“Olimpiakos”la “Qarabağ” arasında hansısa danışıq olmayıb” – Əlinin Pirey səfərinin detalları

13.10.2026 20:01 81
Ölkə futbolu / Manşet
“Qarabağ”ın hücumçusu Əli İbrahimov hazırda Pirey şəhərindədi. 18 yaşlı hücumçu Yunanıstana - “Olimpiakos”un düşərgəsində baxışda olmaq üçün yollanıb.

Maraq üçün qeyd edək ki, Əli bacarıqlı gənclərimizdəndi. O, sonuncu dəfə U-20-nin heyətində təlim-məşq toplanışında iştirak edib. Futbolçu həm də “Qarabağ”ın ötən mövsüm UEFA Gənclər Liqasında keçirdiyi 6 matçın 5-də şans qazanıb. Bu oyunlardan 2-də start heyətində olan hücumçu qalanlarında sonradan meydana çıxıb.

Əlinin Yunanıstana səfəri haqda ətraflı məlumat almaq üçün “Qarabağ” akademiyasının əlaqələndiricisi Aftandil Hacıyevə müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Əli İbrahimov “Olimpiakos”un düşərgəsinə öz təşəbbüsü ilə yollanıb. Futbolçu, sadəcə, bizdən icazə alıb. Klub olaraq, razılıq vermişik. İndiyə qədər “Olimpiakos”la “Qarabağ” arasında hansısa danışıq olmayıb. Baxış müddəti yəqin ki, 1 həftə - 10 gün aralığında olacaq. Əli müqavilə ilə bizə məxsusdu. “Olimpiakos” onu sıralarına cəlb etmək haqda qərar verəcəyi təqdirdə bizlə danışıq aparacaq. Əlbəttə, “Qarabağ” olaraq, arzumuz futbolçuların daha güclü çempionatlarda inkişaf etməsidi”.

KƏNAN BAHADIR