"Football-plus.az" xəbər verir ki, London klubunun mətbuat xidmətinin məlumatına görə, Arteta ilə müqavilənin müddəti 2030-cu ilə qədər uzadılıb. Eyni zamanda onun başçılıq etdiyi məşqçilər heyətinin üzvləri ilə də yeni müqavilələr imzalanıb.
44 yaşlı mütəxəssis “Arsenal”a 2019-cu ildən rəhbərlik edir. Bu, onun baş məşqçi kimi ilk işi olub. Arteta paytaxta gəlməzdən əvvəl “Mançester Siti”də Xosep Qvardiolanın köməkçisi kimi fəaliyyət göstərib. “Arsenal” onun rəhbərliyi altında 2025/26 mövsümündə İngiltərə premyer-liqasının qalibi olub. Komanda həmçinin ispaniyalı mütəxəssislə İngiltərə kubokunu və üç dəfə ölkə superkubokunu qazanıb. “Topçular” indi premyer-liqada 5 oyuna 12 xal toplamaqla turnir cədvəlində 2-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, Arteta yeni müqavilə imzaladıqdan sonra premyer-liqanın ən yüksək maaş alan məşqçisi olub. “The Times”ın məlumatına görə, o, bundan sonra mövsüm ərzində təxminən 20 milyon funt sterlinq qazanacaq. Bonuslarla birlikdə məşqçinin illik qazancı 25 milyon funt sterlinqə çata bilər. Xatlrladaq ki, Arteta əvvəlki müqaviləyə əsasən ilə 12 milyon funt sterlinq maaş alırdı. Bonuslarla birlikdə bu məbləğ 15 milyon funt sterlinqə çatırdı.
Yeri gəlmişkən, Arteta komandası ilə matçlar zamanı daha effektiv ünsiyyət qurmaq üçün peşəkar pilotlardan məsləhət almaq qərarına gəlib.
“The Telegraph” qızetinin xəbərinə görə, o, kritik vəziyyətlərdə pilotların bir-biri ilə necə əlaqə saxlaması ilə maraqlanıb. Arteta xüsusilə saniyələrin belə həlledici olduğu anlarda məlumatın necə qısa və dəqiq ötürüldüyünü öyrənmək istəyir:
“Mən bu şəxslərlə əlaqə saxlayacağam ki, onların necə ünsiyyət qurduğunu başa düşüm. Çünki bu, onlar üçün həyat və ölüm məsələsidi. Əminəm ki, hər şeyi bir sözlə demək mümkündüsə, 20 ifadə və ya 20 sözdən istifadə etmirlər”.
“Arsenal”ın çalışdırıcısı pilotların məşqçilər heyətinin ünsiyyətini də təhlil etməsini və futbolçulara məlumatın daha sürətli, aydın və lazımsız sözlər olmadan çatdırılması üçün tövsiyələr verməsini istəyir.






