Avropalılar basketbolçularımıza qan uddurur - dörd klub bu həftə də uduzdu

16.10.2026 10:52 153
İdman
Azərbaycan basketbolunun gücü, inkişafı haqda deyilənlər nağıl imiş... Ona görə ki, Avropaya çıxan kimi “xoruzumuzu qoltuğumuza verirlər”. Ölkəmizi avrokuboklarda təmsil edən 4 klubun hamısı bu həftə də uduzdu.
Avropa Kubokunda mübarizə aparan və tarixində ilk dəfə evdə avrokubok oyununa çıxan “Gəncə” çərşənbə axşamı “Kolossos”u qəbul etdi. Gəncəlilər 4 çeyrəyin yalnız birində qalib gəldi ki, bu da ümumi qələbəyə imkan vermədi. Xatırladaq ki, şəhərin eyniadlı komandası turnirdəki ilk oyununda səfərdə “Əsənlər Erokspor”a 63:92 hesabıyla uduzmuşdu.
Gəncə - Kolossos (Yunanıstan) 62:80 (16:20, 11:20, 19:18, 16:22)
Çərşənbə axşamı “LANDAU Layons” da parket üzərinə çıxdı. “Prievidza”nın qonağı olan “şirlər” rəqibə layiqincə müqavimət göstərə bilmədi. Nəticədə meydandan 84:108 hesablı məğlubiyyətlə ayrıldılar. “LANDAU Layons”un ilk turda “Layons de Jenev”ə uduzduğunu (83:105) da xatırladaq. Paytaxt klubu növbəti matçı oktyabrın 21-də Danimarkada “Bakken Bears”ə qarşı keçirəcək.
Prievidza (Slovakiya) - LANDAU Layons 108:84 (25:20, 23:14, 34:25, 26:25)
Çərşənbə günü “Neftçi” evdə VEF ilə qarşılaşdı. İlk yarını 56:51 hesabı ilə öndə tamamlayan “ağ-qaralar” böyük fasilədən sonra təşəbbüsü əldən verdi. Nəticədə qonaqlar 110:94 hesabıyla qələbə qazandı. “Neftçi” ilk turda Yunanıstan “Mikonos”una da 58:78 uduzmuşdu. Bakılılar növbəti matçı oktyabrın 21-də İsveçrədə “Friburq Olimpik”ə qarşı keçirəcək.
Neftçi – VEF (Latviya) 94:110 (26:24, 30:27, 16:29, 22:30)
“Sabah” da həmin gün Çempionlar Liqasında növbəti oyununu keçirdi. “Trabzonspor”un qonağı olan “bayquşlar” 17 xal fərqi ilə uduzdu. İlk oyunda isə Litva “Ritas”ı Azərbaycan çempionunu 82:73 hesabıyla məğlub etmişdi.
Trabzonspor (Türkiyə) – Sabah 100:83 (35:12, 20:30, 21:10, 24:31)

Reaksiyalar
Martin Knejeviç, “Gəncə”nin baş məşqçisi: “Gəncə basketbolunun tarixində bir ilk yaşandı. Komandamız bu gün Avropa Kubokunda doğma meydanda oynadı. Möhtəşəm azarkeş dəstəyi vardı. Azarkeşlərimizə minnətdarıq. Hücumda istədiyimiz kimi oynaya bilmədik. Müdafiədə isə əksinə, yaxşı çıxış etdik. Oyun ərzində bir neçə dəfə hesab arasındakı fərqi azaltmağı bacardıq. Amma hücum xəttində istədiklərimizi həyata keçirə bilmədiyimizdən belə nəticə alındı. Oyunu təhlil edəcəyik”.
Kostas Vasiliadis, “Neftçi”nin baş məşqçisi: “İki basketbolçumuz oynaya bilmədi. Elayza beş gün, Rob isə bir ay ərzində hazır deyildi. Oyunçularımıza istirahət və bərpa üçün lazımi vaxt ayıra bilmirik. Onların, demək olar ki, dincəlmək imkanı yoxdu. Ümid edirik ki, yaxın günlərdə Rob yenidən sıraya qayıdacaq”.
Lazar Spasiç, “Sabah”ın baş məşqçisi: “İlk növbədə “Trabzonspor”u qələbə münasibəti ilə təbrik edirəm. Həlledici məqam ilk 7-8 dəqiqə oldu. Həmin vaxt rəqib üstünlüyünü 16:9-dan 29:9-a çatdırdı. Bundan sonra oyuna qayıtmaq və istədiyimiz basketbolu nümayiş etdirmək bizim üçün xeyli çətinləşdi. Matça niyə belə başladığımızı bilmirəm. Sanki rəqibə həddən artıq hörmət göstərdik və müdafiədə lazımi səviyyədə oynamadıq. Hücum potensialı yüksək olan komandaya qarşı mübarizə apardığımızı bilirdik. Belə rəqibi səfərdə məğlub etmək üçün ilk növbədə müdafiəçilərə maneə yaradılaraq qurulan hücum kombinasiyalarının və təkbətək epizodların qarşısını almaq lazımdı. Təəssüf ki, bunların heç birinin öhdəsindən gələ bilmədik. Məğlubiyyətimizin əsas səbəbi də bu oldu. Daha sonra hücumda oyun intizamını itirdik, qərar verməkdə çətinlik çəkdik. Hesab arasında fərqi azaltmağa çalışdığımız anlarda “Trabzonspor” təcrübəsini ortaya qoyurdu. Rəqibin basketbolçuları çətin atışları dəqiq yerinə yetirir, xal qazanmağın yollarını tapırdılar. Biz isə oyunun gedişini dəyişmək üçün lazımi həll yollarını tapa bilmədik. A qrupu Çempionlar Liqasının ən güclü qruplarından biridi, bəlkə də ən güclüsüdü. Püşkatmada bəxtimizin gətirdiyini söyləmək olmaz. Ancaq cəmi iki oyun keçirmişik və hər ikisi səfərdə olub. İndi evə qayıtmalı, oyunumuzu təhlil etməli, səhvlər üzərində işləməli və “Nanter”lə növbəti qarşılaşmaya hazırlaşmalıyıq. Qarşıdakı ev oyunlarında müsbət nəticələr qazanmalıyıq. Bundan sonra vəziyyətin necə inkişaf edəcəyinə baxacağıq”.