Bilindiyi kimi, bu dəfə derbiyə maraq daha böyükdü. Ona görə ki, həm “köhlən atlar”, həm də “ağ-qaralar” çempionluq uğrunda mübarizə aparır və “Sabah”la birgə liderliyi bölüşürlər. Üstəlik, bu dəfə favoritin kimliyini müəyyənləşdirmək çox çətindi. Baxmayaraq ki, “Qarabağ” son 10 oyunun 9-da, “Neftçi” 1-də qalib gəlib.
Bəs, bu oyunda kimin qələbə şansı daha yüksəkdi? Bu sualı “Qarabağ”ın və “Neftçi”ninin veteran futbolçularına ünvanladıq.
Aslan Kərimov (Qarabağ):
“İllərini “Qarabağ”da keçirən futbolçu kimi meydan sahiblərinin qalib gəlməsini istəyərəm (gülür). Əlbəttə, zarafat edirəm. Tərəfsiz danışım. Bəli, “Qarabağ” hazırda aşkar favorit deyil. Hər iki komandanın üstün və zəif cəhətləri var. “Neftçi” son matçda çempiondan – “Sabah”dan xal aldı, rəqibin qol vurmasına imkan vermədi. Məncə, “Sabah”ın “Slaviya”ya 2:0 hesabı ilə qalib gəlməsi “Neftçi” üçün böyük motivasiya oldu. Bildilər ki, necə güclü komandadan xal qoparıblar. O cümlədən, “Qarabağ” hələ ötən mövsümdəki kimi performans sərgiləyə bilmir. Yeni futbolçular hələ komandaya uyğunlaşa bilməyiblər. Ağdam təmsilçisinin avrokubokların liqa mərhələsinə vəsiqə qazana bilməməsi bu prosesə mənfi təsir göstərdi. Düşünürəm ki, oyun çox gərgin olacaq. “Qarabağ” “Neftçi” ilə müqayisədə belə qarşılaşmalar üçün daha təcrübəlidi. Nə vaxt nə edəcəyini bilir. Məşqçilərin müdaxiləsi də böyük rol oynayacaq. Məncə, premyer-liqada bütün məşqçilər bir-birinin üsullarını tanıyır. Çünki mövsüm ərzində 4-5 dəfə üz-üzə gəlirlər. Bu baxımdan, ciddi problem olacağını düşünmürəm. O başqa məsələ ki, bu matçda əsas məsələ taktika olmayacaq. Hansısa sürprizin olacağına da inanmıram. Yekun nəticə xırda detallardan asılı olacaq”.
Nazim Süleymanov (Neftçi):
“Neftçi” “Sabah”la matçda da yaxşı oynadı. Komandada vəziyyət böyük ölçüdə düzəlib. Unutmayaq ki “Qarabağ” da “Qarabağ”dı. Hər iki komanda çempionluq uğrunda mübarizə aparır. Bu səbəbdən, çox maraqlı görüş olacaq. Futbol səhv oyunudu. Məncə, kim daha az səhv etsə, o qalib gələcək. Hələ ki bu kollektivlər bərabərsəviyyəlidi. Təbii ki, əsas məsələ Azərbaycan futbolunun qələbə çalmasıdı. Ancaq düşünürəm ki, bu dəfə “Neftçi” qalib olacaq”.
KƏNAN BAHADIR





