Rekord var, amma uğur yoxdu

11.10.2026 12:57 63
Ölkə futbolu / Manşet
U-21 yığmamız Avropa çempionatının seçmə mərhələsində 10 xal toplamaqla rekorda imza atdı. İndiyə qədər maksimum 9 xalımız olmuşdu. Amma bu gerçəkdən rekorddumu?

Yığma 6 komandalı B qrupunu 5-ci pillədə başa vurub.  10 xalın necə toplandığına baxanda hər şey daha aydın görünür. Gənclər 10 oyunun cəmi ikisində qələbə qazanıb, 4 dəfə heç-heçə edib və 4 dəfə uduzub. Qələbələrin hər ikisi qrupun sonuncusu Cəbəllütariq üzərində qeydə alınıb: səfərdə 1:0, evdə isə 3:0. Yəni 10 xalın 6-sı qrupun ən zəif komandası ilə oyunlardan gəlib. 

İlk dörd pillədə qərarlaşan komandalar - Portuqaliya, Çexiya, Şotlandiya və Bolqarıstan ilə keçirdiyimiz 8 matçın heç birində qələbə qazana bilməmişik. Bu görüşlərdən yalnız 4 xal çıxara bilmişik.

Portuqaliyaya iki dəfə uduzmuşuq – 0:5 və 0:4. Çexiya ilə 0:5 hesablı məğlubiyyətdən sonra evdə 1:1 oynadıq. Şotlandiya ilə Bakıda 3:3 hesablı heç-heçə etdik, səfərdə isə 2:5 uduzduq. Bolqarıstanla hər iki qarşılaşma heç-heçə bitdi - 1:1 və 0:0. 
Bu rəqəmlər onu göstərir ki, U-21 yığmamız özündən yuxarıda qərarlaşan rəqiblərlə mübarizədə sabitlik nümayiş etdirə bilməyib. Ən yaxşı halda rəqibdən bir xal almaq mümkün olub. Halbuki 2-ci yeri tutan Çexiya 18, üçüncü Şotlandiya 17, dördüncü Bolqarıstan 14 xal toplayıb. Azərbaycanla 4-cü yer arasında 4, pley-off zonası arasında isə 8 xal fərqi yaranıb. 

Üstəlik top fərqi də var… Millimiz 10 oyunda 11 qol vurub, 24-nü buraxıb. Mənfi 13-lük top fərqi qrupdakı ən zəif göstəricilərdən biridi. Şotlandiyada da bu göstərici -13 olsa da, 3-cü pillədə qərarlaşıb. Bizdən daha aşağıda yalnız 2 qələbəmizi qazandığımız Cəbəllütariq -43 top fərqi ilə yer alıb. 
Yığma son turda Cəbəllütariqi məğlub etməklə xalını 10-a çatdırdı. Başqa sözlə, rekord məhz turnirin ən zəif komandası üzərində qazanılan ikinci qələbə ilə rəsmiləşdi. 

Baş məşqçi Rəşad Eyyubovun Cəbəllütariqlə oyundan sonrakı fikirləri ilə elə bu sayda tanış olacaqsız. Mütəxəssis Şotlandiya ilə səfərdəki 2:5 hesablı məğlubiyyətdən gileylənir. O, 10 xalı real vəziyyət baxımından yaxşı nəticə kimi qiymətləndirsə də, şəxsən mən belə düşünmürəm.
U-21-in tarixində ilk dəfə 10 xal toplaması rekord ola bilər, ancaq bu göstərici komandaya nə qrup ikinciliyi, nə də pley-off zonasına yaxınlıq bəxş etdi.

İSRAYIL XEYRULLAYEV