mümkün qələbə bakılıların özünəinamını bir qədər də artıracaq. Odu ki, “Qarabağ”la qarşılaşma həm turnir cədvəlində mövqeyini möhkəmlətmək, həm də çempionluq iddiasını təsdiqləmək baxımından vacib fürsətdi.
2. Tarixi stadionda qələbə istəyi
“Neftçi” üçün əlavə motivasiya mənbələrindən biri də Tofiq Bəhramov adına Respublika stadionunda qələbə qazanmaq istəyidi. Ötən tur “Palms Sports Arena”da keçirilən matçdan sonra stadionun diktorunun növbəti görüşün “doğma divarlar” arasında keçiriləcəyini bildirməsi də maraqlı məqamdı. “Neftçi” belə hesab edir ki, “Bəhramov” özünündə, “Qarabağ” bu stadionun müvəqqəti qonağıdı.
3. İdeal heyət
“Qarabağ”ın zədəli və ya zədədən yenicə dönən oyunçularının sayı çox olsa da, “Neftçi”də bu baxımdan vəziyyət idealdı. Görün işin harasıdı ki, Vernidub Emin Mahmudov və Freddi Varqas kimi ulduzları rahatlıqla ehtiyatda saxlayır. “Neftçi”nin artıq sabit və oturuşmuş heyəti var.
İSRAYIL XEYRULLAYEV
Derbi ərəfəsində kim üstündü? – biz dəlillərimizi deyək, siz götür-qoy edin
Ölkə futbolu / Manşet





