“Mingəçevir” futbol üzrə ölkə çempionatının 1-ci liqasında mövsümə uğursuz başlayıb. İlk 4 turda qələbə qazana bilməyən komanda 3 oyunda uduzub, 1-də heç-heçə edib. Hazırda “nur şəhəri”nin təmsilçisi 9-cu pillədə qəraralşıb.
“Football-plus.az”ın əldə etdiyi məlumata görə, bütün bunlar səbəbsiz deyil. Ona görə ki, klubda ciddi maliyyə böhranı yaşanır. Yeni mövsümdə nə baş məşqçi Elman Sultanova, nə futbolçulara, nə də klubun bir çox əməkdaşına maaş ödənilib. Əməkdaşların cibinə avqust və sentyabr aylarında bir qəpik belə girməyib. Vəziyyətin oktyabrın sonunda da eyni olacağını təxmin etmək çətin deyil. Hələ onu demirik ki, klubun ötən mövsümdən də qalan xeyli borcu var. Kəsəsi, “Mingəçevir” acınacaqlı durumdadı.
Klubda Elman Sultanovla bağlı da narahatlıq var. Baş məşqçinin fəaliyyəti qanedici səviyyədə deyil. Hətta komandada məşqçi işi görünmür desək, yanılmarıq.
Hadisələrin axarının nə ilə nəticələnəcəyini bilmirik. Ancaq “nur şəhəri” təmsilçisinin “komaya düşdüyü”, təcili müdaxiləyə ehtiyac duyduğu dəqiqdi. Əks halda, kollektivin 2-ci liqaya yuvarlanmaq prosesi sürətlənəcək. “Mingəçevir”in fəaliyyətini dayandırmaq ehtimalını isə ağlımıza belə gətirmək istəmirik...
KƏNAN BAHADIR
“Mingəçevir” borc bataqlığında... – üç aydı nə maaş var, nə də ümid!
Ölkə futbolu / Manşet





