"Zirə" Misli premyer-liqasının 7-ci turunda evdə "Şamaxı" ilə heç-heçə etdi - 1:1.
"Football-plus.az" xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.
- Olduqca ağır oyun keçdi. Üç həftə idi matça hazırlaşırdıq. Futbolçulara deyirdik ki, gərgin və yorucu oyun olacaq. Elə də oldu. Birinci hissə bizim üçün uğurlu keçdi. Yaxşı epizodlardan istifadə edə bilmədik. İkinci hissədə rəqib uzaqdan zərbə vurdu. Ona qol epizodu da demək olmur. Ondan sonra hesabı bərabərləşdirdik. Yaxşı hücumlarımız var idi. Təəssüf ki, ikinci qolu vura bilmədik. Bu dövrdə ağır çətinliklər içərisində xal qazanmaq asan deyildi. Şükürlər olsun ki, ən azı 1 xal qazandıq.
- Milli fasilə sizə xeyir verdi?
- Təəssüf ki, bəzi oyunçularımız zədələndi. İssa Cibrilla və Quima sıradan çıxdı. İki həftədi ki, Papunaşvilinin temperaturu var idi. Hadisələr üst-üstə gəlir. Danışdıqca daha çox olur. Papunaşvili bir məşq edib, Ərən Aydın da. Məndən olsa, meydana buraxmazdım. Leqbonun da zədədən sonra ilk oyunu idi. Meydana buraxacaq oyunçu yox idi. Tendensiya davam edir. Qapımıza bir zərbə gəldi, o da qol oldu.
- Futbolçularınızın zədələnməsini nə ilə əlaqələndirirsiniz?
- Leqbonun çiyni çıxdı. Papunaşvili iki həftədi yatır. Cibrillanı Tovuzda 60-cı dəqiqədə dəyişdim ki, zədələnməsin. Millidə ikinci məşqdə zədələndi. Ktatunun sümüyü qırıldı. Qəribə hadisələr çox baş verir. Ardıcıl dörd ağır oyun keçirdik. Belə oyunlar oynadıqda problemlər yaşayırsan. Bəlkə də çətin qrafikdə həmin hadisələr üst-üstə gəldi. Edəcək bir şey yoxdu. Çalışacağıq ki, sağlam futbolçularla nəsə edək. Məcbur sistemi dəyişirik, başqa şeylər fikirləşirik. Leqbonu sol müdafiəçi kimi düşünürdük, Bayereni isə hücumda. Amma Leqbonu məcburiyyətdən önə atdıq.
- "Zirə" 6 oyuna 10 xal qazandı. Fasilədən sonra sabit nəticələr qazanacağınızı düşünmək olardı. "Şamaxı" qarşısında 2 xal itirildi. Növbəti turda ağır Gəncə səfəri var...
- Doğrudu. Biz də düşünürük ki, evdəki oyunlardan maksimum nəticə ilə ayrılmaq lazımdı. Amma rəqibləri bölmək olmur. "Şamaxı" da bu oyuna qədər gücünü göstərmişdi. Gəncədə isə bizi dolu tribuna qarşısında nələrin gözlədiyini bilirik. İstəmədiyim durumdayıq. Mövsümün əvvəlində başqa şeylərə hazırlaşmışdıq, amma başqa şeylər görürük. 8-9 zədəli futbolçumuz var.
- Anar Nəzirovun durumu nə yerdədi? Ondan istifadə etmək istəyirsiz?
- Anar karyerasını bitirmək istəyirdi. O, bu mövsüm üçüncü və köməkçi qapıçı profilindədi.
- İssa Cibrillanın durumu nə yerdədi?
- Zədələr məni o qədər yorub ki... İssa mesaj göndərəndə ki, zədələnmişəm, bilmədim nə fikirləşim. Çox yaxşı futbolçudu, istədiyimiz futbolçulardandı. Görünən odu ki, 2-3 həftə olmayacaq.
- Sabiq qapıçınız Tyaqo Silvanın atdığı addımı necə şərh edərdiz? "Zirə" kimi iddialı komandada "bir nömrə" idi, müqaviləni artırmaq istəmədi, sonda isə autsayder komanda olan "Şəfa"ya keçdi...
- Silva həm azarkeşlərin, həm də məşqçi heyətinin sevdiyi oyunçulardan idi. Ötən mövsümün bitməsinə 1-2 ay qalmış ona müqavilə təklif etmişdik. Gedənə qədər necə oldusa, imzalaya bilmədik. Bir az da düşünmək istədi. Biz də bildirdik ki, avrokuboklara hazırlaşırıq. 2-3 həftə vaxt istədi. Onu da başa düşürəm. Bəlkə daha yaxşı təklifləri var idi. Amma istəmirdik ki, bizdən ayrılsın. "Şəfa" kimi yaxşı komandaya keçib. Ona uğurlar arzulayıram.
- Turnir cədvəlinə "Sabah" və "Zirə" liderlik edir. Sabah "Qarabağ" da qalib gəlsə, liderliyə ortaq olacaq. Siz özünüzü bu mübarizənin harasında görürsüz?
- Yüksək pllələrdə olmaq üçün hər şey yaxşı olmalıdı. Hansısa problem olmamalıdı. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdı.
"İstəmədiyim durumdayıq" - Rəşad Sadıqov
Ölkə futbolu / Manşet






